Əsas Səhifə > Partiya, Güney Press > "Buyurun, siz də öz üzərinizə düşən ən primitiv vəzifəni yerinə yetirin..."

"Buyurun, siz də öz üzərinizə düşən ən primitiv vəzifəni yerinə yetirin..."


29-06-2023, 07:07
"Buyurun, siz də öz üzərinizə düşən ən primitiv vəzifəni yerinə yetirin..."
DİA.AZ: - "Demək istəmirdim, amma deməyə də bilmirəm. Bu qədər həngamədən sonra Naxçıvanda hələ də öz adı ilə öz problemlərini dilə gətirə bilməyən insanlar var və onlar məni onların adından danışmadığım üçün topa tuturlar". DİA.AZ bildirir ki, bunu öz açıqlamasında tanınmış jurnalist və əslən Naxçıvandan olan Heydər Oğuz qeyd edib.

Son günlər sosial şəbəkələrdə barəsində neqativ rəylərin artdığından yorulduğunu ifadə edən jurnalist bu məsələni aşağıdakı kimi yorumlayıb:

"Halbuki Naxçıvanın halı mənim kimlərinsə adından danışmağımla həll olunmayacaq. O zaman həll olunacaq ki, hər kəs öz dərdini uca səslə dilə gətirəcək.

Mən bir jurnalistəm və bir jurnalist kimi öz dərdini dilə gətirənlərin sözünü ictimailəşdirnəyə hazıram. Buyurun, siz də öz üzərinizə düşən ən primitiv vəzifəni yerinə yetirin. Sonra kimisə ittiham edərsiniz".

"Buyurun, siz də öz üzərinizə düşən ən primitiv vəzifəni yerinə yetirin..."

DİA.AZ olaraq Heydər Oğuzun qeyd olunan məsələyə daha geniş reaksiyasını təqdim edirik:

"Bunu mənim bir paylaşımımın altına Naxçıvanda yaşayan bir vətəndaş yazıb. Mədəni şəkildə məni lənətləyib və xalqdan uzaq düşməkdə günahlandırıb.

Yəqin ki, bu lənətlənməyimin səbəbi Naxçıvan mövzusunu əvvəlki kimi gündəmdə tutmadığıma görədir. Bir söz demirəm, haqlıdır. Naxçıvan mövzusuna əvvəlki kimi zaman ayıra bilmirəm. Bilirsinizmi niyə? Çünki Naxçıvanda aparılan islahat yarımçıq buraxılıb. Nəticədə yerli hakimiyyətin bir ucu köhnə, digər ucu təzə komandanın ixtiyarında qalıb. Beləcə təzə komanda köhnə arabanın 5-ci təkərinə çevrilib. Və mən də bu problemi etdiyim çıxışlarda, yazdığım yazılarda dəfələrlə dilə gətirmişəm. Görünür, məndən gözlənilən qırıq val kimi səhər-axşam demədən eyni sözləri təkrarlamaqdır.

Məni lənətləyən Naxçıvan sakini görünür, son zamanlar Ukrayna məsələsinə daha çox yer ayırmağı xalqdan uzaq düşməyim kimi qiymətləndirir. Halbuki, mənim Ukrayna hadisələri barədə oxucularımı məlumatlandırmağımın əsas səbəbi bizi gözləyən təhlükə barədə xəbərdarlıq etməkdir. Zira Ukraynada təkcə o məmləkətin yox, həm də bütünlüklə post-sovet məkanının, hətta Avropanın və dünyanın taleyi həll olunur. Azərbaycanda və o cümlədən Naxçıvanda bir çox problemlərin çözümü Ukraynada Rusiya üzərində qazanılacaq qələbədən asılıdır.

O ki qaldı tarixdə qalıb-qalmamaq məsələsinə, səmimi şəkildə ərz edim ki, mənim elə bir dərdim yoxdur. Mən Naxçıvanın bəzən qiybətə varan dərdlərini yazmaqla da tarixə düşməyəcəyəm. Ona görə ki, ətrafımızda baş verən hadisələr öz məntiqi sonluğuna çatmasa, kimlərinsə düşməyə çalışdığı tarixin özü olmayacaq. Niyə? Çünki müstəmləkə xalqların tarixi olmur. Müstəmləkə xalqlar sadəcə öz əfəndilərinin tarixini yaşayırlar. Və yaşadıqları hadisələr özlərinin yox, əfəndilərinin tarixini rövnəqləndirir.

Çox uzağa getməyək, Azərbaycan 200 il bundan əvvəl rus imperiyası tərəfindən işğal olundu. O gündən bu torpaqlarda bizim tariximizin son səhifəsi bağlandı və rus tarixi başladı. Bu 200 il ərzində yaddaşlarımızda qalan nədir? Yəqin ki, 1918-ci qurulan və 2 il belə yaşamayan Azərbaycan Demokratik Cümhuriyyəti. Bir də ən müasir tariximiz. O da hələ boz səhifə kimi qarşımızda dayanır.

Açığı, mənim də təvazökar mübarizəm Azərbaycan tarixinin yenidən yazılması üçün əlimdən gələni etməyə yönəlib. Və mən təbii ki nə vaxtsa yazılacaq, o tarixə düşməyəcəyəm. Yəqin ki, siz də. Çünki bu, bizdən asılı deyil. Amma övladlarımızın öz tarixini yaratması və tarixə düşməsi üçün zəmin hazırlaya bilərik. Bu isə rus imperializminə qarşı bütün post-sovet məkanının birgə aparacağı mübarizədən, bu da olmasa belə, heç olmasa onlara verəcəyimiz mənəvi dəstəkdən keçir".
Geri qayıt