Əsas Səhifə > Partiya, Güney Press > “Morninqstarın bəyanatına Ollandın səfəri səbəb oldu”

“Morninqstarın bəyanatına Ollandın səfəri səbəb oldu”


20-05-2014, 14:43
“Morninqstarın bəyanatına Ollandın səfəri səbəb oldu”
“Morninqstar bizə ağıl verincə, gedib Amerikada turbaların dibində yatıb, acından ölən zəncilərin qayğısına qalsın”.

Bu fikri Hafta.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, səfirin Azərbaycandan qovulması ilə bağlı səslənən fikirlərə qarşı çıxaraq vurğulayıb ki, bir şəxsin fikirlərinə görə iki ölkə arasında gərginlik yaratmaq doğru deyil:

“Bu, eyni zamanda, etika baxımdan da doğru hal deyil. Hər halda Morninqstar gərək Azərbaycandakı vəziyyəti doğru təsvir edərdi. Morninqstar Leyla Yunusun, Kərimov Əlinin ona yazdığı “danos”lar əsasında danışmamalıydı. O, ölkəmizdə olan inkişafı, həqiqəti qeyd etməliydi. Mən istəməzdim ki, Amerika kimi böyük bir ölkənin Azərbaycandakı səfiri cılız insanların fikirləri əsasında çıxış etsin. Bir səfirin müxbirin provokasion suallarına bu cür cavab verməsi yolverilməz haldır və Azərbaycan xalqına hörmətsizlikdir. Bununla bağlı biz partiya adında xüsusi bəyanat yayacağıq”.

Partiya sədri hesab edir ki, Morninqstarın bəyanatına bir neçə gün öncə Fransa prezidentinin ölkəmizə səfərinin də təsiri olub:

“Fransanın prezidenti Azərbaycana gələndə maliyyələşdirdikləri iki-üç satqınla görüşdü. Eyni zamanda, Leyla Yunusun fikirləri əsasında o da müxtəlif toplantılarda yanlış fikirlər səsləndirdi. Amerika səfiri də görünür müxalifətin bəzi satqın nümayəndələrinin fikirləri bazasında Azərbaycanı aşağılayan cümlələr işlədib. Amerika belə çox Azərbaycana kömək etmək istəyirsə, Dağlıq Qarabağ problemini həll etsin. BMT-nin dörd məlum qətnaməsi vardır, ancaq Amerika bu qətnamələrin yerinə yetirilməsi üçün heç bir təşəbbüs göstərmir. Sadəcə, onlar istəyirlər ki, hansısa satqın qüvvələri ölkəmizdə hakimiyyətə gətirsinlər. Buna isə biz yol verə bilmərik. Onun Azərbaycanı Ukraynaya bənzətməsi çox yanlış fikirdir. İndi mənə məlum oldu ki, Morninqstar nə üçün bizimlə görüşmürmüş. Demək ki, ona ancaq satqın müxalifət nümayəndələri lazımdır. Azərbaycan artıq müstəqildir və heç bir təzyiqlərə baş əyən dövlət deyil”.

Hafiz Hacıyev bildirib ki, Amerika səfiri Azərbaycan xalqından üzr istəməlidir:

“Qəmbərov İsanımı hakimiyyətə gətirməliyik ki, qalan torpaqlarımızı da ermənilərə versinlər? Morninqstar Azərbaycan xalqından üzr istəməlidir. Təbiidir ki, hər bir dövlətdə müəyyən nöqsanlar var. Ancaq buna yanlış don geyindirib, ictimailəşdirmək doğru hal deyil. Amerika hələ bu gün qarışıqlıq saldığı ölkələrin “başını yığa” bilmir. Ukrayna, Suriya və digər dövlətləri xaraba gününə qoyan Amerikadır. Amerikanın bu addımı beynəlxalq dairələr tərəfindən artıq pozuculuq kimi qiymətləndirilir”.

Geri qayıt