Əsas Səhifə > Partiya, Güney Press > Müxalifət düşərgəsində yeni mandat qalmaqalı

Müxalifət düşərgəsində yeni mandat qalmaqalı


15-09-2014, 15:51
Müxalifət düşərgəsində yeni mandat qalmaqalı
ADP sədri Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimliyə qarşı sensasion ittihamla çıxış edib.

Avropa.info xəbər verir ki, Sərdar Cəlaloğlu "Yeni Müsavat" qəzetinə açıqlamasında Azərbaycan müxalifətinin indiyə qədər parlamentdə səsi eşidiləcək səviyyədə təmsil olunmasının qarşısını AXCP Əli Kərimlinin aldığını iddia edib

"Fazalı demokratiyanın mahiyyəti odur ki, inqilabla yox, iqtidarla müxalifətin razılaşdığı bir ssenari üzrə ölkədə müəyyən bir demokratikləşmə həyata keçirilsin. 2005-ci ildə beynəlxalq birlik tərəfindən müxalifətə məhz bu təklif edilmişdi. Qərb istəyirdi ki, əvvəlcə müxalifət parlamentdə fraksiya şəklində təmsil olunsun, Azərbaycanda bir siyasi mədəniyyət formalaşsın, iqtidar-müxalifət münasibətləri küçələrdə yox, parlament divarları arasında çözülsün və beləliklə də Azərbaycanda qansız-qadasız, tədrici demokratik dəyişikliklər, islahatlar reallaşsın.

ATƏT-in müşahidə missiyasının rəhbəri bizə təklif eləmişdi ki, 35 nəfər müxalifətdən, 35 nəfər hakimiyyət partiyasından deputat parlamentdə təmsil olunsun, qalan 55 deputat yerinə isə kim istəyir namizədliyini irəli sürsün və seçki mübarizəsi ilə həmin yerlərin sahibləri müəyyənləşsin. Bu təklif bizə veriləndə Əli Kərimli dedi ki, biz qəbul etmirik, çünki biz ən azı 70 deputat yerini əldə edəcəyik. Təklifi irəli sürən tərəf bundan sonra dedi ki, öz işinizdir gedin əldə edə bilirsinizsə edin. Nəticə isə bəllidir-2005-ci il parlament seçkilərində müxalifətdən 4-5 nəfər parlamentə düşə bildi. Qərblilərin təklif etdiyi variant Azərbaycanda tədrici dəyişikliklər üçün normal variant idi. Əli Kərimli bu variantın ölkədə reallaşdırılmasına imkan vermədi. Müsavat Partiyasının başqanı İsa Qəmbər isə qaragüruh dəstənin hücumlarından, ittihamlarından, şərləmələrindən ehtiyatlanıb Əli Kərimlinin mövqeyi əleyhinə getmədi. Beləliklə, faktiki olaraq müxalifət fazalı demokratiyadan imtina elədi. Qərb bundan sonra müxalifətdən belə demək mümkündürsə əlini üzdü. Nəticə etibarilə Azərbaycan müxalifəti gəlib indiki duruma düşdü."

Avropa.info-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə partiyasının və onun rəhbərinin heç bir zaman seçkilərdə yer bölgüsü təkliflərini qəbul etmədiyini bildirib.

"Azərbaycan Xalq Cəbhəsi heç zaman belə bir mövqeni qəbul etməyib. Biz hər zaman bütün sahələrədə şəffaflığın tərəfadarı olmuşuq. Partiyamız kimliyindən aslı olmayaraq istənilən bir şəxsin seçkilərdə yer bölgüsü ilə bağlı etdiyi təkliflərdə iştirak etməyib. Biz bunu doğru hesab etmirik. Parlament azad seçkinin nəticələrinə uyğun olaraq formalaşdırılmalıdır".

Geri qayıt