Əsas Səhifə > Partiya, Güney Press > “Elçibəyi bir daha Kələkidən qayıdandan sonra görə bildim”

“Elçibəyi bir daha Kələkidən qayıdandan sonra görə bildim”


12-05-2014, 10:51
“Elçibəyi bir daha Kələkidən qayıdandan sonra görə bildim”
- Demədiniz ki, bu bəylər sizin başınıza oyun açacaqlar?

-Dedim bəy, mən sizin xətrinizi çox istəyirəm və siz çox böyük bir məsuliyyətin altına girmisiniz. Ölkədə vəziyyət olduqca pisdir, ətrafınızda olanların da gördüyünüz kimi hərəsi bir məzhəbə qulluq edir, siz filan-filan işləri eləməsəniz, aqibətiniz elə mənim kimi olacaq. Dedi, bəy çalışaram, amma bu çox mürəkkəb məsələdir. Dedim ki, mürəkkəb olsa da siz seçilmiş prezidentsiniz, bunu etməlisiniz. Qayıtdı ki, çalışarıq, görüşüb məsləhətləşərik. Mənə dedi ki, sizin xalq arasında nüfuzunuz böyükdür, mən də sizin xatirinizi çox istəyirəm, demokratik fikirli adamsınız, siz bizə həmişə lazımsınız, məsləhətinizə hər zaman ehtiyac duyacağıq- bütün bunlar Bəyin dediyi sözlər idi. Mən də dedim ki, həmişə sizə kömək etməyə hazıram, işləsəm də- işləməsəm də nə vaxt desəniz qulluğunuzda hazıram.

-Amma məsləhət almaq əvəzinə üzərinizə gəlməyə başladılar...

-İnauqurasiyanı gözlədimn. Amma məni çağırmadılar. Çox təəcübləndim ki, hər halda mən vermişəm bu hakimiyyəti bunlara. Mən də inauqurasiyada iştirak etməliyəm, hər şey bir yana, Ali Sovetin deputatıyam və prezidentin də andiçmə mərasimi Ali Sovetdə keçirilir. İnauqurasiya mərasiminin axşamı Gülşad Zərbəliyev zəng elədi ki, Yaqub müəllimn, təcili yanınıza gəlmək istəyirəm. Dedim xeyirdimi belə təcili? Dedi ki, qərarı gətirirəm. Dedim niyə tələsirsən ki, sonra gətirərsən. Dedi yox, elə özümün də sizinlə işim var, gəlib görüşmək istəyirəm.Gəldi institututa, görüşdük, İsa Qəmbərin imzası ilə həmin qərarı gətirmişdi ki, mən qanuna görə əvvəlki iş yerimə- İnstitutun rektoru vəzifəsinə bərpa olunuram. Bir az giley-güzar elədi, dedi vəziyyət çox çətin olacaq və kimin kimin kitabın oxuduğu bəlli deyil. Nə isə, bir az söhbətləşəndən sonra Gülşad çıxıb getdi. Bundan sonra mənə qarşı ağılagəlməz kampaniyalar başladı. Nəzarətlərində olan mətbuatda böhtan qalmadı mənə yağdırmayalar. İnstitutda da 5-6 adam tapdılar öyrətdilər, əleyhimə yazdılar-pozdular.

-Rektor kimi yenidən işə başlamısınız artıq...

-Heç qoydular ki, başlayım fəaliyyətə? Gələn gündən başladılar institutu qaynatmağa. Orda-burda cəbhəçiləri öyrətdilər, mənasız hay-küy qaldırdılar. Baxmayaraq ki, institutun kollektivi yığışaraq bu qaragüruhçuların layiqli cavabını verdilər, bu kampaniyadan 3-4 gün sonra səhiyyə naziri Rahim Hüseynov mənə zəng elədi və yanına dəvət elədi. Dedi təcili görüşməliyik, zəhmət olmasa gəlin nazirliyə. Durub getdim nazirliyə. Rahim müəllim çox bikef halda dedi ki, mənə sizi rektorluqdan azad etmək tapşırığı veriblər. Dedim ola bilməz, bu necə mümkün olan şeydir ki, bunu özləri məsləhət biliblər və heç mən hələ işə “bismillah” edib başlamamışam. Qayıtdı ki, mən sizə yalan demirəm ki, məni siz nazir təyin etmisiniz və hər zaman da sizə xüsusi hüsn-rəğbətim olub, mən sizə olanı deyirəm. Bİr də təkrar dedi mənə bərk-bərk tapşırıblar ki, sizi rektorluqdan kənarlaşdırım.

