Əsas Səhifə > Partiya, Güney Press > “Bizim savaşımız erməni xalqı ilə deyil"...

“Bizim savaşımız erməni xalqı ilə deyil"...


6-04-2015, 09:07
“Bizim savaşımız erməni xalqı ilə deyil"...
“Bu məsələyə yanaşmam müsbət deyil. Ona görə ki, bu məsələ fundamental olaraq həll edilməlidir. Bütövlükdə Dağlıq Qarabağ problemi həll olunduqdan sonra tam Azərbaycan vətəndaşlığı prinsipi qəbul olunduqdan sonra bu qərarı vermək olar”.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Milli Məclisdə Azərbaycan tərəfinə keçən ermənilərə vətəndaşlıq pasportunun verilməsi haqqında aparılan müzakirələrə münasibət bildirərkən deyib.

“Ermənilərə verdiyimiz Azərbaycan pasportu Azərbaycanın özü üçün ciddi problemə çevrilə bilər. Onlar bu pasportdan istifadə edib Azərbaycan əleyhinə açıqlamalar və bəyanatlar şəkilləndirə bilərlər. Bu da Azərbaycan vətəndaşlarının mövqeyi kimi ifadə oluna bilər. Təbii ki, bu, sadəcə bir təşəbbüsdür. Belə bir məsələnin Azərbaycan cəmiyyətində müzakirəsi müsbət haldır. Bunu top-tüfənglə qarşılamaq yanlış bir şeydir. Biz ortaq yol tapmaq üçün müxtəlif variantları gözdən keçirməliyik”.

Deputat ümumilikdə Milli Məclisdə belə bir məsələnin qaldırılmasının yanlış hal olmadığını, amma yenə də belə bir qanunun qəbuluna müsbət yanaşmadığını bildirib:

“Bu məsələnin qaldırılması müsbət haldır. Təkcə bu yox, cəmiyyətdə baş verən, xoşumuza gələn-gəlməyən bütün məsələlər müzakirəyə çıxarılmalıdır. O halda ki, biz doğru yolu tapa bilək. Yəni hər hansı bir variantı əvvəlcədən doğru, qalanları isə yanlış hesab etmək düzgün olmaz. Bizim üçün güzəşt kimi görünə bilən məsələ gələcəkdə stimullaşdırmaya gətirib çıxara bilər. Hər bir mövzunu müzakirə etməli və xeyrimizə olan variantı seçməliyik. Amma unutmamalıyıq ki, bizim savaşımız bütün hallarda erməni xalqı ilə deyil. Burada söhbət Rusiya kəşfiyyatı və ona işləyən erməni hərbi birləşmələrdən gedir. Sıradan erməni əhalisi orada hansısa problemi həll etmir. Bizim erməni əhalisinə statistika qoyaraq hansısa məsələni həll eləməyə çalışmağımız effektli olmaya bilər. Biz əsas bu işin arxasında duran dövlətlərin mövqeyinin dəyişməsini nəzərə almalıyıq. Bu baxımdan dinc əhaliyə indeksli bir siyasət hazırlanmasında yanlışa yol verə bilərik.

Amma belə bir qanunun qəbulu indiki şəraitdə düzgün olmaz. Bu ümummilli məsələdir. Bu məsələdə də hamı fikirlərini təbii ki, vətənpərvərlik mövqeyindən səsləndirir. Kiməsə bu fikirlərə görə qınamaq doğru deyil. Hər halda müzakirələrdən sonra doğru nəticəyə gəlmək daha uyğundur”.

Geri qayıt