Əsas Səhifə > Partiya, Güney Press > “Gəncə hadisələrində Aypara ilk gündən Surətin yanında olub”

“Gəncə hadisələrində Aypara ilk gündən Surətin yanında olub”


9-06-2014, 10:17
“Gəncə hadisələrində Aypara ilk gündən Surətin yanında olub”
Gəncə hadisələrinin ildönümü günlərini yaşayırıq və istər o vaxt, istərsə də üstündən 21 il keçsə də elə günü bu gün də bəzi iddialara görə Surət Hüseynovun əsas məqsədi məhz Ayaz Mütəllibovu hakimiyyətə qaytarmaq imiş, ancaq Elçibəy bunu bilərək bu planı pozub və könülsüz də olsa Heydər Əliyevin Bakıya gəlməsinə razılıq verib.
Amma ASDP sədri Araz Əlizadə bu iddialarla razılaşmır. Onun Moderator.az-a açıqlamasına görə, ümimiyyətlə Ayaz Mütəllibovun bu hadisələrdən xəbəri olmayıb və bu barədə onu məhz özü məlumatlandıranda eks-prezident xəbəri eşidib bərk təəccüblənib:

“Həmin gün Moskvada idim. Orada bir “Qolf Klub” var, orada restoranda idim. Bir də gördüm ora Bakı Şəhər Polis İdarəsinin keçmiş rəisi rəhmətlik Bəxtiyar Əliyev gəlib. O mənə dedi ki, xəbərin var nə olub? Dedim yox, nə olub ki? Bildirdi ki, bəs Gəncədə belə hadisə baş verib. Mən orda ailəmlə oturmuşdum, ayağa qalxdıq və maşını sürüb gəldim evə və Zərdüştə zəng vurdum. O da dedi ki, bəli, Gəncədə belə hadisə baş verib. Təsəvvür edin ki, Ayaz Mütəllibovun da bu barədə qətiyyən heç bir məlumatı olmayıb. Ona bu barədə ilk dəfə mən məlumat verdim və o da bərk təəccübləndi. Mən dərhal təyyarəyə oturub Bakıya gəldim və yadınızdadırsa parlamentdə çıxışım oldu. İyunun 8-də isə Zərdüştlə mənə qarşı sui-qəsd oldu və Cəbhəçilər bizi öldürmək istəsələr də bacarmadılar. Əgər mənim adımı Xalq Cəbhəsini hakimiyyətdən salanların sırasında çəkirlərsə, bununla fəxr edirəm. Mənə vaxtilə ləzzət eləyən bir epizodu deyim. Əbülfəz Elçibəy Kələkidə olanda Türkiyənin NTV kanalına müsahibə verirdi, ondan soruşdular ki, sizi hansı partiyaların əliylə devirdilər? Cavab verdi ki, Milli İstiqlalçılar və Sosial Demokratlar . Jurnalist qayıtdı ki, onlar doğrudanmı belə güclü partiyalardır? Dedi ki, AMİP-dən fərqli olaraq ASDP-nin gücü yoxdur. Jurnalist də gülərək dedi ki, Allah, Allah, nasıl olur ki, gücü olmayan bir parti sizə darba yapır? Əbülfəz Elçibəy də dedi ki, bilirsiniz, onlar həmişə bic tərpənirdilər. Həmişə bizə ağıllı məsləhət verirdilər, bilirdilər ki, biz onun əksini edəcəyik. Biz də hər dəfə əksini edərək tələyə düşürdük. Gəncə hadisələrinə gəldikdə isə Zərdüştlə məndən fərqli olaraq Aypara Əliyev ilk gündən Surətin yanında olub. Çünki onlar qapıbir qonşu idilər. Həmin günlər Surətin atası rəhmətə getmişdi, Aypara onun yanında idi. Onun da sonrakı aqibətini bilirsiniz...”
ASDP sədri ümumiyyətlə həmin dövrdə onlarla AXC iqtidarı arasında çox soyuq münasibətlər olduğunu bildirdi:
“Bilirsiniz, Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra biz əvvəl konstruktiv müxalifət mövqeyindəydik. Bir çox təkliflərlə çıxış etdik, amma gördük ki, bunlar həm kar, həm də kordular. Bundan sonra mənim təklifimlə ASDP-nin növbədənkənar qurultayı keçirilirdi, mən orada təklif etdim ki, AXC iqtidarına barışmaz müxalifət mövqeyinə keçək. Zərdüşt və partiyanın sədr müavini olan rəhmətlik Aypara Əliyev də bunun əleyhinə çıxdı. Lakin bunların israrına baxmayaraq səs çoxluğu ilə mənim təklifim keçdi. Yadımdadır, rəhmətlik Ayapara Əliyev durub dedi ki, Araz bəy, bu, çox ağır qərardı ha, bir halda ki, qəbul elədik, gərək həyata keçirməyə başlayaq. Düzü, bu qərarın qəbulundan bizdə xeyli inciyənlər oldu. Çünki onların bir çoxu AXC-dən çıxmışdılar, onların bəzisi düşünürdülər ki, bunlara da vəzifə verəcəklər. Bu adamlar sonra yavaş-yavaş pariyadan uzaqlaşdılar. Bizsə dönüb olduq barışmaz müxalifət. Amma bizim topumuz yox, tüfəngimiz yox, barışmazlığımız kəskin tənqidimiz idi...”

Geri qayıt