Əsas Səhifə > Partiya, Güney Press > Qubad İbadoğlu olayı kimin proyektidir?

Qubad İbadoğlu olayı kimin proyektidir?


26-07-2023, 11:15
Qubad İbadoğlu olayı kimin proyektidir?
Qeyri-rəsmi fəaliyyət göstərən Azərbaycan Demokratik Rifah Partiyasının (ADRP) sədri Qubad İbadoğlunun personası ətrafında yaranmış ajiotaj səngimək bilmir. Səbəb təkcə Nərimanov rayon məhkəməsinin Q. İbadoğlu barədə 3 ay 26 günlük həbs qətimkan tədbiri seçməsi deyil. Son vaxtlar aktiv siyasi fəaliyyəti ilə seçilən iqtisadçı-professor radikal çıxışları ilə əslində, qarşıda onu təlatümlü dövrün gözlədiyinin anonsunu vermişdi.

Xatırladaq ki, Q.İbadoğlu Azərbaycan siyasətində heç vaxt birinci adam olmayıb. O, fəaliyyətinin əsas istiqamətini Müsavat Partiyası üçün iqtisadi konsepsiyalar hazırlamağa həsr edib. Bunun müqabilində isə nəinki partiyada birinci və ikinci postları tuta bilməyib, heç sabiq başqanın 8 müavinindən biri olmağı da bacarmayıb. Q.İbadoğlunun ən böyük mükafatı Müsavat Partiyasının Divan üzvü seçilmək olub. Sabiq Müsavat başqanı İsa Qəmbər o vaxtlar xeyli gənc olan həmyerlisini müavin postuna irəli çəkməyi heç vaxt ağlına gətirməyib.

2014-cü ildə İsa Qəmbər Müsavat başqanı postundan istefa verəndən sonra onunla Q.İbadoğlu arasında ziddiyyətlər açıq müstəviyə keçdi. İ.Qəmbər tərəfsizliyini qoruyacağını bəyan etsə də, partiyanın 27 sentyabr 2014-cü ildə Bakının Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilən Qurultayında müavini, Q.İbadoğlunun əsas rəqibi sayılan Arif Hacılını dəstəklədi. A.Hacılı İ.Qəmbərin də dəstəyi ilə Müsavat başqanı seçiləndən sonra rəqibinə qapını göstərdi. Partiyadaxili intriqalara meylli olan Q.İbadoğlu həmin vaxt bir neçə tanınmış sima ilə birlikdə Müsavatı tərk etdi. Ətrafına Vurğun Əyyub, Adil Qeybulla, Səxavət Əlisoy və digər tanınmış Müsavat funksionerlərini cəm edən Q.İbadoğlunun Müsavat Partiyasının sosial bazası hesabına yeni siyasi təşkilat yaradacağına dair proqnozlar səslənməyə başladı. Amma onun pul qazanmaq üçün müxtəlif xarici ölkələrə üz tutması bu proqnozların doğrulmasını mümkünsüz etdi. 3 il əvvəl ADRP-ni elan edən Q.İbadoğlu onlayn iclaslar keçirməkdən o yana gedə bilmədiyi üçün partiyasını da irəli apara bilmədi. O, internet televiziyası resurslarında vaxtaşırı hakimiyyət əleyhinə sərt çıxışlar etməklə gündəmdə qalmağı bacarsa da, zəif təşkilatçı olduğu üçün ətrafındakı adamların bir-bir “buxarlanması” qaçılmaz oldu. Hazırda Q.İbadoğlunun rəhbərlik etdiyi partiyanın cəmi 5-6 nəfərdən ibarət olan rayon təşkilatları iclas adı ilə çayxanalarda domino oynamaqla öz “vəzifə”lərini bitmiş hesab edirlər. Sosial şəbəkələrin Azərbaycan seqmentində bunu sübut edən kifayət qədər foto və videogörüntülər mövcuddur.

