Əsas Səhifə > Partiya, Güney Press > “Milli Şuradan istefa barədə mövqeyimiz dəyişməyib”

“Milli Şuradan istefa barədə mövqeyimiz dəyişməyib”


5-05-2014, 10:25
“Milli Şuradan istefa barədə mövqeyimiz dəyişməyib”
“KXCP-nin Milli Şuradan istefa vermək barədə mövqeyi qüvvədə qalır. Yaranmış vəziyyətlə bağlı qurumda təmsilçiliyimizə yenidən baxacağıq”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu deyib.

Xatırladaq ki, Milli Şuranın sonuncu sessiyasında KXCP sədri Mirmahmud Mirəlioğlu quruma yeni üzvlərin qəbulu və AXCP sədri Əli Kərimlinin öz tərəfdarlarının üzvlük təklifinə etiraz olaraq partiyanın qurumdan istefa verdiyini açıqlayıb və iclası tərk edib. Bu addım Milli Şura üzvlərinin əksəriyyətinin etirazına səbəb olub. Sonradan KXCP Ali Məclisinin sədri Bəybala Əbil iclasa qayıdaraq qurumda qaldıqlarını bəyan edib.

Bundan sonra APA-nın əməkdaşı məsələni dəqiqləşdirmək üçün M. Mirəlioğlu ilə əlaqə saxlayıb və o, istefasının qüvvədə qaldığını deyib. Lakin B. Əbil Milli Şurada qaldıqlarını söyləyib.

Bir müddət sonra bəzi mətbu orqanlarda KXCP-nin istefa qərarını dəyişdiyi barədə məlumatlar yayılıb. Yaranmış vəziyyəti dəqiqləşdirmək üçün yenidən M. Mirəlioğlu ilə əlaqə saxlasaq da o, bu barədə danışmaq istəmədiyini bildirib.

X. Teyyublu isə APA-ya açıqlamasında bəyan edib ki, M. Mirəlioğlu sessiyada Milli Şuradan getməklə bağlı konkret mövqe qoyub və bu, partiyanın mövqeyi sayılır. Onun sözlərinə görə, partiyanın istefasından sonra Milli Şuranın sədri Cəmil Həsənli və digərləri KXCP-nin narazı olduğu məsələləri aradan qaldırdıqlarını deyərək partiya sədrindən qurumda qalmasını xahiş ediblər: “Bundan sonra Milli Şurada təmsilçiliklə bağlı yeni vəziyyət yarandı. Ona görə də partiyanın rəhbər orqanları Mili Şuraya qayıdıb-qayıtmamaq barədə müzakirələr aparmağa qərar veriblər”.

X. Teyyublu hazırda partiya sədrinin istefa ilə bağlı mövqeyinin qüvvədə qaldığını vurğulayıb: “Eyni zamanda düşünürəm ki, partiyanın əksər şöbələri və üzvləri partiya sədrinin bəyanat verib getməsini və yenidən geri dönməsini düzgün hesab etməzlər. Buna görə də müzakirələrə ehtiyac var”.

Geri qayıt