Əsas Səhifə > Partiya, Güney Press > "Qəti qərarımız bu həftə elan olunacaq"

"Qəti qərarımız bu həftə elan olunacaq"


11-12-2023, 09:10
"Qəti qərarımız bu həftə elan olunacaq"
“Növbəti növbədənkənar (qəribə səslənir, deyilmi) prezident seçkiləri elan olunan kimi REAL-da daxili müzakirələr başlandı, arqumentlərin və tezislərin “savaşını” gördük, bu çox gözəldir, demokratik idarəetmə ənənələri yaratmaq üçün vacib ortamdır. Dünən saatlarla müzakirələrdən sonra səsvermə oldu – 8 nəfərlik Siyasi Komitə üzvlərinin səsləri 3 nəfər iştirakın lehinə, 3 nəfər əlehinə, 2 nəfər isə qərarsız kimi bölündü. İclasda qərara gəldik ki, daha bir neçə gün “beyin fırtınasını” davam etdirək, hər bir yanaşmanı müdafiə edənlər öz mövqelərini Siyasi Komitə üzvləri arasında arqumentləşdirməyə davam etsinlər, müzakirələr elə indi də "online" gedir. Amma istənilən halda qəti qərarımız bu həftə elan olunacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı ekspert, REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
“Siyasi Komitənin bütün üzvləri bir məsələdə tam konsensusa gəldi – REAL üçün prioritet Parlament seçkiləridir və bizim prezident seçkilərində iştirak edib-etməməyimiz məhz bu əsas məqsədə uyğunlaşdırılmalıdır. Aydındır ki, indiki şəraitdə İlham Əliyevi prezident seçkilərində udmaq həddən artıq çətin görünür, amma iştirak tərəfdarları seçkini təbliğat fürsətinə, bu sürəci Parlament seçkilərinə starta çevirməyi təklif edirlər – ilk baxışdan çox məntiqli yanaşmadır. Amma iştirakın əleyhinə olanların da ciddi arqumentləri var, məsələn:
- Seçki sürəci böyük maliyyə vəsaiti tələb edir, REAL-ın maddi imkanları məhduddur, prezident seçkilərinə qatılsaq qısıtlı olan maliyyə resurslarımızı xərcləsək, o zaman fevraldakı seçkilərdən cəmi 8-9 ay sonra baş tutacaq Parlament seçkilərinə resursumuz çox az qalacaq,
- İştirak etmək üçün 60 dairədən 40 min imza lazımdır (əslində 45 min lazımdır ki, MSK 3-4 min imzanı çıxdaş etsə qeydiyyat üçün 40 min qalsın), bu imzaları toplamaq üçün cəmi 35 gün zaman var, bu böyük insan və maliyyə resursu tələb edir ki, qışın oğlan, camaatın Yeni İl modunda olan vaxt çox böyük problem kimi görünür,
- Ölkədəki seçki institutunun, yumşaq desəm, yaxşı çalışmadığını nəzərə alsaq, hətta yığdığımız səslərin belə bizə sayılacağına güman azdır, bu isə REAL-ın cəmiyyətdə olan ciddi elektoral potensialının son rəqəmlərdə əks olunmamasına səbəb ola, bu da Parlament seçkilərində əleyhimizə işləyən faktora çevrilə bilər.
Xülasə, REAL-da ciddi demokratik müzakirələr gedir, bunun özü partiyamızın gələcəyi üçün çox pozitiv məqamdır. Müzakirələri, səsverməni şəffaf şəkildə cəmiyyətlə böyüşərək digərləri üçün də örnək olmağa çalışırıq. Bir daha deyim ki, hər bir mövqenin öz üstün cəhətləri var, amma istənilən halda iştirak edəcəyik, çünki iştirakın müxtəlif formaları, alqoritmi var, həm də biz əminik ki, illərdir ölkədə aşılanan mənasız, məzmunsuz, ancaq iqtidara sərf edən boykot siyasətinə son vermək lazımdır.
Bir məsələni də deyim: Həzarat, seçki vətəndaşsız, seçicisiz olmur, sizlər də bu prosesə qoşulun, iştirakçılığı təşviq edən addımlar atın, bu imza da ola bilər, seçkilərə qatılanlara maddi dəstək də - yəni, məsələn, çayxanada oturub bütün siyasəti xırdalamaqla yanaşı elə bir çaynik çayın pulunu siyasi partiyalara ianə etsəz, inanın ki, növbəti müzakirələriniz daha maraqlı olacaq”, - N. Cəfərli qeyd edib.

Geri qayıt