Əsas Səhifə > Partiya, Güney Press > “Yüksək məqamda olan məmurları başa sala bilməmişik ki...”

“Yüksək məqamda olan məmurları başa sala bilməmişik ki...”


14-05-2014, 11:13
“Yüksək məqamda olan məmurları başa sala bilməmişik ki...”
"Təəssüf ki, hələ də ölkədə yüksək məqamda olan məmurları başa sala bilməmişik ki, haqqı tapdalamaq, haqqı yemək nə qədər böyük günahdır”. Hafta.az xəbər verir ki, bu fikri millət vəkili Fazil Mustafa Nuri Paşa haqqında deyib. O bildirib ki, mayın 25-də saat 10:00-da Bakıda Şəhidlər Xiyabanında Qafqaz İslam Ordusu şərəfinə ucaldılan abidəni ziyarət edəcək:

“Nuri Paşanın qədrini bilən hər bir azərbaycanlını burada görməkdən məmnunluq duyacağıq. Onun Azərbaycana qədəm qoymasının ildönümünü qeyd etmək üçün bu tədbiri hər il ənənəyə çevirməyi düşünürük. Bu gün bu dövlət adına, millət adına şellənə-şellənə gəzən, danışan kimsələr hələ də qəbul etmək istəmirlər ki, Nuri Paşanın cəsarəti, qəhrəmanlığı olmasaydı, bu millətin də, dövlətin də aqibəti elə bir faciə içində olardı ki, bəlkə də mövcudluğumuz şübhə altında qalardı”.

Millət vəkilinin sözlərinə görə, Qarabağı itirməyimizin səbəbi tarixi şəxslərə qiymət verə bilməməyimizdir:

“Dünən İbrahim bəy adında bir heykəltəraş Nuri Paşanın abidəsinin eskizini gətirmişdi. Gözəl bir xatirə kompleksi nəzərdə tutulub. İzah etdim ki, Nuri Paşa obrazına dəyər verən bir millət olsaydıq, Qarabağı itirməzdik. Hələ ki, Azərbaycanda onun haqqını tanıyacaq hansısa rəsmi məqam yoxdur. Ancaq Səlahəddin Eyyubidən bir misal çəkdim. Uşaq vaxtı bazarda bir dülgərin minbər düzəltdiyinin şahidi olur. Camaat dülgərdən soruşanda deyir ki, bu Qüdsdə məscidin minarəsinin üzərinə qoyulacaq minbərdir. Hamı gülüşlə qarşılayır ki, hazırda Qüds xaçlıların işğalı altındadır, sən bunu ora necə aparıb qoyacaqsan. Cavab verir ki, mən bir dülgərəm, bacardığım bu idi, onu da etdim. Bir gün gələr bir qəhrəman da ortaya çıxıb Qüdsü işğaldan azad edər və bu minbəri minarənin üzərinə qaldırar. Bu söhbət uşaq Səlahəddinin yaddaşında qalır və illər sonra Qüdsü işğaldan azad edəndə həmin minbəri orada məscidin minarəsinin üzərinə qaldırar. Rəssam heykəltəraşa söylədim ki, siz də ümidsiz olmayın, öz bacardığınız işləri görün, inşallah Nuri Paşanın da haqqının tanınacağı, Qarabağın da işğaldan azad olunacağı zaman mütləq gələcək”.

Geri qayıt