Əsas Səhifə > Partiya, Güney Press > "Xaçaturyan o dünyaya getmədən bu dünyada bizim qanunlarla mühakimə olunmaqla öz taleyini yaşayacaq"

"Xaçaturyan o dünyaya getmədən bu dünyada bizim qanunlarla mühakimə olunmaqla öz taleyini yaşayacaq"


1-08-2023, 06:50
"Xaçaturyan o dünyaya getmədən bu dünyada bizim qanunlarla mühakimə olunmaqla öz taleyini yaşayacaq"
“1990-cı illərin əvvəllərində havadarlarının köməyi ilə torpaqlarımızı işğal edən və orada terrorçuluq, bəşəri cinayətlər törədən Ermənistan düşünürdü ki, belə də davam edəcək. Onlar da arzuladıqları “oyunları” davam etdirə biləcəklər”.

DİA.AZ bildirir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında deyib. O vurğulayıb ki, Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni dövrün başlandığını göstərdi:

“Ondan sonra qısa vaxt ərzində atəşkəs elan edildi. Həmçinin, ordu quruculuğuna start verildi və iqtisadi imkanlarımız artmağa başladı. Cənab İlham Əliyevin rəhbərliyi altında isə Azərbaycan yeni çalarla daha böyük uğurlara imza atmış oldu. Ölkəmiz dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməyə başladı. Eyni zamanda, dünyanın ən güclü orduları sırasına daxil olduq və xalqımız bir yumruq halında birləşdi.

Nəticədə, zaman yetişdi və Ali Baş Komandan İlham Əliyevin əmri ilə şanlı ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdi, milli qürurumuzu özümüzə qaytardı. Biz hazırda dünyadakı ən qürurlu və məğrur xalqlardan biri kimi layiqli yaşayırıq”.

Millət vəkili qeyd edib ki, ermənilər ötən əsrin əvvəllərində, ortalarında, sonlarında və bu əsrin əvvəllərində bir çox soyqırım, ekosid, urbisid, habelə digər bəşəri cinayətlər həyata keçiriblər:

“Onu törədən cəlladların bir çoxu hələ də azadlıqda gəzir və hətta özlərini “qəhrəman” sayırlar. Onların “qəhrəmanlaşdırılması” həm də Ermənistan yarımdövlətinin terrorçu siması idi. Yəni terrorçulara, soyqırım törədənlərə heykəllər qoymaq XXI əsrdə yalnız Ermənistana məxsusdur. Onlar haqda filmlər çəkmək, kitablar yazmaq, onları “qəhrəmanlaşdırmaq” siyasəti ən azından həmin dövlətin xalqına utanc gətirməlidir. Lakin biz Ermənistanda hələ də bu siyasətin davam etdirilməsinin şahidi olduq”.

Vüqar İskəndərov diqqətə çatdırıb ki, artıq Azərbaycan İnterpol tərəfindən axtarışa verdiyi cinayətkarların məsuliyyətə cəlb olunmasını təmin edir:

“Son olaraq Xaçaturyan Vaqif Çerkezoviçin həbs edilməsi, Azərbaycan məhkəməsi qarşısında cavab verməsi həm də tarixi ədalətin bərpası hesab edilməlidir. Yəqin qatı cinayətkar, terrorçu və uşaq qatili olan Xaçaturyan ömrünü cəzasız başa vura biləcəyini düşünürdü. Həm ilahi ədalət, həm də Azərbaycan qanunları bu terrorçuya öz layiqli cəzasını verəcək. Hətta Xaçaturyan o dünyaya getmədən bu dünyada bizim qanunlarla mühakimə olunmaqla öz taleyini yaşayacaq.

Ermənistan, onun havadarları və terrorçular bilməlidirlər ki, azərbaycanlılara qarşı törətdikləri hərbi, insani cinayətlərə görə cavab verəcəklər. Bu gün torpaqlarımızda hələ də qalan separatçılar, cinayətkarlar Xaçaturyanın həbsindən ibrət götürməlidirlər. Onlar bu məsələdən nəticə çıxarmalı və özlərini də belə aqibətin gözlədiyini anlamalıdırlar”.
Geri qayıt