Əsas Səhifə > Partiya, Güney Press > “Hadisələrin necə inkişaf etməsinə rəğmən artıq Rusiya məğlubdur...”

“Hadisələrin necə inkişaf etməsinə rəğmən artıq Rusiya məğlubdur...”


5-01-2024, 12:04
“Hadisələrin necə inkişaf etməsinə rəğmən artıq Rusiya məğlubdur...”
“Rusiya Ukraynaya təcavüz edəndən sonrakı ilk vaxtlardan ədalət hissini itirməməmiş bütün insanlar qəti əmindirlər ki, Kreml bu savaşda birmənalı şəkildə məğlubdur. Hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq Rusiya məğlubdur. Artıq Putin rejimi öncə işğalçı olmağına, ədalətsiz müharibə apardığına, başqa bir dövlətə qarşı əsassız torpaq iddialarına görə, bütövlükdə nəzərdə tutduğu azğın planları həyata keçirə bilmədiyinə və bütün bunlar dünya tərəfindən təsbit olunduğuna görə uduzubdur. Ancaq bu proses hələ bir müddət davam edəcək”.

Bu fikirləri Moderator.az-a açıqlamasında “Sizcə, 2024-cü ildə Rusiya-Ukrayna savaşı bitəcəkmi?” sualını cavablandırarkən Klassik Xalq Cəbhəsi partiyasının sədri, istiqlalçı deputat Mirmahmud Mirəlioğlu ifadə edib.

“Bəzilərinin gözləntiləri bu idi ki, Rusiya tezliklə darmadağın olacaq. Düzdü, bu imperiya doğrudan da darmadağın dağılmalıdır. Məhz bunun qarşısını dalmaqdan ötrü Rusiya ərazisindəki türk qövmlərinə məxsus muxtar qurumlar, respublikaların əvvəllər qismən əldə olunmuş azadlıq, müstəqillik hüquqları artıq Putin rejimi tərəfindən ləğv edilərək tarixə qovuşur. Və s. və. i.a. Eyni zamanda görünən odur ki, dünya gücləri Rusiyanı tamamilə diz çökdürmək niyyətində deyil. Sadəcə, bu dövləti tam zəiflədilmiş şəkildə saxlamağı planlaşdırırlar. Təəssüf ki, İran Anti-İslam Cümhuriyyəti ilə bağlı da planlar belədir. Bu baxımdan Ukraynadakı savaş və digər proseslər hələ davam edəcək. Çünki dünyanı idarə edən dövlətlərin, xüsusən də ABŞ, Avropa və Çinin bu məsələlərdə xüsusi plan və məqsədləri var. Bəzi dövlətlər gözləmə mövqeyindədir, digərləri isə, təəssüf ki, ədalətsizliyi müdafiə etməkdədir... Bütün bunları nəzərə alaraq 1950-1960-cı illərdən başlanmış bu münaqişə və böhranların 2024-cü ildə həllini tapacağı iddiasına düşmək özünü aldatmaq olar”- deyə siyasətçi açıqlamasının davamında diqqətə çatdırıb.

Geri qayıt