Əsas Səhifə > Partiya, Güney Press > "Türk Dövlətləri Birliyi yaranmalıdır"

"Türk Dövlətləri Birliyi yaranmalıdır"


5-11-2023, 13:01
"Türk Dövlətləri Birliyi yaranmalıdır"
“Türk Dövlətlər Təşkilatının toplantılar keçirməsinə nəinki ehtiyac var, belə görüş və təmaslar zərurətdən irəli gəlir”.

DİA.AZ xəbər verir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu noyabrın 3-də Astanada baş tutan TDT-nin onuncu sammiti haqqında danışarkən deyib.

Sərdar Cəlaloğlu bildirib ki, dünyada yeni nizam qurulur, bəşər tədricən yeni nizam sisteminə keçir. Belə gərgin, qarşıdurma və rəqabət mühitində Türk Dövlətləri Təşkilatı qrup halında olmalı, vahid güc kimi çıxış etməlidir ki, maraqlarını təmin edə bilsin. Nəzərə almaq lazımdır ki, gələcəkdə məhz belə formatda olan birliklər daha çox şeylər əldə edəcək.

Partiya sədri əlavə edib ki, indi dünyada rəqabətdən doğan qarşıdurmalar güclənir, dünyanın iqtisadi gücü Asiya məkanına keçir: “Odur ki, Asiyanın coğrafi və geopolitik baxımdan əhəmiyyəti də artır. Bu baxımdan transgeopolitik komunikasiyalar, Xəzərin birgə istismarı, milli inkişaf, yeni dünya düzənində yer tutmaq baxımından birgə fəaliyyət vacibdir. Mən deyərdim ki, gələcəkdə hətta Türk Dövlətləri Təşkilatının birgə hərbi, siyasi, iqtisadi gücü qurulmalı-vahid güc yaradılmalıdır. Bu çərçivədə gömrük və digər məsələlər həllini tapmalıdır. Gələcəkdə belə ittifaqların əhəmiyyəti çox böyük olacaq. Hər haldda TDT-nin Türk Dövlətlər Birliyinə çevrilməsinin tərəfdarıyam”.

S. Cəlaloğlu əmindir ki, TDT-də təmsil olunan dövlətlərin liderləri bu reallıqları yaxşı dərk edirlər. Onun fikrincə, indi Orta Asiya türk ölkələrində iki problem var ki, onların həlli lazımdır: “Birincisi, bu ölkələrdə hakimiyyət məsələsidir. Digər tərəfdən, Orta Asiyadakı türk ölkələrinə iki dövlətin - Çin və Rusiyanın təsiri böyükdür. Bu iki qədim imperiya bu dövlətlərin və xalqların qətiyyətli qərarlar verməsinə təsir edir, öz maraqlarını önə sürürlər. Amma hesab edirəm ki, bu ölkələr və onların cəmiyyətləri qətiyyətli və net mövqe tutsalar Türk Dövlətləri Təşkilatında daha sıx inteqrasiya gedər, qeyd etdiyim problemlər də tədricən aradan qalxar. Fikrimcə, Türk Dövlətləri Birliyi yaranmalı, daha da möhkəmlənməlidir”.
Geri qayıt