Əsas Səhifə > Partiya, Güney Press > “Bir addım geri çəkilsək, üstümüzə daha çox gələcəklər”

“Bir addım geri çəkilsək, üstümüzə daha çox gələcəklər”


2-08-2023, 09:25
“Bir addım geri çəkilsək, üstümüzə daha çox gələcəklər”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən gün Türkiyəyə rəsmi səfər edib. Səfər çərçivəsində nazir Ceyhun Bayramov həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də xarici işlər naziri Hakan Fidan, eləcə də digər rəsmi şəxslərlə görüşüb. Görüşlərdə ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlər, regionda və dünyada baş verən hadisələr, Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesinin gedişatı ətrafında geniş fikir mübadiləsi aparılıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan Laçın yolundakı son hadisələrlə bağlı Ermənistana mesaj ünvanlayıb: “Laçın yolu Azərbaycan torpağıdır. Azərbaycan nəyi lazım bilsə, onu da edə bilər. Azərbaycana qarşı ittihamlar əsassızdır”. Türkiyə lideri Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb: “Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir”. Türkiyə-Azərbaycan ticarət həcmini 15 milyard dollara çatdırmaq üçün səylərin davam etdirilməsini bildirən Prezident Ərdoğan enerji və nəqliyyat sahələrində birgə əməkdaşlığın hər iki ölkənin mənafeyinə uyğun olduğunu söyləyib. Transxəzər və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə toxunan Ərdoğan bu yollardan daha səmərəli istifadənin vacibliyini əlavə edib.
DİA.AZ-ın məlumatına görə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev "Sherg.az"a açıqlamasında deyib ki, bəzi ölkələr bölgə oyunlarına daxil olmaq və Azərbaycana təzyiq göstərmək istəyir. Partiya rəhbərinin sözlərinə görə, Cənubi Qafqaz regionu uğrunda açıq mübarizə gedir: "Əllərinə imkan düşüb ki, Ermənistan tərəfindən qurulmuş bir şouda iştirakçı olsunlar, mövqe qazansınlar. Bu savaşın "dəhliz" uğrunda olmadığı bəllidir. Türk dünyasına qarşı bir savaşın elementidir. Aysberqin görünən tərəfidir. Rusiyanın Türkiyəyə qarşı bəyanatları, problem yaratmaq istəkləri, Putinin son açıqlamaları göstərir ki, bir az qisasçılıq və Türkiyəni küncə sıxmaq niyyətləri var. Rusiya rəsmisi açıq şəkildə bəyan edir ki, bölgəyə NATO üzvü Türkiyənin gəlməsi regionda vəziyyəti gərginləşdirəcək və s. Yəni bölgədə həm Rusiyanın maraqları var, həm də Qərb regiona gəlmək üçün Ermənistandan maşa kimi istifadə edir. Bu məsələdə ziddiyyətli dövlətlər də artıq ortaq davranırlar. Bölgə uğrunda savaşda bəzi təxribatların olması, təzyiqlərin edilməsi mümkündür. Belə məqamda Azərbaycan şər qüvvələrin qarşısında tək dayanmalı deyil. Ona görə də indiyə qədər görülmüş profilaktik tədbir olaraq Türk Dövlətləri Təşkilatının ərsəyə gətirilməsi və xarici siyasətdə ortaq hərəkət etmə qərarları reallaşdı. Artıq kifayət qədər inteqrasiya olunmuşuq. Türk dövlətlərinin həmkarlar ittifaqları belə ortaq mövqedən çıxış edirlər. Cənab Ərdoğanın dediyi kimi, "biz gələcəyimizi ortaq müəyyənləşdiririk". Bütün potensialımızla birlikdəyik. Hər iki ölkə bir-biri ilə qarşılıqlı məsləhətləşmələr aparır".
F.Quliyev vurğulayıb ki, Azərbaycana olan təzyiqlər lokal xarakter daşımır: "Bu, Türk Dövlətləri Təşkilatına, yeni dünya düzənində artıq güc elementinə çevrilmiş bloka qarşı olan davranışdır. Ona görə də möhkəm dayanmaq lazımdır. Artıq Türkiyənin də verdiyi mesajlar göstərir ki, israrlıyıq və geri çəkilməyəcəyik. Bir addım geri çəkilsək, üstümüzə daha çox gələcəklər. Haqlı olduğumuz yerdə geri çəkilməli deyilik. Həm cənab Hakan Fidan tərəfindən Laçın yolu ilə bağlı verilən mesaj, həm də hörmətli Ərdoğanın Zəngəzur dəhlizi və sülh prosesi ilə bağlı açıqlamaları çox önəmlidir. Kimsə bizə humanitar yardım gətirirsə, onun miqdarını, keçmə müddətini, təyinatını Azərbaycan özü müəyyənləşdirər. Dünyanın bütün dövlətləri də işə qarışsa, mənası yoxdur, daxili işimizə qarışa bilməzlər. Cənab Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatı da göstərir ki, Ermənistan və dəstəkçiləri bizə nə qədər sıxıntı verməyə çalışsalar da, Azərbaycan və Türkiyə öz haqlı mövqeyindən dönməyəcək. Şübhə yox ki, qardaş ölkə rəhbərliyi və XİN başçısı Hakan Fidanla digər mühüm məsələlər də müzakirə olunub. Bütün hallarda hazırlığımızı görüb yolumuza davam etməliyik. Velosiped effekti deyilən bir anlayış var. Velosiped mütləq hərəkətdə olmalıdır, dayansa, yıxılar. Belə məsələlərdə daim irəli getməliyik. Yol xəritəmiz doğrudur. Bunun da "okey"ini Türkiyədən almışıq".

Geri qayıt