-Demədi ki, kim tapşırıb?

-Konkret kim olduğunu demədi. Sadəcə soruşdum ki, Elçibəyin bundan xəbəri varmı? Dedi ki, dəqiq bilmirəm, amma yəqin ki, xəbəri var, ölkə prezidenti odur. Etiraf etdi ki, ona bunu Elçibəy şəxsən deməyib, amma qəti şəkildə tapşırıblar ki, sizi rektorluqdan azad edim. Bildirdi ki, mən də çox çıxılmaz vəziyyətdə qalmışam, ərizəni yazın, ayrı nə vəzifə vermək mümkünsə mən sizə verim, amma rektorluqdan getməsəniz olmayacaq. Mən etiraz etdim ki, ərizə ilə işdən çıxası deyiləm. Heç onlardan başqa vəzifə də istəmirəm. Dedim sən tələsmə, mən çalışacam Elçibəyin özüylə görüşüb danışam. Axı necə ola bilər ki, mənə şəxsən Elçibəyin təşəbbüsü ilə bu vəzifə verilsin, bu gün də işdən kənarlaşdırmaq istəsinlər, bunu necə başa düşmək olar? Dedi yaxşı, onda xahiş edirəm, tezləşdirin, məsələnizi gedin həll edin, mən də bu gərginlikdən qurtulum. Amma nə qədər cəhd etsəm də Elçibəylə nə danışa bildim, nə görüşə. Getdim Ali Sovetə İsa Qəmbərin yanına, binaya içəri buraxsalar da gedib İsa ilə də görüşə bilmədim. Müxtəlif bəhanə ilə görüşdən boyun qaçırdı. Nəsə bu çox uzun söhbətdi və mənə qarşı kimlərin bu işdə canfəşanlıq etdiyi bəlli olsa da onu deməyə ehtiyac duymuram.

-Ərizə yazmadınız, heç kimlə də görüşə bilmədiniz, bəs sonra?

-Ardınca Səhiyyə Nazirliyindən institutua komissiya göndərdilər. Ortaya bir şey çıxara bilmədilər. Amma axşam televizorda elan elədilər ki, məni kollegiyanın qərarı ilə işdən çıxarıblar. Hətta bundan sonra çoxsaylı cəhdlər etsəm də məni qəbul etmədilər.

-Heç xeyirdə-şərdə də Elçibəyi, İsa Qəmbəri görə bilmədiniz ki, nə baş verdiyini soruşasınız?

-Elçibəyi bir də Kələkidən qayıdandan sonra görə bildim.

-Heç olmasa onda dedi ki, sizə qarşı niyə belə “lütfkarlıq” göstərilib?

-Kələkidən qayıdandan sonra məhz Elçibəyin təşəbbüsü ilə biz onunla 3-4 dəfə görüşüb çox ətraflı söhbət etmişik.

-Dedi ki, nə baş verib və onu kim yoldan çıxarıb?

-Dedi ki, sizdən çox üzr istəyirəm və çox böyük peşmançılıq hissi keçirirəm. Ətrafımdakı “dostlar”ım məni yoldan çıxardılar, sizin haqqınızda olmazın şeylərini uydurdular. Təbii ki, həmin adamların adını çəkdi, ancaq mən indi bunu deməyi artıq hesab edirəm. Etiraf elədi ki, mən qətiyyən sizin getməyinizə razı deyildim, amma məni inandırdılar ki, belə deyil, başqa cür olmalıdır.

-YAP-ın qurucularından olan Əli Nağıyev bu günlərdə Moderator.az-a verdiyi geniş müsahibədə sizinlə bağlı belə bir fikir işlədib ki, söz versəniz də AXC hakimiyyəti dönəmində Naxşıvana gedib Heydər Əliyevlə görüşməmisiniz.

