Əsas Səhifə > Partiya, Güney Press > Arif Hacılının müavini fraksiya yaratmaq istəyənlərə ismarıc yolladı

Arif Hacılının müavini fraksiya yaratmaq istəyənlərə ismarıc yolladı


30-10-2014, 09:57
Arif Hacılının müavini fraksiya yaratmaq istəyənlərə ismarıc yolladı
“Bu fraksiyanı yaratmaq istəyənləri xoş niyyətli hesab edə bilmərəm. Partiyanın daxilində fraksiya yaratmaqla nəyəsə nail ola bilməzlər”. Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı deyib.
O bildirib ki, məsələ ilə bağlı sadəcə mətbuatdan məlumat əldə edib.

“Siyasi partiyalarda bu kimi fəaliyyətlər nizamnamə ilə tənzimlənir. Ona görə də , nizamnaməyə uyğun olan bütün fəaliyyətlərə normal baxıram. Ümumilikdə, bu proses partiyanın işinə zərər vura bilməz və ya partiyada gərginlik yarada bilməz. Lakin mən hələ anlamıram ki, bunu yaratmaqda məqsədləri və niyyətləri, məramları nədən ibarətdir? Bu mənə hələ aydın deyil. Müsavat Partiyasında fraksiya yaratmadan da fəaliyyət göstərmək üçün şərait və imkanlar var və bundan sonra bu imkanlar daha da genişlənəcək. Fraksiya haqqında səslənən fikirlərdən çıxış edərək deyirəm ki, bu xoş məramdan xəbər vermir. Belə qənatə gəlirəm ki, bu xoş niyyətlə səslənmiş fikirlərə bənzəmir”.
S. Soltanlı fraksiya yaratmaq niyyətində olanları Müsavat Partiyasının strukturunda, seçkili orqanlarında yaxından iştirak etməyə səsləyib.

“Hazırda Müsavat partiyasının daxilində narahatçılıq yoxdur. Son zamanlar ictimai -siyasi fəaliyyətini əvvəlki qaydada davam etirir. Bundan sonra da artan xətt üzrə proses gedəcək. Arzu və təklif edərdim ki, həmin fraksiya yaratmaq arzusunda olanlar Müsavat Partiyasının fəaliyyətində yaxından iştirak etsinlər, daha faydalı işlər görsünlər. Yaxşı olardı ki, Müsavat Partiyasının ictimai-siyasi həyatına daxil olub birgə fəaliyyət göstərsinlər”.

Qeyd edək ki, Müsavat Partiyasının başqanlığına sabiq namizədi Tural Abbaslı qurum daxilində qurultaydan narazı qalanlardan ibarət fraksiya yaradılacağı barədə anons verib. Bu addımın reallaşacağı təqdirdə, partiya daxilində gərginliyin daha da artması haqqında fikirlər səslənir.

Geri qayıt