Əsas Səhifə > Partiya, Güney Press > "Tarix boyu bu imperiyanın böhranları müharibələr zamanı baş verib"

"Tarix boyu bu imperiyanın böhranları müharibələr zamanı baş verib"


16-06-2023, 09:38
"Tarix boyu bu imperiyanın böhranları müharibələr zamanı baş verib"
“Onsuz da Rusiyanın daxilində böhran başlayıb. Və təhlillər göstərir ki, tarix boyu bu imperiyanın böhranları müharibələr zamanı baş verib. Məsələn, XIX əsrdə Krım müharibəsindən sonra başlanan böhran fonunda təhkimçilik hüququ ləğv olunub. Rus-yapon müharibəsindən sonra 1905-1906-cı illər inqilabı olub. 1914-cü ildə Birinci Dünya savaşı başlayandan cəmi 3 il sonra Rusiyada sosialist inqilabı baş verib. Bir sözlə, hər böyük savaşdan sonra bu ölkədə daxili böhran başlayır”.

DİA.AZ bildirir ki, bu fikri Moderator.az-a açıqlamasında ixtisasca tarixçi olan, tarix elmləri namizədi, Milli İstiqlal partyasının fəxri lideri Etibar Məmmədov “Bir il yarıma yaxındır Ukraynaya birbaşa silahlı təcavüz etmiş Rusiyanın Kaxovka SES bəndinin partladılması kimi iyrənc təxribatından sonra bu ölkənin öz daxilində böhran prosesləri daha da güclənəcəkmi?" sualını cavablandırarkən ifadə edib.

“Artıq 2022-ci ilin ortalarından, yəni Rusiya ordusunun Ukrayna ərazisinə təcavüzə başlamasından az sonra imperiya daxilində böhranın başlandığı hiss olunur. İndi isə həmin böhranın daha da gücləndiyi görünür. Və hesab edirəm ki, Ukraynaya təcavüzünün, bu ölkədəki ədalətsiz savaşının nəticəsi olaraq Rusiyanın yenidən dağılma prosesi başlayacaq”,- deyə davamında siyasətçi əlavə edib.

“Artıq Ukrayna tərəfdə vuruşan ruslardan ibarət taborların Rusiya ərazisinə keçərək savaşmasından sonra Rusiya daxilində XX əsrin əvvəlində olduğu kimi ağ qvardiyaçılarla qırmızı qvardiyaların vuruşduğu vətəndaş müharibəsi başlaya bilərmi?” sualına isə keçmiş tarixçi belə cavab verib:

“Bəli, Rusiyada 1918-1920-ci illərdəki kimi vətəndaş müharibəsi də gözlənilir. Necə ki, Rusiya Krımın ilhaqından sonra Donetsk və Luqanskda öz təxribatçıları vasitəsilə separatçı hərbi birləşmələr yaratmağa başlamışdı, hazırda buna adekvat silahlı qruplaşmalar da onun öz ərazisində yaranmaqdadır. Və bu da əvvəl-axır həmin daxili müharibəyə gətirib çıxaracaq. Artıq, demək olar ki, bu müharibə də başlayıb...”

Geri qayıt