Əsas Səhifə > Partiya, Güney Press > Əli Kərimli hətta yan-yörəsində belə özündən ağıllısını görmür...

Əli Kərimli hətta yan-yörəsində belə özündən ağıllısını görmür...


27-05-2015, 10:10
Əli Kərimli hətta yan-yörəsində belə özündən ağıllısını görmür...\
Əli Kərimlinin qısqanc davranışları, hətta öz yaxınlarına da bu münasibəti sərgiləməsi artıq heç kimə sirr deyil. Bu insan illərdir ki, özünəvurğunluq sindromundan əziyyət çəkir və görünən odur ki, hələ də bu bəladan qurtara bilməyib. O, müstəqil siyasətə qədəm qoyduğu gündən demək olar ki, ətrafında olanların, yol yoldaşlarının hamısı ilə sırf bu mövzu üzündən ayrılıb. Ə.Kərimlinin eqosu hər zaman tək qalmasına və dostlarının onu tərk etməsinə səbəb olub. Faktiki olaraq o, heç zaman qrup və xalq maraqlarından çıxış etməyib və həmişə yalnız özünü düşünüb. Dediyimizin sübutu kimi keçmişə qısa nəzər sala bilərik. Belə ki, Ə.Kərimli vaxtilə Mirmahmud Mirəlioğlu, Pənah Hüseyn və digərləri ilə də bu cür münaqişə yaşayıb. Xatırladaq ki, Ə.Kərimli Milli Şura yarandığından bir müddət sonra öz xislətini ortaya qoydu və qurumu AXCP-ləşdirmək planına start verdi. Bundan sonra M.Mirəlioğlu və tərəfdarları oradan uzaqlaşmağa qərar verdilər. Digərləri də demək olar ki, bu kimi səbəblərlə ondan ayrıldılar. İndi isə həmin aqibəti Cəmil Həsənli yaşayır. Bu barədə bu günlərdə AXCP-dən çıxarılan partiyanın Nərimanov rayon təşkilatının təşkilati məsələlər şöbəsinin müdiri Ağaşirin Tanrıverdioğlu məlumat verib. Əvvəlcə partiyadan uzaqlaşdırılma səbəbləri haqda danışan A.Tanrıverdioğlu Nərimanov rayon təşkilatında 28 May-Respublika Günü ilə bağlı müşavirə çağrıldığını və qərarın orada verildiyini söyləyib. Onun fikrincə, partiyadan kənarlaşdırılmasında AXCP sədri Ə.Kərimli və müavinləri təqsirkardır: “Həmin iclasda Gözəl Bayramlı qeyri-qanuni yolla müşavirəni Məclisə çevirdi. Heç bir əsas olmadan Əli Kərimlinin göstərişi, Fuad Qəhrəmanlı və Gözəl Bayramlının təkidi ilə məni partiyadan çıxardılar”.

A.Tanrıverdioğlu qeyd edib ki, qovulmasına əsas səbəb AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya qarşı çıxması olub. Çünki F.Qəhrəmanlı kəskin göstəriş verib ki, Milli Şuranın mitinqlərində C.Həsənlinin deyil, Ə.Kərimlinin adı çəkilsin: “Sonradan məlumat əldə etdim ki, Əli Kərimli Milli Şuranın sədri olmaq istəyir və partiyada sədrlik Fuad Qəhrəmanlıya keçir. Mən də buna qarşı çıxdığım üçün partiyadan kənarlaşdırdılar. Partiyanı məhkəməyə verəcəyəm. Onlardan 25 illik haqqımı tələb edəcəyəm”.

Qeyd edək ki, bu cür söz-söhbətlərin yayılması ilk dəfə deyil. Bir müddət öncə də belə xəbərlər yayılırdı ki, Ə.Kərimli sakit görünməyinə baxmayaraq, çox narahatdır. Buna səbəb isə əsas silahdaşı F.Qəhrəmanlının onun postuna iddialı olmasıdır. Belə ki, hazırda partiyada qalan tək-tük adamların əksəriyyəti gənclərdir. Onlardan isə ən aktivləri Natiq Ədilov və Əbülfəz Qurbanlıdır. Birinci mühacirətdə, ikinci isə o iddiada olmadığına görə yeganə namizəd F.Qəhrəmanlı hesab olunur ki, bu da sədrin narahatlığına səbəb olur. Çünki müavinin özünə maliyyə mənbəyi və etibarlı dayaq tapdığı söylənir. Gedişatdan belə görünür ki, AXCP-ni də digər parçalanmış partiyaların aqibəti gözləyir və bu, hətta qaçılmaz hesab olunur. Çünki üzvlər hazırkı sədrin eqoist davranışlarından, yarıtmaz siyasətindən, intriqa həvəskarı olmağından çoxdan beziblər. Bu isə onların ayrıca təşkilat yaradacaqlarını qaçılmaz edir.
\\ kaspi.az \\
Geri qayıt