Əsas Səhifə > Partiya, Güney Press > "Sadəcə olaraq, FETÖ əlinə silah götürüb mübarizə aparan bir təşkilat deyil.."

"Sadəcə olaraq, FETÖ əlinə silah götürüb mübarizə aparan bir təşkilat deyil.."


16-08-2023, 05:53
"Sadəcə olaraq, FETÖ əlinə silah götürüb mübarizə aparan bir təşkilat deyil.."
Türkiyədə FETÖ terror təşkilatı nə qədər təhlükəli olduğunu 2016-cı ilin 15 iyulunda göstərdi.

Qeyd edək ki, həmin tarixdə FETÖ qruplaşması Türkiyədə dövlət çevrilişinə cəhd etdi.

Xatırladaq ki, özünü “Yurdda sülh konseyi” adlandıran FETÖ-çular Türkiyə Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan edərək legitim hakimiyyəti devirməyə cəhd göstərdi.

Eyni zamanda Ankarada polis akademiyası partladıldı, İstanbulun "Atatürk" beynəlxalq hava limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu, Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu.

Baş verən çevriliş cəhdinin qarşısı alındı və dövlətə qarşı terror hücumu təşkil edənlər həbs olundu. Bu gün FETÖ-ya qarşı əməliyyatlar davam etdirilir.

Dünən Türkiyənin paytaxtı Ankaranın 8 nöqtəsində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib. Bu barədə isə hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, keçirilmiş əməliyyat nəticəsində 15 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Bütün bunlar onu deməyə əsas verir ki, FETÖ-nün kökatma mexanizmi çox dərindir. Bu təşkilat cəmiyyət üçün hələ də ciddi təhdiddir. Bunu nəzərə alaraq Türkiyədə FETÖ-ya qarşı mübarizə davamlı olaraq aparlır. Sirr deyil ki, FETÖ uzantıları Azərbaycanda da var və hələ də bu və ya digər formada fəaliyyətlərini davam etdirirlər.

Ötən ay Azərbaycanda da FETÖ-ya qarşı əməliyyat keçirildi və 4 nəfər həbs olundu. Belə ki, FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyev saxlanılıb. FETÖ üzvləri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri həyata keçirilib.

Onu da qeyd edək ki, Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasını istiqamətində addımlar atdıqları müəyyən edilib.

Xatırladaq ki, ADR Hərəkatının sədri Qubad İbadoğlu da həbs olunan FETÖ üzvü Anar Əliyevin ifadəsindən sonra saxlanılıb və məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Eyni zamanda ötən həftə azərbaycanlı alim Fazil Qasımov da Qubad İbadoğlu işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.

Bütün bunlar FETÖ-nun Azərbaycan cəmiyyəti üçün də ciddi təhlükə olduğunu deməyə əsas verir. Bu baxımdan Azərbaycanda olan FETÖ uzantılarının zərərsizləşdirilməsi çox vacib hesab olunur.

DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev bildirib ki, FETÖ-nün Türkiyədə etdiklərini zamanında yaxından izləyib:

“Azərbaycanda da onun uzantılarının olduğu deyilirdi. Artıq həbslər də həyata keçirilib. Sadəcə olaraq, FETÖ əlinə silah götürüb mübarizə aparan bir təşkilat deyil. Onlar elm və digər müxtəlif şəbəkələr vasitəsilə işlərini qururlar və heç kimin gözləmədiyi bir şəkildə “xərçəng” kimi yayılaraq hər bir şeyi ələ ala bilirlər.

O cəhətdən FETÖ təhlükə kimi görünür. Çünki doğurdan da elə bir hal baş verə bilər ki, bir güllə belə işlətmədən görərsən ki, nələrisə ələ ala bildilər, dağıtdılar. Təbii ki, dövlətin əsaslarını sarsıtmaq, Konstitutsiya quruluşunu dəyişmək üçün məqsədli şəkildə bu cür təşkilatların yaradılması və maliyyələşdirilməsi yolverilməzdir.

Bunun da qarşısı alınmalıdır. Amma Azərbaycanda FETÖ nə qədər güclüdür, məqsədləri nədir, nə dərəcədə təhlükə törədirlər, bunu yəqin ki, xüsusi xidmət orqanları bilir. Hər halda həbslər olub, bu isə o deməkdir ki, cücərtilər olub. Onların da zamanında qarşısını almaq yolu tutulub. İstənilən halda onlar Azərbaycan cəmiyyəti üçün təhlükə yaradırlarsa, onlara qarşı mübarizə sərtləşdirilməlidir”.
Geri qayıt