-Bizim bu kabinetdə Əli Nağıyevlə dəfələrlə görüşümüz olub. Murtuz Ələsgərovun rəhbərliyi ilə Ali Sovetin qarşısnda piket təşkil olunmuşdu. Onların xahişi ilə mən həmin piketçilərin bir dəstəsini burda qəbul etmişəm. Sonradan Əli Nağıyevi görəndə yadıma düşdü ki, bu da həmin qəbuluma gələn adamların arasında olub. Ancaq ona qədər tanımırdım, çünki onda o universitertin adı müəllimi idi. Sonra onu Xəlil Xəlilov gətirib mənimlə tanış elədi. Üçlükdə burada xeyli söhbət etdik. O müsahibəsində Cahangir Hüseynovun adını çəkir, ancaq sonradan onunla Cahangiri bir yerdə qəbul etmişəm. Özü də söhbətimiz payızda olub, yəni mən vəzifədən-rektorluqdan çıxıb gəlib bu kabinetdə oturanda. Özü də söhbətimiz bu aspektdə olub ki, sessiya çağırıb Heydər Əliyevi hakimiyyətə gətirmək lazımdır. Bunun üçün də deputatların üçdə birinin imzasını toplamaq lazım idi. Bu məsələ ilə bağlı da mənə hələ Əli Nağıyevdən qabaq Samur Novruzov müraciət etmişdi və biz bu istiqamətdə də iş görürdük. Sonra mənim yanıma indiki deputat Eldar İbrahimov da gəlib-gedib. Bundan başqa mənim yanıma bu məsələ ilə əlaqədar Qüdrət Paşayev vardı, o zaman daxili işlər nazirinin müavini idi, sonralar da məhkəmə hakimi işlədi və rəhmətə gedib səhv etmirəmsə, o gəlib. Bunlardan başqa Dərbəndin icra başçısı vardı, Qurban Camaloviç idi deyəsən, indi də deyəsən onun oğlu Dağıstana rəhbərlik edir, həmin Qurban Camaloviç həmin məsələ ilə bağlı mənim yanıma gəlmişdi. Yəni Heydər Əliyevin yanına gedib-gələn adamlar mənim də yanıma gəlirdilər. Məqsəd də bu idi ki, AXC ölkəni idarə edə bilmir, ölkədə ciddi böhran yaşanır, bu problemi həll etmək üçün sessiya çağırmaq lazımdır, mənə də gəlib deyirdilər ki, sessiya çağırmaq üçün də sənin böyük nüfuzun var, deputatlar səni eşidir, onlarla iş aparmaq lazımdır ki, imza toplayaraq sessiya çağrılmasını tələb edək. Deyim ki, mən də bu prosesdə iştirak etmişəm. Türkiyəyə getmək söhbəti də yalnız Heydər Əliyevlə mənim aramda olub. Özü də hələ mən Ali Sovetin sədri olaraq prezident səlahiyyətlərini icra edəndə. Mən Heydər Əliyevdən xahiş etmişəm ki, gəlim Naxçıvana, bu problemləri müzakirə edək, bizə məsləhət versin. Dedim ki, siz təcrübəli adamsınız, deyin görək neynəyək? Onun da mənə cavabı bu olub ki, sən Naxçıvana gəlmə. Hətta demişəm ki, neytral bir yerdə, ya Türkiyədə, ya da Rusiyanın bir yerində gedib görüşək. Dedi ki, buna nə ehtiyac var? Müəyyən adamlar vasitəsilə sizinlə əlaqə saxlanılır, buna ehtiyac yoxdur. Mənə də bildirdi ki, sən öz işinlə məşğul ol və lazım olanda da məsləhətləşib problemləri birlikdə həll edərik. Yəni mən ölkənin birinci şəxsinin səlahiyyətlərini icra edərkən Heydər Əliyevlə mütəmadi əlaqəm olub. Naxçıvana bir də getmək məsələsi 93-cü ilin may ayında, Heydər Əliyevin 70 illik yubileyində olub. Telefonla təbrik etmişəm və teleqram da göndərmişəm. onda da demişəm ki, məsləhətdirsə gəlim. Yenə etiraz edib ki, hələ ehtiyac yoxdur. Əli Nağıyev növbəti görüşlərin birində mənə deyib ki, siz mütləq Naxçıvana getməlisiniz. Demişəm ki, Əli müəllimn, o zaman bunu təşkil edin, mən Naxçıvanın yolunu-rizini bilmirəm. Dedi ki, yaxşı, mən bilet təşkil edəcəm. Dedi ki, Fərəməz müəllimdə biletlər var, onunla əlaqə saxlayın və elə onun özüylə gedin Naxçıvana. Mən də Fərəməz müəllimlə yaxın dost idik, zəng eləmişəm ona, görüşmüşük. Gəlib evimizə, oturub çörək yemişik, demişəm ki, Əli müəllim belə məsləhət görüb. Qayıtdı ki, mən Naxçıvandan dünən gəlmişəm, Heydər Əliyevlə də bu barədə söhbətlərimiz olub, o da etiraz edib ki, Yaqub Məmmədovun bura gəlməsinin nə mənası var, proseslər Bakıda cərəyan edir, orda kömək eləsin, kifayətdir. Hətta Heydər Əliyev Fərəməz müəllimə də deyib ki, Yaqub müəllim mənə yaxın adamdı, onun bu məsələyə səmimi münasibətini bilirəm, qiymətləndirirəm. Bir sözlə, Fərəməz müəllim dedi ki, ola bilsin Əli müəllim kursda deyil, mən lazım bilmirəm getməyinizi. Sonra biz AMEA-nın Riyaziyyat İnstitutunda yaradılmış təşkilat komitəsində yığışmışıq. Mən olmuşam, Arif Rəhimzadə olub, Fərəməz müəllim və Əli Nağıyevin özü olub, Nəzir Əhmədov olub. Bir sözlə, 10-15 adam bu məsələ ilə ciddi məşğul olub.

