Əsas Səhifə > Partiya, Güney Press > “Milli Şura hələ də vahid lider həsrətindədir”

“Milli Şura hələ də vahid lider həsrətindədir”


3-11-2014, 13:11
“Milli Şura hələ də vahid lider həsrətindədir”
“İnsanlar müxalifətin hətta birgə təşkil etdikləri mitinqlərə getməyə maraq göstərmirlər. Çünki onlara sərf etdikləri zamanı vaxt itkisi sayırlar”.

Bunu Hafta.az-a açıqlamasında millət vəkili Zahid Oruc Milli Şuranın 10 noyabrda keçirəcəyi mitinqə münasibət bildirərkən deyib. Milli Məclis üzvünün sözlərinə görə, Milli Şuranın bir ay tamam olmamış yeni aksiya keçirməsinin xüsusi səbəbləri var: “Bununla da müxalifəti düşdüyü ağır durumdan çıxarmağa çalışırlar. Amma bir fakt da var ki, hazırda Müsavat Partiyası ilə cəbhəçilər arasında soyuqluq özünün pik nöqtəsindədir. Müxalifətin bu iki partiyası müəyyən məsələlərdə də fikir ortaqlığı yarada bilmirlərsə bu o deməkdir ki, onların Azərbaycan cəmiyyətinə verəcəyi heç nə yoxdur”.

Zahid Oruc Milli Şura daxilində baş verənləri dəlillərlə isbat etməyə çalışıb: “Baxın, iyirmi gün əvvəlki mitinqlərə. Milli Şura “Müsavat”a kürsüdə yer ayırmamışdı. Bu da müsavatçıların narazılığına səbəb olub. Bundan başqa, ötən aksiya zamanı onların dediyinə əsasən yeddi min insan mitinqlərdə iştirak edib. Bu isə 3 milyondan artıq Bakı seçicisinin heç bir faizi eləmir. Gerçəklik budur”.

Parlament üzvü həmçinin vurğulayıb ki, hazırda Azərbaycan müxalifətinin keçirdiyi xırda toplanışları mitinq adlandırmaq olmaz: “Çünki ölkənin mərkəzində bu sayda insan toplamaqla onlar qarşısına qoyduğu heç bir məqsədə nail ola bilməyəcəklər. Bunun da səbəbi sahib olduqları kütlənin azlığıdır. Əgər onlar meydana 100-200 min insan çıxarardılarsa, hər hansı bir niyyətlərini kiməsə eşitdirə bilərdilər. Ən azından özləri üçün nəyəsə nail olmaq olardı. Onu da deyim ki, mitinqlərini keçirdikləri Məhsul stadionunun ərazisi yaxınlığında yaşayan sadə vətəndaş da onların çağırışlarına, danışıqlarına əhəmiyyət vermir. Artıq sadə insanlar da müxalifət sektasının hər hansı vədini dinləməyi vaxt itkisi hesab edir”.

Xatırladaq ki, Milli Şura Məhsul stadionunda noyabrın 10-da növbəti mitinq keçirəcəyini açıqlayıb. Yayılan xəbərə görə, aksiya üçün MŞ tərəfindən yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə icazə üçün müraciət ediləcək.

Geri qayıt