Əsas Səhifə > Partiya, Güney Press > Rüstəm İbrahimbəyov Kremlin siyasətinə etiraz etdi

Rüstəm İbrahimbəyov Kremlin siyasətinə etiraz etdi


24-03-2014, 13:35
Rüstəm İbrahimbəyov Kremlin siyasətinə etiraz etdi
Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov “Qaynar.info”ya Rusiyanın Krıma müdaxiləsini şərh edib. O, Ukraynanın ərazi bütövlüyünün bu şəkildə pozulmasına qarşı olduğunu və eyni situasiya ilə bir gün Rusiyanın da qarşılaşa biləcəyini deyib.

"Mövqeyim Milli Şuranın bəyanatında aydın şəkildə öz əksini tapıb və Ukraynada da müzakirə olunub. Mən Ukraynanın ərazi bütövlüyünün saxlanılmasının tərəfdarıyam. Hesab eləyirəm ki, Rusiyanın ordu yeridərək Ukraynanın ərazi bütövlüyünə müdaxilə etməsi və ərazi bütövlüyünün dəyişdirilməsi yolverilməzdir və hətta bu hal bütün dünya üçün təhlükəlidir. Yəni istər Ukrayna, istər Azərbaycan, istərsə də Rusiya olsun, heç bir dövlətin ərai bütövlüyünə toxunmaq olmaz. Sabah belə bir təhlükə Rusiya üçün də yarana bilər. Ona görə də mən buna kəskin şəkildə etiraz edirəm", - deyə İbrahimbəyov qeyd edib.

Xatırladaq ki, Milli Şura Ukraynada baş verən hadisələrlə bağlı martın 12-də bəyanat yayıb. Bəyanatda bildirilir ki, Rusiya öz hərbi qüvvələrini Krımdan çıxarmalı, Krım ətrafında baş verən hadisələr dinc yolla nizama salınmalı, problemin həllində beynəlxalq hüququn və beynəlxalq münasibətlərin universal prinsiplərinin rəhbər tutulmalı, Ukraynanın ərazi bütövlüyü əsas götürülməlidir.

Geri qayıt