Əsas Səhifə > Partiya, Güney Press > Paşinyan Ağrı dağını gerbdən silir: "Ermənilərə başa salır ki..."

Paşinyan Ağrı dağını gerbdən silir: "Ermənilərə başa salır ki..."


30-08-2023, 07:00
Paşinyan Ağrı dağını gerbdən silir: "Ermənilərə başa salır ki..."
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin "Müstəqillik bəyannaməsi"-də dəyişiklik etmək niyyətindədir.

Avqustun 23-də keçirilən hökumətin son iclasında Ermənistanın Baş naziri "Müstəqillik bəyannaməsi”ndəki bir sıra məqamlara toxunub.

Paşinyan öz çıxışında "bəyannamə”nin Ermənistanın müstəqilliyinin buxovladığını bildirib.

"2020-ci il müharibəsindən əvvəl, xüsusən də müharibədən sonra bəyannamənin mətnini dəfələrlə və təkrar-təkrar oxudum. Etiraf edim ki, mənim müharibədən sonrakı mütaliələrim müharibədən əvvəlki mütaliələrimdən bir qədər fərqlənirdi. Bəyannamənin mətninin ekspertiza təhlili göstərir ki, biz nəhayət elə bir müraciət və məzmun seçmişik ki, bu da bizi Sovet İttifaqının tərkibinə daxil edən qətnaməyə əsaslanır, söhbət bizi daim qonşularımızla və regional ətrafla münaqişədə saxlayan məsələdən gedir”, - Baş nazir bildirib.

Ermənistan Baş nazirinin “Müstəqillik bəyannaməsi” ilə bağlı bəyanatına münasibət bildirən erməni politoloq Beniamin Matevosyan qeyd edib ki, Paşinyanın əsas hədəfi Ermənistanın xarici siyasət vektorunu dəyişməkdir:

“Bu "bəyannamə" və ondan irəli gələn bütün qanunlar, təklif olunan aktlar, siyasi və hüquqi sənədlər ləğv edilərsə, Qarabağ artıq xarici siyasət prioriteti olmayacaq. Həmçinin bu proses çərçivəsində Paşinyan Azərbaycan və Türkiyəni Ermənistanın tərəfdaşı kimi görmək istəyir”, – deyə Mativosyan bildirib.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Nikol Paşinyan hər vəchlə regiondakı siyasi reallıqları erməni cəmiyyətinə başa salmağa çalışır:

“Ermənistanın "Müstəqillik bəyannaməsi" qəbul olunarkən ölkədə fərqli tarixi şərait vardı. Xatırladım ki, 1990-ci illərdə erməni liderləri və əhalisi yalnış məqsədlərin arxasınca qaçırdılar. Öz məqsədlərinə çatacaqlarına inanırdılar. Lakin "bəyannamə"nin qəbulundan 30 il keçəndən sonra ermənilərin bütün ümidləri və təsəvvürləri puça çıxdı.

Həmin "bəyannamə"də qeyd olunur ki, Qarabağın dağlıq əraziləri Ermənistan Respublikasının tərkib hissəsidir. Ermənistanın "Müstəqillik bəyannaməsi"nə Qarabağda o vaxtki vilayət komitəsinin rəhbərləri də imza atıb.

44 günlük Vətən müharibəsində Ermənistan ordusu ağır məğlubiyyətə uğradıqdan sonra Baş nazir Nikol Paşinyan öz çıxışlarında erməni ictimaiyyətinə başa salmağa çalışır ki, erməni xalqı xülyalardan əl çəkməlidir, yəni Qarabağın Ermənistana ilhaqı qeyri-mümkündür və Ermənistan beynəlxalq səviyyədə tanınan öz sərhədləri daxilində qalmalıdır.

Bununla, Paşinyan erməni xalqına demək istəyir ki, Ermənistanın "Müstəqillik bəyannaməsi"ndə ciddi səhvlər edilib və bu səhvlər aradan qalxmalıdır. Eyni zamanda, Paşinyan öz çıxışda eyham vurur ki, Ermənistanın əsas müttəfiqləri uzaq böyük dövlətlər deyil, qonşularımız – Azərbaycan və Türkiyə olmalıdır.

Onu da nəzərə almaq lazımdır ki, Ermənistanın gerbində Ağrı dağının təsviri var. Halbuki Ağrı dağının Ermənistana heç bir aidiyyəti yoxdur və bu dağ Türkiyənin qanuni ərazisinə daxildir. Paşinyan ölkənin gerbində dəyişikliklərin zəruriliyini də anlayır. Paşinyan dəfələrlə bu fikirlər səsləndirməklə erməni cəmiyyətinə izah etməyə çalışır ki, erməni xalqı 30 il yalnış təsəvvürlərlə yaşayıb və bu təsəvvürlərdən xilas olmağın zamanı çatıb”.

Politoloqun sözlərinə görə, Paşinyanın birinci məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır:

"Məhz bütün siyasi liderlər eyni məramı güdür. İkinci məqsədə gəlincə, Paşinyan çox yaxşı başa düşür ki, hakimiyyətdə qalmaq üçün münasib qərarlar qəbul etməlidir. Yəni, bu qərar erməni xalqının əksəriyyətinə xoş olsun. Ona görə də Paşinyan öz fikirləri ilə yavaş-yavaş erməni cəmiyyətini siyasi reallıqları qəbul etməyə sövq edir. "Müstəqillik bəyannaməsi" haqqında səsləndirdiyi fikirlər buna dəlalət edir”.

Zərdüşt Əlizadə bildirib ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması daha çox Ermənistanın özünə xeyrdir:

“Ermənistanın dörd ölkə ilə sərhədi var. Ermənistanın yalnız iki sərhədyanı ölkə - İran və Gürcüstan ilə normal siyasi, iqtisadi və humanitar münasibətləri var. Digər iki sərhədyanı ölkə - Azərbaycan və Türkiyə ilə düşmən mövqedədir. Hər iki ölkə ilə sərhədləri bağlıdır.

Əgər Ermənistan düşmən mövqeyindən əl çəkib Azərbaycan və Türkiyə ilə diplomatik münasibətləri normallaşdırmağa başlasa, bu iki ölkə ilə sərhədləri açılacaq, o cümlədən İrəvan Bakı və Ankara ilə siyasi, iqtisadi, mədəni və humanitar münasibətlər quracaq.Bildirim ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür. Ermənistan öz mallarını yük maşınları ilə Gürcüstan üzərindən birliyin digər üzv ölkələrinə çatdırır. Əgər Azərbaycan ilə Ermənistan arasında düşmənçilik sona çatarsa, münasibətlər normal məcraya düşərsə və sərhədlər açılarsa, Ermənistan öz mallarını Azərbaycan ərazisindən keçən dəmiryol xətti vasitəsilə Rusiya və Mərkəzi Asiya ölkələrinə ixrac etmək imkanı qazanacaq.

Eyni zamanda Azərbaycan da istehsal etdiyi malları Ermənistan üzərində İran və Türkiyəyə göndərə bilər. Digər region ölkələri kimi Ermənistan da tranzitdən qazanc əldə edər. Bütün bunları nəzərə alarkən Azərbaycan və Ermənistanın müharibə vəziyyətində olması regional inkişafdan geri qalır.
Geri qayıt