Əsas Səhifə > Partiya, Güney Press > “İmitasiya üçün bələdiyyə lazımdırsa, onsuz da var"

“İmitasiya üçün bələdiyyə lazımdırsa, onsuz da var"


13-06-2014, 11:34
“İmitasiya üçün bələdiyyə lazımdırsa, onsuz da var"
Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsinə təxminən 6 aya yaxın vaxt qalıb. Amma nə siyasi arenada, nə də ki, cəmiyyətdə seçkiyə hazırlıq hiss edilmir. Zaman-zaman ictimai xadimlər bələdiyyə seçkilərinə marağın az olmasına səbəb kimi onların statusunun zəifliyini göstərir.

Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Hafta.az-a açıqlamasında bildirib ki, bələdiyyələrin vətəndaşların ictimai həyatında təsir imkanlarının artması üçün birbaşa siyasi iradə lazımdır:

“İmitasiya üçün bələdiyyə lazımdırsa, onsuz da var. Bu heç bir hüquqi olmayan, icra hakimiyyətlərinin alt qurumu olan bələdiyyədən söhbət gedir. Bizə praktiki olaraq yerlərdə insanların bürokratik əngəllərdən qurtulması lazımdır. Özləri idarəetmədə iştirak etsin ki, lokal səviyyədə liderlər üzə çıxsın və insanların problemlərinin həllində köməklik göstərsinlər. Buna heç bir imkan yoxdur. Bələdiyyələr formal bir qurum olaraq qalır. Partiyalar da sadəcə seçkidə iştirak etmək naminə burada təmsil olunurlar”.

F.Mustafa deyib ki, bələdiyyələrlə bağlı hüquqi bazada dəyişikliklər olmalıdır:

“Onlara maliyyə imkanları qazanmaq fürsəti verilməlidir. Artıq işıq, qaz, su, yol – hər şey mərkəzləşib. Bu halda bələdiyyənin edə biləcəyi heç bir iş qalmır. Bələdiyyə ancaq torpaq satışı ilə məşğul ola bilir, torpaq da qalmayıb. Ac-acına, işçinin maaşını verə bilməyən quruma çevrilib. Çox vaxt da hesablarına pul yatırılan kimi digər qurumlar boğazına çöküb, onu da tutub əllərindən alır. Vəssalam, bununla da bələdiyyə mənasız bir qurum kimi fəaliyyət göstərir”.

Millət vəkili builki seçkiyə qədər bu sahədə lazımi dəyişikliklərin olacağına ümid edir: “Ümid edirəm ki, bu sahədə hüquqi və siyasi baxımdan müsbət dəyişiklik olacaq. Azərbaycan elə bir yerdir ki, burada heç nəyi gözləmirlər. Hətta yol hərəkətində belə qarşıdan gələn hansı hərəkət edəcəyini də gözləməməlisən. Ümid etməlisən ki, ağıllı sürəcək”.

Fazil Musatafa deyib ki, Böyük Qurtuluş Partiyası üzvləri bələdiyyə seçkilərində iştirak edib öz namizədliklərini verəcəklər.

Xalq Partiyasının sədri Pənah Hüseyn də Hafta.az-a açıqlamasında bələdiyyələrin hazırkı durumunu qısa dəyərləndirib: “Bu gün bizdə ümumiyyətlə, sözün normal mənasında bələdiyyə yoxdur. Sadəcə, formal xarakter daşıyır”.

Geri qayıt