Əsas Səhifə > Partiya, Güney Press > “Prezidentdən başlamış bunların hamısı deyir ki, bizim heç nədən xəbərimiz yoxdur...”

“Prezidentdən başlamış bunların hamısı deyir ki, bizim heç nədən xəbərimiz yoxdur...”


14-06-2023, 10:24
“Prezidentdən başlamış bunların hamısı deyir ki, bizim heç nədən xəbərimiz yoxdur...”
1993-cü il iyunun 8-də Azərbaycan parlamentdə 4 iyunda Gəncədəki qiyamda baş verənlərin müzakirəsi zamanı o vaxtkı hakimiyyətə müxalifətdə olan deputatların çıxışlarından belə məlum olur ki, guya həmin qarşıdurmada korpus komandiri, qiyamçı polkovnik Surət Hüseynovun 69 tərəfdarı həlak olub. Bundan əlavə, guya 709-cu hərbi hissənin yerləşdiyi kazarmalar səhər saatlarında tanklarla dağıdılıb və orada yatan əsgərlər dağıntılar və tanklar altında qalaraq həlak olub. Bu barədə bəhs edilən iclasda çıxış edən deputatlar, o cümlədən Etibar Məmmədov və Tahir Əliyev də danışır. Hətta iddia edilir ki, guya deyilən faktları təsdiqləyən foto və video-sənədlər olub...

DİA.AZ bildirir ki, 8 iyun 1993-cü il tarixli iclasda iştirak etmiş və öz çıxışında qeyd edilmiş rəqəmi səsləndirmiş və həlak olanlar barədə də danışmış və buna görə o vaxtkı parlament sədri İsa Qəmbəri də kəskin ittiham etmiş istiqlalçı deputat, o dövrdə AXC hakimiyyətinə müxalifətdə olan Milli İstiqlal Partiyasının keçmiş sədri Etibar Məmmədov Moderator.az-a açıqlamasında belə deyib:

“O hadisələrin nəticələri barədə video, sənədlər olması haqda Tahir Əliyev danışıb, onu mən deməmişəm”.

“Bəs sizin bir müxalif partiya lideri kimi özünüzün Gəncədəki 4 iyun olayları haqda daha dəqiq məlumat əldə etmək üçün özəl araşdırmanız olubmu? Axı sizin partiyanın Gəncədə mərhum Şadman Hüseynov kimi etibarlı adamlarınız da var idi” sualını istiqlalçı deputat bu cür cavablandırıb:

“Hadisə olub. Təəssüf ki... Qarşılıqlı atışma da olub. Surət Hüseynovu həbs etmək cəhdi də olub, amma bu, bacarıqsız olub. Ondan sonra da həmin hadisələr baş verib. Yəni bütün bunlar AXC hakimiyyətinin bacarıqsızlığından və əhalini də özlərinə qarşı qaldırmasından xəbər verir. Bu hadisələrdən sonra vətəndaşlar, xalq həmin hakimiyyəti müdafiə etmədi. Bu da faktdır, hamısı göz qarşısında olub. Yəni o iqtidar öz etmadlarını o qədər itirmişdi ki, həm Gəncəyə göndərdiyi adamlar öz bacarıqsızlıqlarını nümayiş etdirdi və hətta bir hissəsi tabesizlik göstərərək Bakıdan gələn əmrlərə tabe olmadı. Digər hissəsi isə Gəncədə səri düşdü. Yəni çox biabırçı bir vəziyyət yarandı... Bunun qarşısına almaq üçün o zaman hakimiyyət birinci növbədə ictimaiyyətə düzgün məlumat çatdırmalıydılar. Və eyni zamanda hakimiyyətin bütün qurumlarına, eləcə də parlamentə düzgün informasiya verməliydilər. Və Milli Məclisin o günlərdəki iclaslarının stenoqramlarına baxsanız, görərsiniz ki, prezidentdən başlamış bunların hamısı deyir ki, bizim heç nədən xəbərimiz yoxdur... Yəni xəbərləri yox idisə, deməli, bunlar hakimiyyəti idarə edə bilmirdilər. Xəbərləri var idisə, bunun izahatını verməli və Gəncədəki hərəkətlərinin qanuniliyini sübuta yetirməli idilər. Bir sözlə, eyni şeyləri 30 il ərzində təkrar-təkrar müzakirəyə çıxarmağın, zənnmcə, heç bir mənası yoxdur və AXC hakimiyyətindəkilər də elədiklərini vaxtında etiraf etsəydilər, daha yaxşı olardı, nəinki 25 ildən sonra etiraf etmələri... Onu da xatırladım ki, o vaxtkı baş nazir Pənah Hüseynin nəşr etdirdiyi Gəncə olaylarından öncə keçirilmiş Təhlükəsizlik Şurasının stenoqramından da bəlli olur ki, prezident Əbülfəz Elçibəyin Gəncədə etiraza qalxan qüvvələrin məhv edilməsi haqda göstərişi də olub. Yəni bu, mənim sözüm deyil, sabiq hökumət başçısının mediada yaydığı stenoqramdandır... Bir sözlə, 4 iyunda Gəncədə deyilənlər olub. Amma AXC iqtidarı onun qarşısını ala bilməyib. Çünki öz daxillərində bir-birlərinə qarşı mübarizə aparır, bir-birlərinin işinə əngəl törədirdilər.... Və hər birinin də 4 iyun olaylarından istifadə etmək üçnü öz məqsədləri var idi...”

“8 iyun iclasında, dediyiniz kimi, Tahir Əliyevin də barəsində danışdığı 4 iyun olayları zamanı Surət Hüseynovun tabeliyindəki 709-cu hərbi hissənin kazarmalarının tanklarla amansızlıqla dağıdılmasını, əsgərlərin meyitlərinin də görsəndiyi foto və video-sənədlər sonradan siz özünüz görmüşdünüzmü?” sualına keçmiş müxalifətçi partiya lideri bu cür cavab verib:

“Xeyr, bunlar haqqında mənim məlumatım yoxdur. Ondan sonra yenə də dövlət istintaq komissiyası da yaradılıb. Həmin komissiyanın tərkibində AXC hakimiyyətinin təmsilçiləri də iştirak edib. O cümlədən Mirmahmud Fəttayev və Mətləb Mütəllimov da... Həmin dövlət istintaq komissiyasının rəyi də o vaxtkı mətbuatda çap olunub. Onları tapıb tanış ola bilərsiniz. Mənim də onlara şərh vermək fikrim yoxdur...”

Geri qayıt