Əsas Səhifə > Partiya, Güney Press > “Sözüm Zaur Qurbanlı və Rəşadət Axundovadır”

“Sözüm Zaur Qurbanlı və Rəşadət Axundovadır”


24-11-2014, 10:10
“Sözüm Zaur Qurbanlı və Rəşadət Axundovadır”
Oktyabrın 14-də prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxan keçmiş nidaçı Elsəvər Mürsəlli Hafta.az-a müsahibəsində hazırkı fəaliyyətindən danışıb. O, eyni zamanda, sosial şəbəkələrdə haqqında yazılan bir çox məsələlərə də aydınlıq gətirib.

Müsahibəni təqdim edirik:


- Həbsdən çıxdıqdan sonra hansı işlə məşğulsunuz?

- Azadlığa çıxdıqdan sonra bir ay istirahət etdim. Dost və qohumlarla görüşdüm. Birillik yorğunluğu bir ayda atmağa çalışdım. Artıq bir neçə gündür ki, işə düzəlmişəm. Xaçmaz Rayon Avtovağzalında mühasibəm. Gəncəm və gələcək həyatımı qurmağa çalışıram. İşlə bərəbər, eyni zamanda, universitetə də hazırlaşıram. Doğrusu əvvəl sosialogiya ixtisası üzrə təhsil almağı düşünürdüm. Lakin indi hesab edirəm ki, mühasibatlıqla bağlı təhsil alsam daha doğru olar. Mən Oğlaq bürcüyəm, inadçıyam. İstəyimə çatmaq üçün gecə-gündüz çalışmağa belə razı olaram. Təki, arzuma çatım.

- Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət etmisiniz. Bundan sonrakı siyasi fəaliyyətinizi orada davam etdirməyi düşünürsünüz?

- Yeni Azərbaycan Partiyasına keçməyimlə bağlı verdiyim açıqlama sosial şəbəkələrdə böyük səs-küy yaratmışdı. Hər kəs mənə yazırdı ki, bir yandan deyirsən ki, YAP-a üzv oluram, digər tərəfdən isə bildirmisən ki, siyasətdən çəkilirəm. Sual verirdilər ki, YAP siyasətlə məşğul deyil? Sizin vasitənizlə bildirirəm ki, hələ ki, siyasətdən çəkilmişəm. Çünki təhsil almağı düşünürəm. Ancaq YAP-a üzvlük üçün müraciət etməyim də doğrudur. Doğrusu hələ ki, vəsiqəmi almamışam, ancaq qəbul ediblər. Yeni Azərbaycan Partiyasının bu gün 6 yüz mindən çox üzvü var. Üzvlərin hər biri bəyəm siyasətçidir? O insanların içərisində həkim də var, müəllim də və digər sahələrdə çalışanlar da. Hansısa bir partiyaya üzv olmaq o demək deyil ki, sən aktiv siyasətlə məşğul olacaqsan.

- Bəs Yeni Azərbaycan Partiyasına üzv olmaqda məqsədiniz nədir?

- Mən üzvlüyümlə cənab prezidentimizə sədaqətimi göstərdim. Çünki bir çox səhvlər etməyimə baxmayaraq, o bunları bağışladı. Cənab prezidentə və onun ailəsinə özümün və yaxınlarımın adından çox dərin təşəkkürümü bildirirəm. Bütün gəncləri cənab prezident İlham Əliyevin ətrafında birləşməyə çağırıram. Çünki gün gələcək ki, onlar nə qədər böyük səhv etdiklərini anlayacaqlar. Həbsdə olan nidaçılar və qeyri-təşkilat üzvləri özləri də bilirlər ki, onlar öz təşkilatlarında kimlərinsə qurbanıdırlar. Sözüm əsasən həbsdə olan nidaçılar Zaur Qurbanlı və Rəşadət Axundovadır. Bu gün onlar Cəmil Həsənli, Əli Kərimliyə görə həbsdə yatırlar. Ailələri isə əziyyət çəkir. Rəşadətin bir yaşlı oğlu atasını arzulayır. Zaurun anasının gözü yaşlı qalıb. Ancaq onlar boş-boş xəyallarla kimlərəsə görə “dirəşirlər”. O, Əli Kərimliyə, Cəmil Həsənliyə görə bunları etməyə dəyməz. Çünki bu şəxslər indi öz ailələrinin yanındadırlar. Ancaq sizin ailələriniz əziyyət çəkir. Yazıqsınız, gəncliyinizə heyfiniz gəlsin. Əli Kərimli özü 2000-ci ildən adi bir partiyanın başqanıdır. 14 ildir ki, yerini heç kimə vermir. Görün prezident olarsa, nə edər. Əli Kərimli belə gəncləri mitinqə çağırandırsa, öz oğlunu nə üçün meydanlara gətirmir?

- Həbsdən çıxandan sonra N!DA–çı gənclərlə görüşdünüz?

- Nidaçılarla əlaqələrimi tamam kəsmişəm. Bir neçə dəfə zəng etdilər ki, gəl görüşək. Cavab verdim ki, mənimlə azadlıqda görüşən çoxdur. Siz mənimlə görüşmək üçün çox geçikmisiniz. Görüş türmədə dörd divar arasında olanda lazım idi.

- Kiməsə deyəcək fikriniz varsa, buyurun...

- Azərbaycanda olan inkişaf göz önündədir. Çalışıb müxalifətli, iqtidarlı bu inkişafı sürətləndirməliyik. 2015-ci ildə Bakıda Yay Olimpiya Oyunları keçiriləcək. Yəqin ki, müxalifət 2012-ci ildə olduğu kimi, yenə də biabırçılıq edəcək. Onu da deyim ki, bu cür böyük festivalda idman yarışlarında müxalifətin absurd mitinqləri iqtidarın imicinə deyil, Azərbaycan dövlətinin adına böyük zərbə vurur. Bu il müxalifət öz mədəniyyətsizliyini kənara qoyub, tək bir güc olaraq bu işdə dövlətə kömək olmalıdır. Bir də qeyd edim ki, bu gün ədliyyə işçilərinin peşə bayramıdır. Bu münasibətlə başda dostum, qardaşım Şüvəlan istintaq təcridxanasının rəisi Elnur İsmayılov olmaqla, onların hamısını təbrik edirəm. Eyni zamanda, bu gün onun ad günüdür. Bununla bağlı da onu təbrik edirəm.

Geri qayıt