Əsas Səhifə > Partiya, Güney Press > "Artıq Türkiyə düşüncə olaraq parçalanıb"

"Artıq Türkiyə düşüncə olaraq parçalanıb"


8-06-2015, 11:53
"Artıq Türkiyə düşüncə olaraq parçalanıb"
Demokratiya ən pis idarə üsuludur. Ancaq təəssüf ki, bəşəriyyət indiyə qədər ondan daha yaxşı üsul kəşf etməyib.
Bu sözləri bir zaman İngiltərənin sabiq baş naziri Uinston Çörçill seçkilərdə uduzarkən demişdi. O Çörçill ki, qələbəyə ümidləri böyük idi. Axı o Dünya müharibəsindən ölkəsini qələbə ilə çıxarmış bir siyasətçi idi. Ancaq xalq onu seçmədikdə məyusluqla həmin sözləri bildirmişdi.

Ötən gün Türkiyədəki seçkilərdə də məğlubiyyətə bərabər qələbə qazanan Ədalət və İnkişaf Partiyasının (AKP) mövqeyi də Çörçillin mövqeyinə çox bənzəyir.

Parlament seçkilərində çoxluğu itirən AKP-nin Konstitusiya Komissiyasının sədri Burhan Kuzu aşağıdakı sözləri deyib:

"Biz bu mənzərəyə layiq deyildik, millətə xidmətdən başqa heç nə etmədik".

Doğrudan da, son 13 ildə Türkiyədə hakimiyyətdə olan AKP qardaş ölkə üçün çox işlər görmüşdü. AKP dövrünün Türkiyəsi ondan əvvəlki Türkiyədən xeyli fərqlənirdi. Partiyanın əsas uğuru keçirilən islahatlarla bağlı idi. Bunun sayəsində xarizmatik lider Rəcəb Tayyib Ərdoğanın və partiyasının uğuru həm daxildə, həm də ölkə xaricində xeyli artmışdı. Siyasi islahatlar sayəsində ölkənin gücünü artıran AKP sosial islahatları ilə ölkə daxilində böyük nüfuza sahib ola bilmişdi. Son 13 il Türkiyə xarici borclarından tamamilə azad olub dünyanın ən güclü iqtisadiyyatına sahib 20 ölkəsindən birinə çevrilmişdi.

Yuxarıda sadalanan xidmətlər AKP üçün mütləq qələbə ümidi yaradırdı, ancaq olmadı. Ötən gün keçirilən seçkiləri AKP üçün Pirr qələbəsi və ya sonun başlanğıcı da saymaq olar.

İndiyə olan məlumata görə, seçkilərin nəticələri aşağıdakı kimidir:

Ədalət və İnkişaf Partiyası (AKP) 40.9%
Cumhuriyyət Xalq Partiyası (CHP) 25.0%
Milliyətçi Hərəkat Partiyası (MHP) 16.3%
Xalqların Demokratik Partiyası (HDP) 13.1%
Səadət Paartiyası 2.1%

Bu bölgələr artıq Türkiyənin deyilmiş kimi görünür

Seçkilərin nəticələri, sanki, Türkiyəni üç hissəyə bölüb. Ölkənin şərqində Diyarbəkir, Mardin, Van, Qars, Ərdəhan və kürdlərin kompakt yaşadığı digər bölgələrdə "Kürdlərin partiyası" kimi tanınan HDP qələbənin sahibidir. Ədirdnə, Çanaqqala, İzmir, Muğla, Tekirdağ kimi qərb bölgələrində Cumhuriyyət Xalq Partiyası (CHP) qələbə qazanıb. AKP isə ölkənin bütün mərkəzi bölgələrindən səs toplaya bilib. Seçki xəritəsinə baxdıqda da, şərq bölgələri artıq Türkiyənin deyilmiş kimi görünür.

Siyasətçilər və ekspertlər seçkilərin nəticələrinin ölkədə hakimiyyət böhranı yaradacağını deyirlər. Çünki belə bir tərkibdə koalisyon hökumət qurmaq mümkün olmayacaq.

Türkiyə məğlub oldu

Azərbaycanlı millət vəkili, Ümid partiyasının sədri İqbal Ağazadə Milli.Az-a açıqlamasında bildirib ki, güclü Türkiyə Azərbaycan üçün çox gərəklidir. Güclü Türkiyənin dünyada Azərbaycana verəcəyi nələrsə var, ancaq bu seçkilərdən Türkiyə olduqca zəif çıxdı.

"İlk dəfə idi ki, parçalanmış bir vəziyyətdə, etnik-milli konfliktlərin növbəti vüsət mərhələsi parlamentə daşındı. Türkiyə bu seçkilərdən uduzdu. Bu seçkinin nəticələri Türkiyəni yıpradacaq. Bu da Ərdoğan və komandasının neçə illər apardığı qeyri-sabit, Türkiyənin perspektivinə hesablanmamış, yalnız AKP hakimiyyətini qoruyan və ölkənin gələcəyini düşünməyən siyasətin nəticəsidir. Mən bütün bunlara təəssüf edirəm", - o əlavə edib.

Millət vəkilinin sözlərinə görə, AKP seçkilərdə 40.9% səs toplasa da, əslində məğlub olub.

"AKP seçkilərdə qələbə qazanmayıb. AKP-nin bugünkü məğlubiyyəti, Türkiyənin məğlubiyyətidir. AKP-nin təkbaşına qalib gəlməsi belə AKP tərəfdarı olmayanları sevindirərdi, nəinki bu nəticə. CHP, MHP və digər Türkiyə sevərlər AKP qələbəsindən sevinərdi, ancaq bu nəticədən heç kim sevinmir. Artıq Türkiyə düşüncə olaraq parçalanıb", - İ.Ağazadə bildirib.

Millət vəkili deyir ki, Suriya və İraqda baş verənləri nəzərə alsaq, biz görərik ki, bu, Türkiyənin gələcəyi üçün çox pisdir.

"Çünki Türkiyə uzun müddət apardığı siyasətdə də təklənmişdi. Elə dövlətlərə sığınıb siyasət aparır ki, o siyasətin nəticəsində Türkiyə uduzacaq. Azərbaycan belə bir məqamda yalnız dua edə bilər Türkiyə üçün", - Ağazadə qeyd edib.

Geri qayıt