Q.İbadoğlunun Bakının Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs olunması onun fəaliyyətinin yenidən təftiş olunmasına gətirib çıxardı. Avropanın müxtəlif universitetlərində qonaq statusu ilə dərs deyən azərbaycanlı professorun yüksək qazancdan imtina edib qəfildən Vətənə dönməsi çoxsaylı suallar və şübhələr yaradıb. Siyasi dairələrdə FETÖ ilə işbirliyində olduğu iddia edilən professorun Azərbaycana qayıtması ilə bağlı bir neçə versiya mövcuddur. Siyasi analitiklər bu dönüşün təsadüfi olmadığını düşünürlər. Onların fikrincə, Q.İbadoğlu Qərbin Azərbaycandakı yeni adamı olmaq üçün Londonu Bakıya dəyişib.

Niyə məhz Q.İbadoğlu?

Bu sualların da cavabı var. Ümumi rəy bundan ibarətdir ki, Azərbaycandakı Qərbyönümlü şəbəkə ümidləri doğrultmur. Şəbəkənin başında dayanan AXCP sədri Əli Kərimlinin son 20 ildə heç bir ciddi siyasi uğur qazana bilməməsi Qərb dairələrində onun perspektivsizliyinə əminlik yaradıb. Əleyhdarlarının təbirincə desək, özünə pasport ala bilməyən Ə.Kərimlinin YAP-dan hakimiyyəti alacağı inandırıcı görünmür. Bunu belə olacağı indi heç kimdə şübhə doğurmur.

Başda ABŞ olmaqla Qərbin Q.İbadoğluna “stavka” etməsinin bir neçə əsas səbəbi var. Məsələn, tərəfdarları iddia edirlər ki, Ə.Kərimlidən fərqli olaraq Q.İbadoğlu AXC-Müsavat iqtidarının "şinel"indən çıxmayıb. İqtidarda təmsil olunmadığı üçün onu bacarıqsızlıqda ittiham etmək düzgün deyil. Əgər Ə.Kərimlinin xarici dil bilgiləri yetərsizdirsə, Q.İbadoğlunun belə problemi yoxdur. O, rus və ingilis dillərini akademik səviyyədə bildiyinə görə Qərb dairələri üçün daha cəlbedici görünür. Üstəlik, Q.İbadoğlu iqtisadçıdır, Qərbyönmülü liberal dəyərləri yaxşı mənimsədiyi üçün gələcəkdə onunla əməkdaşlıq etmək perspektivləri daha böyükdür.

Q.İbadoğlunun Qərbin adamı kimi qəfildən Azərbaycan siyasətində “zühur” etməsi ilə bağlı planının arxasında başqa səbəblər də dayanır. Azərbaycan siyasətində Qərbyönümlü lider kimi tanınan başqa bir siyasətçi - ReAl sədri İlqar Məmmədov da uğursuzluğa düçar olub. Həbsxanadan çıxdığı 5 il ərzində ətrafına 5 min adam toplaya bilməyən, Azərbaycan cəmiyyətinin nəbzini tutmaqda çətinlik çəkən İ.Məmmədovun nə vaxtsa YAP iqtidarının qarşısında dayana biləcəyi inandırıcı görünmür. Başqa bir Qərbyönümlü lider - Ə.Kərimlinin tərəfdarlaır tərəfindən “avtobus müxalifəti” titulu ilə mükafatlandırılan İ.Məmmədov indi nəinki Qərbdə, heç Azərbaycanda da ciddi siyasi fiqur kimi qəbul edilmir.

Hadisələrin təhlili göstərir ki, hazırda Q.İbadoğlu Qərbin Azərbaycandakı yeganə “ümid yeri” sayılır. Görünür, Azərbaycan hakimiyyəti də bunu bildiyindən günləri sayırmış. Saymaq növbəsi isə indi Q.İbadoğluna çatıb. Təcridxanada səbirsizliklə azadlığa çıxacağı günləri sayır.

Çıxa biləcəkmi?

Azərbaycan müxalifətinin taleyi həm də bu sualın cavabından asılıdır...
//Yenisabah.az//
Geri qayıt