-“91-lər”-i yaratmaqla bağlı?

-Bəli, bununla bağlı təşkilat komitəsi olub. Yəni o proseslərdə mən iştirak etmişəm və bunu da YAP rəhbərliyi hamısı bilib. Ola bilsin ki, Əli Nağıyevin bu prosesin bəzi epizodlarından xəbəri olmayıb. Bunu da mümkün hesab edirəm.

-Amma özünüz “91-lər”dən olmaq istəmədiniz...

-Necə ola bilərdim? Həmin vaxt mənə Respublika Prokurorluğundan xəbərdarlıq etmişdilər və lazım olsa mən bu xəbərdarlığı da göstərərəm ki, siz ölkədəki ictimai-siyasi prosesləri pozursunuz, gərginlik yaradırsınız, bu işlərdən əl çəkməsəniz və Heydər Əliyevlə bağlı irəli getsəniz, həbs olunacaqsınız. Ona görə də həmin siyahıdakı bir çox adamların adının ora düşməsində xüsusi təşəbbüsüm olsa da özüm dediyim səbəbdən orda olmamışam.

-Cəbhə hakimiyyətindən incik düşdüyünüzdən Heydər Əliyevin gəlməsi üçün səmimi olaraq çalışmısınız.

-Bəli, AXC hakimiyyətindən incikliyim bir yana, ölkəni idarə edə bilmədikləri də ilk gündən appaçıq görünürdü. Mənə qarşı da çox böyük haqsızlıq etmişdilər. Hər şey bir yana, məni Ali Sovetə və Prezident Aparatına buraxmırdılar. Məni içəri buraxdığına görə Prezident Aparatının qapısında dayanan polisi işdən çıxardılar. Mən belə bir hakimiyyətdən necə razı ola bilərdim?

-Adınızı o siyahıya salmasınız və əlinizdən gələni etsəniz də Cəbhəçilərin göstərdiyi biganəliyi YAP-çılardan da gördünüz...

-Özü də o siyahıda 91 nəfərdən qat-qat çox adam vardı, ixtisara salaraq 91 nəfərin üzərində dayanıblar.

-İstənilən halda yenə də oyundankənar vəziyyətdə qaldınız...

