Əsas Səhifə > Partiya, Güney Press > "ATƏT-in hansısa bir məcburetmə mexanizmi yoxdur..."

"ATƏT-in hansısa bir məcburetmə mexanizmi yoxdur..."


14-10-2023, 07:53
"ATƏT-in hansısa bir məcburetmə mexanizmi yoxdur..."
Beynəlxalq təşkilatların fəaliyyəti bütün zamanlarda müzakirə mövzusu olub.

Xüsusilə də beynəlxalq təsisatların bir sıra ölkələrə münasibətdə ikili standartlardan yanaşması, bu qurumların nüfuzunu ciddi şəkildə zədələyir.

Beynəlxalq hüquq, insan haqları və digər bu kimi tezislərdən çıxış edən qurumlar və bu qurumlara belə demək mümkündürsə, rəhbərlik edən ölkələr hər zaman konkret maraqlar kontekstində çıxış edib.

Azərbaycana münasibətdə də daimi beynəlxalq təşkilatların qərəzli yanaşmasının şahidi olmuşuq. Azərbaycanın 30 ilə yaxın işğal altında qalan torpaqlarının sülh yolu ilə həll olunmasını mümkünsüz edən səbəblərdən birincisi, məhz beynəlxalq təşkilatların cinayətkarcasına fəaliyyətsizlik nümayiş etdirməsi oldu.

Birləşmiş Millətlər Təşkilatının torpaqların qeyri-şərtsiz Azərbaycana qaytarılmasına ifadə edən 4 qətnaməsinin icra olunmaması, ATƏT-in Minsk qrupunun 30 ilə yaxın vasitəçilik adı altında işğalın leqallaşdırılmasına çalışması, o cümlədən ayrı-ayrı vaxtlarda beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli qətnamə və ya bəyanatlarla çıxış etməsi iki standartların ən bariz nümunəsidir.

Beynəlxalq təşkilatın bu iş prinsipi hər zaman ən yüksək səviyyədə etirazla qarşılanıb. Prezident İlham Əliyevin cari ilin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı da bu məqama toxunub.

“Beynəlxalq institutların iş prinsipləri dəyişilməlidir. Münaqişənin nizama salınmaması bir daha göstərir ki, ATƏT-də böyük dəyişiklik olmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Dəfələrlə Azərbaycan ən yüksək səviyyədə beynəlxalq təşkilatların fəaliyyətinə etiraz edilib. Amma onların fəaliyyətində heç bir müsbətə doğru dəyişiklik görünməyib. ATƏT-lə bağlı məsələ isə əslində aydındır.

Bəs ATƏT-in fəaliyyətində müsbət istiqamətdə dəyişikliklərin olması üçün hansı addımlar uğurlu hesab oluna bilər?

DİA.AZ-ın məlumatına görə, siyasi şərhçi Oqtay Qasımov Cebhe.info-ya açıqlamasında deyib ki, beynəlxalq təşkilatlar əsasən hüquq və ədalət prinsiplərini arxa plana atır, siyasi maraqlardan çıxış edir:

“Prezident bu çıxışı edəndə ATƏT-in yarandığı dövrdən bu günə qədər bir çox vəzifələrini yerinə yetirə bilməməsini nəzərdə tutub.

O cümlədən xüsusilə də Qarabağ münaqişəsi ilə bağlı yaranmış ATƏT-in Minsk qrupunu nəzərdə tutub. Çünki bu qurum 1992-ci ilin mart ayında yarananda, onun konkret vəzifəsi Azərbaycan və Ermənistan arasında vasitəçilik edərək sülh və nizamlama prosesini həyata keçirmək və yekunda Minsk konfransını çağırmaqla problemi həll etmək idi.

Bu qurumun qarşısına bu vəzifələr qoyulmuşdu. Sonradan bu qurumun içərisində həmsədrlik institutu yaradıldı və onlar da ATƏT-in qərarları və beynəlxalq hüququ yox, hansısa dövlətlərin maraqlarına xidmət etməyə başladı.

Bunun da nəticəsində faktiki olaraq bu qurum fəaliyyət göstərdiyi 27 il müddətində onun məqsədi işğal faktını hüququ müstəviyə keçirmək oldu. Azərbaycana təzyiqlər olunurdu ki, real vəziyyətlə barışsın və işğal faktını qəbul etsin və ərazilərini güzəştə getsin.

Digər tərəfdən də ATƏT-in və digər Avropa quruluşlarının açıqlamarına və qəbul etdiklərə sənədlərə baxdıqda, açıq şəkildə görünür ki, burada beynəlxalq hüquq, ədalət prinsipləri deyil, xristian təəssübkeşliyi, siyasi maraqlar və digər məsələlər önə çıxarılır. Digər tərəfdən ATƏT-in hansısa bir məcburetmə mexanizmi yoxdur, orada bütün qərarlar konsensusla qəbul edilir.

Əksər beynəlxalq təkilatlarda beynəlxalq hüquq və ədalət prinsipləri ayaq altına alınır. Orada daha çox ikili standartlar və ədalətsizliklər, bir çox hallarda da siyasi riyakarlıqlar üstünlük təşkil edir ki, biz bunu son bir neçə ildə daha aydın şəkildə görməkdəyik.

Son olaraq da Avropa Şurasının Parlament Assambleyasında və digər qurumlarda da bu mövqeyi görürük”.
Geri qayıt