Əsas Səhifə > Partiya, Güney Press > "Məncə, hələ Əfv Komissiyasını ləğv etməyin vaxtı çatmayıb"

"Məncə, hələ Əfv Komissiyasını ləğv etməyin vaxtı çatmayıb"


31-05-2024, 11:45
"Məncə, hələ Əfv Komissiyasını ləğv etməyin vaxtı çatmayıb"
“Məhkumların cəzadan vaxtından əvvəl azad olunması və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz olunması məsələsinə konstitusiya ilə ədalət mühakiməsini həyata keçirən orqan məhkəmələr olmalıdır. Bunun üçün qanunvericilikdə hüquqi mexanizmlər var. Xüsusi hallarda Prezident öz müstəsna səlahiyyətindən istifadə edib prezidentliyi dönəmində xalqımız qarşısında xüsusi xidmətləri olan bir-iki nəfəri cəzadan azad edə bilər. Düşünürəm bunun üçün Əfv Komissiyasına da ehtiyac yoxdur və bu komissiya ləğv olunmalıdır”.

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Xalqcebhesi.az saytına müsahibəsində belə deyib.

Q.Həsənquliyev onu da əlavə edib ki, əfv etmək hüququndan geniş istifadə olunmamalıdır: “Ölkəmizin həyatında əlamətdar hadisə baş verərsə, Milli Məclis tərəfindən amnistiya aktı qəbul oluna bilər. Çoxsaylı əfvlər və amnistiyalar dövlətin cəza siyasətinə zərər vurur və birmənalı olaraq humanizm aktı kimi qəbul olunub alqışlana bilməz”.

Qüdrət Həsənquliyevin deputat həmkarı, Böyük Quruluş Partiyasının sədri, Əfv Komissiyasının üzvü Fazil Mustafa indiki vaxtda komissiyanın ləğvini doğru saymır: “Hüquqa baxışda, ümumiyyətlə, fərqli fikirlər hər zaman mövcuddur. Hansısa bir mexanizmin gərəkli olub-olmadığını hüquqşünaslar mübahisəli şəkildə həll etməyə çalışırlar. Burada da fərqli fikirlər normal qəbul olunmalıdır. Əfv institutu başqa ölkələrdə də var, amma bəzilərində də yoxdur. Çünki məhkəmə proseduru vasitəsilə bu proses həyata keçirilir. Amma əfvin amnistiyadan fərqi odur ki, burada fərqli qaydada yanaşma imkanı əldə olunur. Bunu da əslində komissiyanın həll etməsinin məqsədi var. Belə ki, Prezidentin detallarına qədər hər hansı bir şəxs barəsində məlumat əldə etmə imkanları olmadığına görə, digər tərəfdən həm də burada hansısa bir bürokratik aparatın maraqları əsas götürülərək kiminsə siyahıya salınıb-salınmaması baş tutmasın deyə parlament, ictimaiyyət nümayəndələri, QHT-lər bu prosesə cəlb olunurlar. Buna indi hər hansı bir şəkildə lazımsız institut kimi baxılmasını doğru hesab etmirəm. Ona görə ki, amnistiya bütövlükdə maddə üzrə azadlıqdan məhrum edilmiş şəxslərin azadlığa çıxması mənasına gəlir. Burada da çox vaxt fərdi xüsusiyyətlər nəzərə alınmır. Amma əfv fərmanında bunu nəzərə almaq daha rahatdır və uyğundur. Digər tərəfdən, bu prosesdə geniş müzakirələrin aparılması, demokratik, səsvermə yolu ilə kimlərin əfv olunması imkanı yaranır. Prezident üçün də rahat şəkildə kimləri əfv etmək şəraiti formalaşır. Bu baxımdan, fikrimcə, komissiyanın fəaliyyətinin ancaq faydası ola bilər. Çünki amnistiya bizdə çox nadir hallarda verilir. Belə bir vəziyyətdə ildə bir dəfə əfv sərəncamının imzalanması hansısa bir şəkildə daha çox bəzən ağır məhkəmə hökmü ilə cəza çəkməyə məhkum edilmiş şəxslərin, bəzən də subyektiv mülahizələrlə hansısa bir problem yaşamış insanların, ailələrin vəziyyətini yüngülləşdirməyə xidmət edən bir yoldur. Hər halda, bu da bir mövqedir. Amma bu kimi hallarda məhkəmə praktikasında da bir çox məsələlərin həlli daha çox rahatdır. Bəlkə də buna gələcəkdə baxmaq olar. Artıq məhkəmələrin qərarları barədə şübhə olmadıqda, daha rahatlıqla məhkəmələr bəraət hökmləri çıxararlarsa, yaxud da hansısa bir şəkildə təzyiq altında olmadan qərarlar qəbul edərlərsə, o zaman artıq bəlkə də belə bir instituta gərək qalmaya bilər. Amma indiki vəziyyətdə əfv mexanizmi həm də məhkəmənin yaratdığı problemləri yumşaltmağa, bir az da onun fəsadlarını ortadan qaldırmağa faydalı ola bilir. O baxımdan da, məncə, hələ Əfv Komissiyasını ləğv etməyin vaxtı çatmayıb. O, irəlidə məhkəmə institutunun hamını qane edəcək səviyyədə ədalət mexanizminə çevrilməsindən sonra baş tuta bilər”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deputatın fikirləri ilə tam razılaşır: “Qüdrət bəy düz deyir. Daha çox ədalətli məhkəmə olmalıdır. Bu, məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, həbsdə jurnalist blogerlər, siyasi motivlərlə həbs olunanlar var ki, onları həbs etmədən cərimələyib azadlığa buraxa bilərlər. Ən xoşagəlməz məsələ odur ki, sadə insanlar da qanunu pozan məhkəmələr tərəfindən həbs olunur. Biz hamımız siyasilər həbs olunanda səs-küy salırıq, amma sadə insanları unuduruq. Onun üçün də hər kəsdən xahiş edirəm ki, bundan sonra ancaq mübarizəmizi ədalətli və qanuni məhkəmə tələbi ilə aparaq. Buna da sizlərin köməyi çox lazımdır. Yəni məsələni ictimailəşdirmək, deputatlardan və insan haqları ilə məşğul olan şəxslərdən fikir öyrənmək sizlərin daha çox işidir. Həbsdə olan ömürlük məhbuslar var ki, onların məsələsinə baxılmalıdır. 20-25 ildən çoxdur ki, həbsxana həyatı yaşayırlar. Əgər islah olunublarsa, niyə azad olunmurlar? Həbsxanada müharibədə iştirak edən OMON-çular - Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov var ki, 30 ilə yaxındır cəza çəkirlər. "Qarabağ partizanı" adı ilə tanınan Məmməd Məmmədov və s. var. Onlar azad olunmalıdırlar. Hələ təsadüfən əlindən qəza çıxan insanlar da var ki, onları demirəm. Bir daha deyirəm, Qüdrət bəy düz deyir, komissiya ləğv olunmalıdır. İşlərə ədalətli məhkəmə-konstitusiya ilə ədalət mühakiməsini həyata keçirən məhkəmə baxmalıdır".

Geri qayıt