Əsas Səhifə > Partiya, Güney Press > Partiyalar təşviqata başlayıblar: hərənin öz vədi var

Partiyalar təşviqata başlayıblar: hərənin öz vədi var


9-08-2024, 14:00
Partiyalar təşviqata başlayıblar: hərənin öz vədi var
Bu gün sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başlayıb. Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4 və 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat avqustun 9-da başlanır, avqustun 31-i saat 08:00-da dayandırılır.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) da daxil olmaqla, ölkədə fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti növbədənkənar seçkilərdə namizədlərlə iştirak edirlər.

Təbliğat-təşviqat kampaniyasına hazır olduğunu deyən siyasi partiyalar seçicilər qarşısına hansı vədlərlə çıxdıqlarını da AYNA-ya açıqlamalarında qeyd ediblər.

Bütün seçki dairələrindən namizəd irəli sürmüş hakim YAP “Yeni dövrə Azərbaycanla!” şüarı ilə təbliğata başlayıb. YAP-ın əsas funksionerlərindən olan deputat Elman Nəsirov bildirib ki, “ölkənin avanqard partiyası olan YAP hər zaman siyasi proseslərin mərkəzində” dayanır: “Namizədlərimiz cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi kursunu əsas götürərək seçicilər qarşısına çıxır və səs istəyirlər. Həır yerdə YAP-ın namizədlərinə dəstək, sevgi hiss edirik. Əminəm ki, bu seçkilərdə də YAP xalqımızın dəstəyini qazanacaq. Biz inkişaf, tərəqqi və yüksək həyat sözü veririk və bu istiqamətdə də cənab Prezidentin başçılığı altında verilən sözlər yerinə yetirilir. Artıq namizədlərimiz namizəd olduqları dairələrdə təşviqata başlayıblar. Hər bir namizədimizə uğurlar arzulayıram”.

Seçkilərdə iştirak edən müxalif Müsavat Partiyasının Ali Məclisinin sədri Arif Hacılı deyib ki, təmsil olunduğu partiyası azad və ədalətli seçki mühitinin olmadığı şəraitdə bütün çətinliklərə baxmayaraq seçki marafonuna qoşulub: “İndiyədək ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən 25 seçki dairəsində namizədlərimiz qeydə alınıb. Namizədlərimiz sırasında ölkənin tanınmış siyasət və dövlət xadimləri, professor və elmlər doktorları, Qarabağ qazisi, şəhid atası, ixtiraçı alim və xalq təsərrüfatının müxtəlif sahələrində uğurlar qazanmış mütəxəssislər var. Biz çox qısa müddətdə davam edəcək seçki kampaniyası dövründə qeydə alınan namizədlərimiz, onların seçki komandaları və bütün mövcud resurslarımız vasitəsi ilə ölkədə olan ümumi siyasi ab-havanın dəyişməsinə, cəmiyyətin diqqətinin seçki prosesinə cəlb ediməsinə çalışmaq, arzusunda olduğumuz Azərbaycan haqqında planlarımızı hər kəsin diqqətinə çatdırmaq niyyətindəyik”.

“Yaxın günlərdə təhsil, səhiyyə, ədalət mühakiməsi sahəsində islahatlar, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması, pensiyaların, əmək haqlarının artırılması, uşaq pullarının verilməsi, quru sərhədlərin açılması, monapoliyalara son qoyulması, gənclərimizin kütləvi şəkildə ölkəni tərk etməsinə səbəb olan problemlərin həll olunması, bütün sahələrdə bərabər imkanlar şəraitinin yaradılması və başqa bu kimi mühüm məsələləri əhatə edən seçki plarformamız ictimaiyyətə təqdim ediləcək. Müsavat Partiyasının istinad nöqtəsi, dayağı, güvəndiyi güc mərkəzi yalnız Azərbaycan xalqıdır”, - deyə A.Hacılı əlavə edib.

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi Natiq Cəfərli bildirib ki, təmsil olunduğu partiya hələ ötən ildən seçkilərə hazırlaşıb: “Təvəzökarlıqdan kənar olsa da, REAL ən birinci seçkilərə hazırlaşan təşkilat olub. Ötən ilin dekabr ayının ortalarında bizim seçki qərargahı formalaşdırılmışdı. Bu günə qədər də ciddi fəaliyyət göstərmişik – həm şüarlarla bağlı, həm proqram və platforma ilə bağlı. Ölkədə ilk dəfə olaraq REAL partiyasının platforması ilə bağlı saytı fəaliyyət göstərir. Orada proqramımız yazılıb. İstənilən şəxs sayta daxil olmaqla platformamızla tanış ola bilər, təkliflərini verə bilər. İndiyədək minə yaxın təkliflər almışıq, onların qruplaşmasını aparmışıq, saytda da yerləşdirmişik. REAL təşviqat kampaniyasını artıq başladıb və namizədlərimiz onlara etimad göstəriləcəyi təqdirdə hansı işləri görəcəklərini, məqsədin, amalın nə olduğunu seçicilərimizə çatdıracaqlar”.

Ədalət, Hüquq və Demokratiya Partiyası (ƏHD) da seçkilərdə təşviqata başlayıb. Partiyanın sözçüsü Əli Zülfüqaroğlu deyib ki, ƏHD Partiyası 11 namizədlə növbədənkənar parlament seçkilərində iştirak edir: “Namizədlər təbliğat-təşviqat kampaniyasına tam hazırdırlar. Təbii ki, ƏHD Partiyasının namizədləri seçicilərlə effektiv iş aparmağa çalışacaqlar və seçki kampaniyasının uğurla aparılacağına əminik”.

Seçkilərdə namizədlərlə iştirak edən, Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokrat Partiyası da seçkilərdə təşviqat kampaniyasına start veriblər.

AYNA.az

Geri qayıt