Əsas Səhifə > Partiya, Güney Press > “Əli Kərimlini məhkəməyə verməyəcəyəm”

“Əli Kərimlini məhkəməyə verməyəcəyəm”


13-09-2014, 12:59
“Əli Kərimlini məhkəməyə verməyəcəyəm”
"Mən heç maraqlanmıram ki, məni kim hədəf seçir, niyə seçir. Bu, məni hədəf seçənlərin dədə-baba metodudur”. Bu fikirləri SİA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin və yaxın ətrafının mətbuatda, eləcə də sosial şəbəkələrdə ona qarşı başladılmış qara PR kampaniyasına münasibətini bildirərkən deyib.

"Bu onların köhnə peşəsidir ki, onlarla olmayan düşərgədaşlarını qaralasınlar, bununla da özlərini təmizə çıxarsınlar”-deyən ADP sədri həmçinin bildirib ki, bütün bu kimi cəhdlər əslində, mənasız bir şeydir: “Hətta hesab edirəm ki, onlarda heç bir məqsəd-filan da yoxdur. Sadəcə başqalarını qaralayırlar ki, özləri hamıdan “işıqlı” görünsünlər, vəssalam!”.

Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimli başda olmaqla Milli Şuranın demokratik dəyərlərə sadiq olduqlarına inanmadığını deyib və buna görə də hədəf seçildiyini bildirib: “Şəxsən mən onları Azərbaycanın çağdaş problemlərini işıqlandırmamalarına görə, tənqid etdiyim üçün indi də başlayıblar məndən intiqam almağa”.

ADP sədri ona qarşı basqılar davam edirsə, AXCP sədrini məhkəməyə verməyəcəyini də deyib: “Qətiyyən bu barədə düşünmürəm. Məgər mən onun və ətrafının danışıb-yazdıqlarını məhəl qoyuram ki, sonra da gedim məhkəməyə verim?! Məgər Azərbaycan cəmiyyətində onların sözlərinə məhəl qoyanlar var?! Özləri kimi üç-dörd dənə qaragüruh insan yığışıblar, 88-ci ildən beyinləri dolub, elə həmin abu-havayla öz aləmlərində mənə və mənim kimi müxalifətçi partiya sədrlrərinə qarşı qara PR aparırlar. Ona görə də mənim Əli Kərimlini məhkəməyə verməyim sonradan onun sözlərinə məhəl qoymağım kimi anlaşıla bilər. Narahat -filan olmasın, Əli Kərimlini məhkəməyə-zada verməyəcəyəm”.

Geri qayıt