-Heydər Əliyev bunu çox yaxşı bilirdi. Hətta iyun ayının 9-da o Bakıya gələn kimi məni dəvət edib onunla görüşmüşük. Aramızda çox səmimi və qardaş söhbəti olub. Mənə də xüsusi təşəkkür edib. İndi aramızda olan söhbətlərin hamsını açıb deyəsi deyiləm ki. Onu da deyim ki, iyunun 15-də Heydər Əliyevin seçilməsində də mən fəal iştirak etmişəm. Həmin günü gecə ilə Heydər Əliyevlə təkrar görüşmüşük. Bundan sonra iyunun 16-da və 18-də də onun təşəbbüsü ilə görüşmüşük.

-Bəs nəticəsizlik nədən qaynaqlanıb o zaman?

-Onu da yalan məlumatlarla mənə qarşı köklədilər və fikrinin dəyişməsinə səbəb oldular.

-Sonradan heç vaxt həqiqəti çatdırmağa imkanınız olmadı?

-Sonradan dəfələrlə təşəbbüs oldu və mənə xəbər göndərdi ki, qəbul edəcəm, narahat olmasın.Hətta Rəsul Quliyev də bir dəfə dedi ki, onunla danışmışıq, sizi qəbul edəcək. Amma məni istəməyən məkrli adamlar Heydər Əliyevə yaxın adamlara yol taparaq münasibətləri korladılar.

-Bəs bu necə qardaşlıq idi ki, Heydər Əliyev kimi bir adam sizi təklikdə qəbul edib dinləməyi belə lazım bilmədi?

-Arada çox söhbətlər də olmuşdu, onu xırdalamğa ehtiyac yoxdur. Rəsul Quliyev 94-cü ilin yanvarın 4-də məni dəvət edib demişdi ki, Heydər Əliyev sizi qəbul edəcək. Demişdi ki, şəhərdə ol və bir yana getmə, sizi qəbul edərək harasa təyin edəcək. Ancaq bu xəbər də yalan çıxdı. Rəhmətlik Afiyyədinlə də münasibətim çox yaxşı idi və onunla görüşürdük. O mənə dedi ki, sənin haqqında kimsə gəlib bu kişiyə başqa məlumatlar veriblər ki, guya sən Mütəllibovu yenidən gətirmək üçün çalışırsan və bunun üçün hətta partiya da yaradırsan. Guya Əlikram Hümbətovla gedib Lənkəranda görüşmüşəm. Ona dedim ki, ay Afiyəddin, hər şey bir yana, sən necə bu cür uydurmalara inana bilirsən, heç belə də böhtan olarmı, Nə Mütəllibov, nə Əlikram Hümbətov? Sonra MTN rəhbəri Nəriman İmranov da mənə xəbər göndərdi ki, ay kişi, bu nə söhbətdir, sən niyə rahat oturmursan? Dedim axı neynəyirəm? Dedi gedib kişiyə ağılagəlməz şeylər deyirlər. Dedim bilmirsən ki, bütün bunların hamısı şər-böhtandır? Mən gözləyirəm ki, kişi məni qəbul edib bir işə göndərəcək, bunu gözləyən adam da gedib başqa işlərlə məşğul olarmı heç? Sonra Rəfael Allahverdiyev mənə xəbər göndərdi ki, Heydər Əliyevə gəlib deyirlər ki, sən Mərdəkanda Hacı Seyfəlin bağında Mütəllibovu hakimiyyətə gətirmək üçün müşavirə keçiririsən.Dedim bütün bunların hamısı böhtandır və imkan yaradın məni özü qəbul eləsin, mən onu inandırım ki, bunlar uydurmalardır. O da dedi ki, darıxma, axşam qəbul edəcək-sabah qəbul edəcək, ondan da xəbər çıxmadı. Məsələ belə dəqapalı qaldı...

-Görünür onu inandırmağa, daha doğrusu, aldatmağa nail olublar.

-Görün ona necə yalan məlumat veriblərsə mənə münasibəti dəyişib. Amma hətta mənim həbs olunmam məsələsi də olub və bildiyim qədər məhz Heydər Əliyev buna qəti şəkildə etiraz edib. Çünki o məni qardaşından çox istədiyini və mənim ona qarşı heç vaxt pis mövqedə olmadığımı bildiyini demişdi. Amma görün ki, bu insanlar onu da mənə qarşı necə kökləyə bildilər...

Geri qayıt