Əsas Səhifə > Partiya, Güney Press > "Əslində sülhü biz, Azərbaycan yox, məğlub olan tərəf, yəni Ermənistan istəməlidir"

"Əslində sülhü biz, Azərbaycan yox, məğlub olan tərəf, yəni Ermənistan istəməlidir"


27-12-2023, 09:20
"Əslində sülhü biz, Azərbaycan yox, məğlub olan tərəf, yəni Ermənistan istəməlidir"
“Birincisi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan Qazaxın 7 kəndi, Naxçıvanın 1 kəndi dəfələrlə gündəmə gəlsə də belə, hələ bu günədək, yəni 3 ildən çoxdur ki, azad edilməyib. İkincisi, sərhədlərin müəyyən edilməsi, demarkasiya, delimitasiya məsələsinə gələndə, artıq 3 ildən sonra Ermənistan 32 kənd davasını ortaya qoyur. Deməli, proseslər, işlər düzgün getsə idi, bu belə olmazdı”.

Klassik Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəliloğlu Moderator.az əməkdaşının “Sizcə, növbəti 2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaqmı?” sualına cavab verərkən belə deyib.

“Əslində sülhü biz, Azərbaycan yox, məğlub olan tərəf, yəni Ermənistan istəməlidir. Sülhü təslim olan, kapitulyasiya edən tərəf əlini qaldırıb diləməlidir. Və belə çıxır ki, biz hələlik bu məsələyə hazır deyilik...

Birincisi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan Qazaxın 7 kəndi, Naxçıvanın 1 kəndi dəfələrlə gündəmə gəlsə də belə, hələ bu günədək, yəni 3 ildən çoxdur ki, həmin məntəqələr azad edilməyib. İkincisi, sərhədlərin müəyyən edilməsi, demarkasiya, delimitasiya məsələsinə gələndə, artıq 3 ildən sonra Ermənistan 32 kənd davasını ortaya qoyur. Deməli, proseslər, işlər düzgün getsə idi, bu, belə olmazdı. Bir sözlə, bütün bu kənd, anklav, sərhəd məsələləri sənəddə ardıcıllıqla, tam təfərrüatınadək öz əksini tapanda biz sülh sazişinə hazır olacağıq. Üçüncüsü, Rusiya da sülh sazişinin imzalanmasını istəmir. Paris də heç istəmir”.

Partiya sədri hesab edir ki, Ermənistanla sülh sazişinin imzalanması yolunda əsas əngəl Rusiyadır.

“Zəngəzur dəhlizi məsələsi də bir müddət əvvələdək çox böyük aktuallıq kəsb edirdi. Bu gün isə artıq unudulmuş bir məsələdir. Halbuki, belə olmalı deyil. Məsələlər epizodik qoyulmalı deyil, hər şey ardıcıl və nizamlı olmalıdır. Qələbəni əldə etdik, onu əldə saxlamaq daha mühümdür. Torpaqları işğaldan azad etdik, Azərbaycanın bütövlüyünü təmin etmək daha mühümdür... Bir sözlə, 2024-cü ildə sülh sazişinin imzalanacağını indidən söyləmək mümkün deyil. Mən hələ bunu real hesab etmirəm. Çünki proseslər onu da göstərir ki, hələ Rusiya, ən azı, 2025-ci ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh sazişinin gerçəkləşməsinə bacardığı qədər mane olacaq”, - deyə siyasətçi diqqətə çatdırıb.

Geri qayıt