Əsas Səhifə > Partiya, Güney Press > Azərbaycanda hakimiyyətə qarşı daha bir partiya yaradılır

Azərbaycanda hakimiyyətə qarşı daha bir partiya yaradılır


29-05-2014, 11:35
Azərbaycanda hakimiyyətə qarşı daha bir partiya yaradılır
“Respublika alternativi” vətəndaş hərəkatının eyniadlı partiyaya çevrilməsi prosesinə start verilib. Mayın 28-də bu partiyanın yaradılması üzrə təşəbbüs qrupunun təsis konfransı keçirilib.Tədbir Respublika Gününə həsr olunub.

Konfransda REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun təbrik müraciəti oxunub.

Hərəkatın İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli partiyanın proqram layihəsini təqdim edib.

Proqramda bildirilir ki, partiya Azərbaycan prezident respublikasından parlament respublikasına çevrilməsinə tərəfdardır.

İcra hakimiyyətini parlamentin formalaşdırdığı hökumət həyata keçirəcək. REAL həmçinin ölkənin inzibati-ərazi bölgüsünü dəyişdirmək niyyətindədir.

SSRİ dövründən qalan kiçik rayonlar üzrə indiki bölgü sisteminin əvəzinə regional, inzibati “El” (əyalət) yaradılması nəzərdə tutulur. Ölkə ərazisində 20 belə əyalətin yaradılması təklif olunur. Hər əyalətdə indiki rayonlardan 3-5-i yerləşəcək. Əyalətin tərkibində saxlanacaq rayon inzibati vahidlərin adları “oba” adlanacaq.

REAL ərazi islahatları altında öz partiya strukturunu da qurmaq niyyətindədir.

Əyalətlərin sayına görə partiyanın 20 regional məclisinin yaradılması nəzərdə tutulur.

İlkin təşkilatlar seçki dairələri (cəmi 125 dairə) üzrə yaradılacaq.

Partiya liderləri bu prinsipi seçki kampaniyasının effektiv keçirilməsi məqsədilə nəzərdə tutublar.

Həmçinin REAL hakimiyyətin desentralizasiyasına və səlahiyyətlərin bir hissəsinin regionlara verilməsinə tərəfdardır.

“El” rəhbərlərinin əhali tərəfindən seçilməsi nəzərdə tutulur. “El”in həmçinin xalq tərəfindən seçilən toplantısı olacaq.

REAL yerli hakimiyyətin bələdiyyələrə verilməsini təklif edir. Şəhərlərə əhali tərəfindən seçilən merlər rəhbərlik edəcək.

Xarici siyasətə gəlincə, REAL ölkənin Avroatlantik məkana inteqrasiyasına – ölkənin ÜTT, NATO və Aİ-yə daxil olmasına tərəfdardır.

Proqram liberal iqtisadi siyasətin aparılmasını, azad sahibkarlığın inkişafını, ekologiyanın qorunmasını, pulsuz səhiyyə və təhsilin olmasını nəzərdə tutur.

REAL hərəkatının icraçı katibi Natiq Cəfərli bildirib ki, ilin sonunadək REAL-ın 20 regional təşkilatının yaradılması nəzərdə tutulur. Onlar partiyanın təsis qurultayına nümayəndələr seçəcəklər. Təsis qurultayı 2015-ci il mayın 28-də keçiriləcək.

Paralel olaraq REAL 2014-cü ilin dekabrında keçiriləcək bələdiyyə və 2015-ci ilin noyabrında olacaq parlament seçkilərinə hazırlaşır.

REAL hərəkatının yaradılması 2008-ci ildə elan edilib. Hərəkat praktiki fəaliyyətə 2009-cu ilin yanvarında başlayıb.

REAL hərəkatının lideri İlqar Məmmədov 2013-cü il İsmayıllı hadisələri ilə əlaqədar 7 il azadlıqdan məhrum edilib. Mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi onun qanunsuz həbsi ilə bağlı şikayətini təmin edib, onun Avropa konvensiyasında təsbit olunmuş hüquqlarının pozulmasını tanıyıb.

Geri qayıt