Əsas Səhifə > Partiya, Güney Press > Sərdar Cəlaloğlu deyir ki...

Sərdar Cəlaloğlu deyir ki...


13-06-2023, 16:19
Sərdar Cəlaloğlu deyir ki...
“Prezident Ərdoğanın Azərbaycana səfəri xüsusi əhəmiyyətə malikdir və buradan dünyaya mesajlar verilir. Seçkidə qalib gələn prezidentin ilk səfər etdiyi ölkələr yaxınlığı ilə xarakterizə olunur. Prezident Ərdoğan da Şimali Kipr Türk Cümhuriyyətindən sonra ilk səfərini Azərbaycana etdi. O, seçkilərdə qələbə qazandıqdan sonra elan etmişdi ki, Azərbaycana səfər edəcək. Bakıda da mesaj verdi ki, Türkiyənin dünyada bir nömrəli dostu və müttəfiqi Azərbaycandır. Əslində Azərbaycan və Türkiyənin bütün mövqeləri üst-üstə düşür”.

DİA.AZ bildirir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlu diqqətə çatdırıb ki, son 30 ildə Azərbaycan Türkiyəni, Türkiyə isə Azərbaycanı gücləndirmək siyasəti aparıb və buna sadiq olublar. Partiya sədri xüsusilə qeyd edib ki, Azərbaycan həm də türk dövlətinin strateji maraqlarının həyata keçməsində aparıcı rol oynayıb: “Bura həm də türk dövlətləri arasında əməkdaşlıq və Turan ideyasını da daxil edərdim. Nəzərə almaq lazımdır ki, Azərbaycan əsas qlobal layihələri Türkiyə üzərindən inşa etməklə qardaş ölkəni gücləndirib”.

S. Cəlaloğlu bildirib ki, türk dövlətləri arasında əməkdaşlıq və yaxınlaşma prosesində Azərbaycan açar ölkədir: “Azərbaycanın iştirakı olmadan Türkiyə bu prosesi arzuladığı şəkildə apara bilməz. Odur ki, bu məsələlərin hamısı bir-birilə bağlıdır və Azərbaycan gedən proseslərdə aparıcı rollardan birini oynayır. Üstəlik, Azərbaycan-Türkiyə münasibətləri digər türk dövlətləri üçün nümunə sayılır”.

Cəlaloğlu deyib ki, prezident Ərdoğanın bu səfəri Azərbaycan-Türkiyə münasibətlərini yeni səviyyəyə qaldıra bilər. Onun fikrincə, münasibətlər onsuz da üst səviyyədədir və bunu daha da möhkəmlətmək üçün işlər görülür: “Məsələn, biz əvvəllər də qeyd etmişik, indi də düşünürük ki, bu iki qardaş ölkə konfederativ əsaslara baxmalıdır. Eyni zaman biz təklif edirik ki, Azərbaycan və Türkiyə ordularını və xarici siyasətlərini birləşdirsinlər. Heç olmasa, birinci mərhələdə ordular birləşdirilsin.

Həmçinin Xankəndi iqtisadi zonasında olan əcnəbi qüvvələr tədricən ölkəmizdən çıxmalı, Qarabağda Azərbaycanın dövlət suverenliyi tam gücü ilə işləməlidir. Eyni zamanda Türkiyə Azərbaycanın Qafqazda lider ölkə olması, habelə Azərbaycanın bütövləşməsi üşün lazım olan dəstəyi əsirgəməməlidir”.

ADP sədri sonda əlavə edib ki, Ərdoğanın səfəri həm də Azərbayan xalqına bir təşəkkür jestidir:

“Türkiyədə prezident seçkiləri kampaniyası və səsvermə günlərində türk vətəndaşları qədər azərbaycanlılar da Ərdoğanın seçilməsini, qalib gəlməsini istəyirdi. Odur ki, bu səfərə təşəkkür jesti kimi də baxmaq olar. Lakin aydındır ki, ənənə var və bu, uzun illər davam edəcək. Cənab Ərdoğan da bəyan etdi ki, Türkiyənin bir nömrəli dostu və müttəfiqi Azərbaycandır. Bu o deməkdir ki, Azərbaycanın dostu, qardaş Türkiyənin dostu, düşməni isə düşmənidir. Azərbaycanın da Türkiyəyə münasibətdə yanaşması elə bu cürdür”.

Geri qayıt