Əsas Səhifə > Partiya, Güney Press > Müsavat Partiyasının qurultayı təxirə salınacaq

Müsavat Partiyasının qurultayı təxirə salınacaq


16-09-2014, 10:35
Müsavat Partiyasının qurultayı təxirə salınacaq
Müsavat Partiyası qurultay hazırlıqlarına start verib.
2001-ci ildə partiya Nizamnaməsinə edilən dəyişikliyə görə, bir şəxsin iki dəfədən artıq başqan seçilmək hüququ yoxdur və qurultayın dörd ildən bir keçirilməsini nəzərə alsaq, İsa Qəmbərin başqanlıq limiti beş il öncə bitməli idi.
Müəyyən yollarla öz ömrünü uzatmağa çalışan Müsavat başqanı fakt qarşısında qalandan sonra nəhayət qurultayın keçirilməsinə razılıq verdi və başqanlığa yeni namizədlərin irəli sürülməsinə başlanıldı.
Bu məqamda xatırladaq ki, Etibar Məmmədov AMİP sədrliyindən gedib, partiya lideri elan olunanda İsa Qəmbər bunu “istefa mədəniyyətinin olmaması” kimi qiymətləndirmişdi. İndiki məqamda İsa Qəmbərin özünü lider elan etməsi və buna qol qoyması “taleyin ironiyası” olar və bu baxımdan Müsavat başqanı ən azından vaxtilə dediyi bir sözə görə, özü üçün yer buraxmayıb.
Qurultay öncəsi diqqətçəkən məqamlardan biri də başqanlığa iki əsas namizəd Arif Hacılı və Qubad İbadoğlunun güclərinin bərabər olması və İsa Qəmbərin bu iki şəxsin arasında siyasi manevr etməsi ilə bağlıdır. Müsavatın hazırki başqanının qardaşı Rövşən Qəmbərin “Başqan Qubad İbadoğlu olmalıdır” bəyanatı da bu xüsusda təsadüfi sayıla bilməz. Hər kəsin Arif Hacılının başqan olacağını gözlədiyi bir ərəfədə belə bir bəyanatın səslənməsi həm də qurultay nümayəndlərinə bir mesajdır.
Editor.az-a daxil olan ilginc informasiya da maraqlı məqamları ilə diqqət çəkir.
Partiya rəhbərliyinə yaxın şəxslərdən birinin verdiyi məlumata görə, hazırda Müsavatda ciddi qarşıdurma yaşanır və İsa Qəmbər daxili nifaq salmaqla öz ömrünü uzatmağa çalışır: “İsa Qəmbər bilir ki, heç bir siyasi perspektivi yoxdur. İndiki məqamda partiya rəhbərliyindən getsə, siyasi çəkisini tamamilə itirəcək. Bu mənada müəyyən gedişlər etməyə çalışır. Bilir ki, yalnız daxili nifaq, güclərin bərabər olması şərtində siyasi rəqabət yolu ilə guya parçalanmanın qarşısını almaq adı ilə öz ömrünü uzada bilər. Məhz buna hesablayaraq da partiyadaxili konfliktlərin əsasını qoyur. Belə rəy yaratmağa çalışır ki, İsa Qəmbərsiz Müsavat bir gün yaşaya bilməz və bu baxımdan onun başqanlıqda qalması zəruridir”.

Geri qayıt