Əsas Səhifə > Partiya, Güney Press > Qeydə alınmayan partiyalar ləğv olunacaq?

Qeydə alınmayan partiyalar ləğv olunacaq?


7-08-2023, 16:07
Qeydə alınmayan partiyalar ləğv olunacaq?
Ədliyyə Nazirliyi Azərbaycanda Yeni Azərbaycan partiyasından başqa heç bir siyasi partiyanı qeydə almayıb.

Bu vaxta qədər 20-yə yaxın partiyanın qeydiyyatından imtina olunub və onlara sənədləri yenidən hazırlamaq üçün 30 gün vaxt verilib.

Əgər növbəti mərhələdə də həmin partiyalar qeydə alınmasa o zaman məsələ necə həll olunacaq? Qeydiyyatından imtina olunan təşkilatlar partiya kimi fəaliyyətini davam etdirə bilərlərmi? Həmin partiyaların rəhbərlərinin psrtiya sədri kimi təqdim olunmasında hər hansı hüquqi məhdudiyyət varmı?

DİA.AZ-ın məlumatına görə, durumu “Yeni Sabah”a şərh edən hüquqşünas Ələsgər Əhmədoğlu deyir ki, “Siyasi partiyalar haqqında” qanun hüquqi keyfiyyət baxımından ciddi problem yaradır. Partiya rəhbərlərinin və yaxud partiyaların fəaliyyətinə gəldikdə hüquqşünas qeyd edir ki, qanuna görə o partiyalar qüvvədədir və qanun heç bir halda geriyə yönəlmiş tətbiq oluna bilməz:

“Yəni qeydiyyatdan keçmiş bütün siyasi partiyalar və onların sədrləri həm hüquqi, həm də praktiki baxımdan həmin partiyanın təmsilçiləridir və on partiyaların rəsmi dövlət qeydiyyatı ləğv olunmayıb, eləcə də məhkəmə qərarı olmadan ləğv oluna da bilməz. Qısası, Ədliyyə Nazirliyinin onlara rədd cavabı verməsi heç nəyi dəyişmir. O partiyalar və rəhbərləri fəaliyyətdədir və istədiyi kimi partiyasından danışa bilər”.

Hüquqşünas qeyd edib ki, Ədliyyə Nazirliyi 6 ay ərzində qeydiyyatdan keçməyənlər üçün əlavə iddia qaldırıb onların qeydiyyatını ləğv etməlidir:

“Bu günə qədər belə bir şey baş verməyibsə, bu partiyalar da hüquqi baxımdan mövcud olacaqlar və onların statusu hüquqi şəxs kimi davam edəcək. Bu qanunun qüvvəyə minməsi isə onların hüquqi şəxs statusunu avtomatik şəkildə nə azaldır, nə də dəyişir.

Bu partiyalar qeydiyyata alınmasalar və Ədliyyə Nazirliyi məhkəmədə iddia qaldırmadığı və məhkəmə yekun qərarı vermədiyi müddətcə yenə fəaliyyətlərini davam etdirəcəklər. İndiki halda isə Ədliyyə Nazirliyinin belə bir addım atacağına inanmıram”.

Geri qayıt