Əsas Səhifə > Partiya, Güney Press > "YAP həmişə monolit olub, bundan sonra da belə qalacaq”

"YAP həmişə monolit olub, bundan sonra da belə qalacaq”


15-09-2014, 16:45
"YAP həmişə monolit olub, bundan sonra da belə qalacaq”
“Parçalanan, ziddiyyətlər yaşayan kimdir, haradadır? Bilirsiniz ki, bu gün müxalifətin daxilində gedən prosesləri cəmiyyətə tamamilə başqa cür təqdim etmək üçün onların başbilənləri başlayırlar Yeni Azərbaycan Partiyası haqqında qeyri-real fikirlər danışmağa”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov radikal müxalifətin ruporu olan mətbuatda YAP-da ziddiyyətlərin mövcudluğu barədə səsləndirilən iddialara münasibət bildirərkən deyib.

Siyavuş Novruzov vurğulayıb ki, hazırda YAP-ın sıravisindən tutmuş rəhbər şəxslərinədək hər kəs mütəşəkkil qaydada fəaliyyətini davam etdirməkdədir: “Bu gün YAP-da təmsil olunan 630 minin 630 mini də bir yerdədir! Həm onun Siyasi Şurası, həm İdarə Heyəti, hər bir partiya üzvü və hər bir rayon, şəhər təşkilatı mütəşəkkil qaydada fəaliyyətini uğurla davam etdirməkdədir”.

YAP rəsmisi qeyd etdiyinə görə, belə iddianı irəli sürənlər 20 ildən artıqdır ki, eyni fikirləri zaman-zaman ortaya atıblar, halbuki bu fikirlərin heç birinin məntiqi, mənası olmayıb: “Çünki YAP özülü təmiz və möhkəm qoyulan bir partiyadır. Təməli ümummilli liderimiz Heydər Əliyev kimi dahi bir şəxsiyyət tərəfindən qoyulan bir partiyadır. Əgər təməl möhkəmdirsə, onun üzərində qurulan təşkilat da əlbəttə ki, möhkəm olur.
Lakin bizim partiyaya qarşı sözügedən iddialarda bulunanların təşkilatları çürük təməl üzərində qurulub. Ona görə də yavaş-yavaş dağlıb getməkdədir. Bunlardan fərqli olaraq, bu gün YAP-da qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq gedir, bu istiqamətdə ciddi iş aparılır”.

Siyavuş Novruzov o cümlədən bildirib ki, əslində, YAP haqqında ortaya uğursuz fikirlər atanların özləri parçalanmaya məruz qaldıqları üçün həmin bu hallarını cəmiyyətdən, ictimai rəydən gizlətməyə çalışırlar: “Belə iddiaları irəli sürənlər həm də öz parçalanmalarını xalqdan gizlətməyə cəhd edirlər. Təbii ki, bu belədir. Bu gün Müsavatda qurultayöncəsi baş verənlər göz qarşısındadır. AXCP adlı qurum artıq yox səviyyəsindədir. Digərləri də həmin vəziyyətdədirlər. Onların heç birində nə partiya anlayışı, nə də ki, partiya sistemi ümumiyyətlə, yoxdur. Yəni beş-on nəfərin bu partiyaları özləri üçün maliyyə mənbəyi, siyasi divident vasitəsi kimi istifadə etmək cəhdindən başqa ortada heç nə yoxdur. Bu baxımdan, onlar istər-istəməz YAP haqqında belə fikirlər söyləməyə, iddialarla çıxış etməyə çalışacaqlar. Amma bunun heç bir mənası yoxdur. Çünki YAP həmişə monolit olub, bundan sonra da belə qalacaq”.

Millət vəkili müxalifətçilərin onun açıqlamalarından narahat olmalarına da münasibət bildirib. YAP rəsmisi bununla bağlı qeyd edib ki, onun fikirləri doğru və düz olduğu üçün açıqlamaları müxalifət liderlərini narahat edir: “Mən həmişə düz olanı deyirəm, ona görə də ciddi şəkildə narahat olmağa başlayırlar”.

Geri qayıt