Əsas Səhifə > Partiya, Güney Press > Rauf Arifoğlu: “Bütün namizədləri dəstəkləyirəm”

Rauf Arifoğlu: “Bütün namizədləri dəstəkləyirəm”


9-09-2014, 14:08
Rauf Arifoğlu: “Bütün namizədləri dəstəkləyirəm”
Sentyabrın 27-də Müsavat Partiyasının qurultayı keçiriləcək. Gündəlikdə duran əsas məsələ başqan seçkisidir. Başqan olmağa əsas iddiaçılar Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı, Səxavət Əlisoydur. Müsavatın bir çox aparıcı üzvləri seçimlərini açıqlayıb. “Media forum” saytı “Kimi dəstəkləyirsiniz” sualını Müsavat Partiyasının üzvü, “Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğluya ünvanlayıb.

Rauf Arifoğlu deyib ki, hələ başqan seçkisində dəstəklədiyi namizəd yoxdur: “Başqanlığa iddialı bütün namizədləri dəstəkləyirəm. Hamısını namizədliyə layiqli bilirəm. Nümayəndəyəm və qurultayda iştirak etsəm, seçimi son günə də saxlamaq mümkündür. Amma seçimim olmasa, qurultayın seçdiyi şəxsi başqan kimi qəbul edəcəm. Hazırda isə şəxsən özümün dəstələdiyim biri yoxdur”.

Azərbaycanın ən qədim partiyası olan Müsavat sentyabrın 27-də 8-ci qurultayını keçirir. 1911-ci ildə qurulmuş Müsavat Partiyası indiyəcən 7 qurultay keçirib. Sonuncu qurultay 2006-cı ildə olub.

Müsavatın qurucusu və ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Arandır.

Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ilin noyabrında Bakıda bərpa olunub. İsa Qəmbər partiya başqanı seçilib. O, 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultaylarda da başqan postuna təsdiqlənib.

2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, sentyabrın 27-də keçiriləcək 8-ci qurultayda İsa Qəmbər başqanlığa namizədliyini verə bilməz.

Geri qayıt