Əsas Səhifə > Partiya, Güney Press > “Müsavat öz siyasi kursundan imtina təhlükəsi ilə üz-üzə qalıb”

“Müsavat öz siyasi kursundan imtina təhlükəsi ilə üz-üzə qalıb”


13-10-2014, 12:53
“Müsavat öz siyasi kursundan imtina təhlükəsi ilə üz-üzə qalıb”
Müsavatçı Gənclər Təşkilatının sədri postundan istefa verdiyini, partiyadan ayrıldığını bəyan edən Əhliman Abbas oktyabrın 13-də “Media forum” saytının suallarını cavablandırıb.

Əhliman Abbas 1990-cı ildə Cəbrayılda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Böyük Britaniyada, Nyukasl Universitetində magistr təhsili alıb. 2011-cu ildən Müsavat Partiyasının üzvüdür. Müsavatçı Gənclər Təşkilatına 2013-cü ilin noyabr ayında sədr seçilib.

Əhliman Abbas Müsavat Partiyasının 27 sentyabr qurultayında başqanlığa namizəd olmuş Qubad İbadoğlunun tərəfdarıdır. Həmin qurultayda Arif Hacılı başqan seçilib.

- Oktyabrın 12-də istefa bəyanatı yaymısınız. Fikrinizdə qalırsınız?

- Bəli. Mənim istefamın çox ciddi səbəbləri var. Oktyabrın 12-də verdiyim bəyanatla kifayətlənə də bilərdim. Ancaq rayon təşkilatına istefa ərizəsi təqdim edəcəm. İndiki halda Müsavat Partiyasında yuxarı instansiyalara üz tutmağa ehtiyac görmürəm. Yeni başqan Arif Hacılını və Müsavat Məclisini legitim saymıram.

- İstefanızın əsas səbəbi nədir?

- 27 sentyabr qurultayında seçki pozuntuları olub. Amma istefamın səbəbi təkcə bu deyil. Müsavat Partiyasında siyasi etikadan, dəyərlərdən uzaq qrupun hegemoniyası var. Təşkilat öz siyasi kursundan imtina təhlükəsi ilə üz-üzə qalıb.

- Hər hansı bir kompromis, yəni partiyada qalmaq variantı mümkündürmü?

- İstefa qərarımı geri götürməyəcəm. Mənim üçün bu məsələ bitib.

- Bundan sonra siyasi fəaliyyətinizi necə davam etdirəcəksiniz?

- Mən öz hədəflərim və dəyərlərim uğrunda mübarizə aparacam. Fəaliyyətimin formasına dostlarımla müzakirələrdən sonra qərara verəcəm.


Geri qayıt