Əsas Səhifə > Partiya, Güney Press > “FETÖ təhlükəsi gündən-günə böyüməkdədir”

“FETÖ təhlükəsi gündən-günə böyüməkdədir”


25-07-2023, 08:06
“FETÖ təhlükəsi gündən-günə böyüməkdədir”
Azərbaycanda FETÖ-yə qarşı əməliyyat keçirilib, dörd nəfər həbs edilib. FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyev saxlanılıb. Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatını apardıqları və gənclərin təşkilata üzv olması istiqamətində addımlar atdıqları müəyyən edilib. FETÖ-nün idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib. Başlanmış cinayət işi əsasında bildirilib ki, hərəkatın digər üzvlərinin də müəyyən edilərək tutulması istiqamətində istintaq və əməliyyat tədbirləri davam etdirilir. Bu əməliyyatlarla Azərbaycanda möhkəmlənməyə çalışan FETÖ-yə böyük zərbə vurulub.

DİA.AZ-ın məlumatına görə, uzun müddətdir FETÖ-nün Azərbaycan qolu ilə mübarizə aparan, şəbəkənin ifşası ilə bağlı kitablar yazan "Yeni çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər "Sherg.az”a açıqlamasında təəssüflə qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan dövlət başçısı İlham Əliyevin FETÖ-yə qarşı səmimi mübarizəsi bəzi məmurların sözügedən təşkilata qarşı mübarizəsində öz əksini tapmır. Baş redaktor bildirib ki, FETÖ təhlükəsi çox ciddi olaraq hələ də mövcuddur: "Təhlükə gündən-günə böyüməkdədir. FETÖ əvvəllər Türkiyə daxilində bir cərəyan idisə, hazırda beynəlxalq dəstəyi olan bir terror təşkilatıdır. Terror və agentura şəbəkəsidir. O baxımdan terrorçulara qarşı mübarizə daha sərt olmalıdır. Bu addımları dəstəkləyirik. Ancaq atılan addımlar "kiminsə kimdənsə xoşu gəlmir" prinsipi ilə olmamalıdır. Ciddi araşdırılmalı, öyrənilməli və tədbirlər kompleks şəkildə görülməlidir. Nəzərə almalıyıq ki, Türkiyədə FETÖ savadlı və kasıb təbəqəni öz tərəfinə çəkirdisə, onlara sərmayə qoyurdusa, Azərbaycanda fərqli idi. Azərbaycanda onlar məmur kontingenti ilə, onların övladları ilə işləyirdilər. Həmin şəxslərin çoxu hazırda rəhbər vəzifələrdə çalışmaqdadır. Yarımçıq və məzmunsuz həbslər sadəcə olaraq FETÖ məsələsini ört-basdır etməyə yarayacaq. İlk növbədə Azərbaycanda FETÖ terror təşkilatı kimi tanınmalıdır. Bu, fılankəsin oğludur, yaxud kürəkənidir məntiqi ilə prosesə yanaşmaq yolverilməzdir. FETÖ-yə qarşı mübarizə dövlət səviyyəsində aparılmalıdır. Əksər FETÖ qurumları 15 iyul çevriliş cəhdindən sonra adlarını dəyişdilər və digər şəxslərin çətiri altında fəaliyyətini davam etdirirlər. Təəssüf ki, hələ də FETÖ-nün necə böyük təhlükə olduğuna dair qənaət tam formalaşmayıb.

Geri qayıt