Əsas Səhifə > Partiya, Güney Press > "Fransanın hər vəclə özünü Cənubi Qafqaza soxmağa çalışması bu danışıqları ləngitdi"

"Fransanın hər vəclə özünü Cənubi Qafqaza soxmağa çalışması bu danışıqları ləngitdi"


6-01-2024, 10:19
"Fransanın hər vəclə özünü Cənubi Qafqaza soxmağa çalışması bu danışıqları ləngitdi"
"Azərbaycan Vətən müharibəsindəki qələbəsindən sonra ilk olaraq Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflər göndərdi".

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov "Cebhe.info"-ya açıqlamasında deyib.

O qeyd edib ki, 5 baza prinsipindən ibarət olan bu paketdə sülh müqaviləsinin imzalanması üçün bütün parametrlər nəzərdə tutulub:

"Ermənistan isə ötən 3 il ərzində bu və ya digər formada yalnız prosesi ləngitməyə cəhd göstərdi. ABŞ, Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlərdə dəfələrlə Azərbaycanın təklif etdiyi 5 baza prinsipi müzakirə olundu. Bir çox irəliləyiş əldə olunsa da, Ermənistanın, əsasən də Fransanın qeyri-konstruktiv yanaşması və hər vəclə özünü Cənubi Qafqaza soxmağa çalışması bu danışıqları ləngitdi".

Millət vəkili bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı bir neçə variantın olması nəzərdən keçirilir:

"Rəsmi İrəvanın 2023-cü ilin sonuna qədər sülh müqaviləsi imzalaya biləcəklərini deməsinə baxmayaraq, onların yarıtmaz siyasəti nəticəsində ötən il də sülh müqaviləsi imzalanmadı.

Azərbaycan bu məsələnin həllini tapması üçün 2024-cü ildə də bütün vasitələrdən istifadə edəcək. Rəsmi Bakı hər zaman qeyd edib ki, səmimi münasibət varsa, sülh müqaviləsinin harada imzalanmasının fərqi yoxdur. Əsas odur ki, səmimi münasibət olsun və sözün əsl mənasında sülhə xidmət edən müqavilə imzalansın.

Amma Azərbaycan əsasən iki ölkənin vasitəçisiz olaraq bu məsələni öz aralarında həll etməli olduğunu da bəyan edir. Hesab edirəm ki, bu, ən doğru və düzgün qərar olardı. Çünki indiyə kimi vasitəçilərlə olan məsələlərin 30 ilə yaxın zərərini gördük. Onlar sadəcə bu münaqişəni dondurmağa çalışdılar. Nəticədə Azərbaycan özü bu məsələni həll etdi".

Vüqar İskəndərov hesab edir ki, 2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər:

"Düşünürük ki, 2024-cü ildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanması üçün imkanlar var. imzalanması üçün bir ümid var. Tərəflər heç bir vasitəçi olmadan da bütün məsələləri həll edə bilərlər.

Ermənistan bu məsələdə səmimi olmalı, rasional siyasət ortaya qoymalı və digər gücləri prosesə müdaxilə etməyə imkan verməməlidir. Ümumiyyətlə, 2024-cü il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün çox yaxşı fürsət ola bilər".

Geri qayıt