Əsas Səhifə > Partiya, Güney Press > "İndi həmin partiyalar seçki maraqlarını təmin ediblər"

"İndi həmin partiyalar seçki maraqlarını təmin ediblər"


16-05-2023, 16:18
"İndi həmin partiyalar seçki maraqlarını təmin ediblər"
“Türkiyədəki prezident seçkilərinin nəticələri cənab Ərdoğan və türk xalqının ən böyük naliyyətidir. Bu, həm də dünyaya ciddi mesajdır. O mənada ki, seçkiyə qədər Ərdoğanı diktator adlandırır, hakim partiyanın seçkiləri saxtalaşdıra biləcəyi iddia edilirdi. Amma seçki saxtalaşdırılmadı, hətta müxalifət gözəl seçki təşkilinə görə hakimiyyətə təşəkkür etdi. Başqa sözlə, Türkiyə hətta ABŞ-dan da nümunəvi, demokratik və azad seçkilər keçirdi və bununla fəxr edə bilər. Mən deyərdim ki, bu seçki eyni zamanda islam tarixində demokratik seçkilər baxımından nümunədir, digər islam ölkələri üçün presedentdir”.

DİA.AZ bildirir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu mayın 14-də Türkiyədə keçirilmiş prezident və parlament seçkilərindən danışarkən deyib.

Sərdar Cəlaloğlu bildirib ki, Rəcəb Tayyib Ərdoğan seçkilərin birinci turunda qalib gəlib və ikinci turda da türk xalqı onun siyasətini dəstəkləyəcək, onu daha güclü edəcək.

ADP sədri hesab edir ki, Ərdoğan ikinci turda 10-15 faiz səs fərqi ilə qalib olacaq: “Bunu qaçılmaz edən məqamlar var. Nəzərə almaq lazımdır ki, Kamal Kılıçdaroğlunu bir neçə siyasi partiya dəstəkləyirdi, çünki prezident seçkiləri ilə yanaşı həm də parlament seçkiləri keçirilirdi. İndi həmin partiyalar seçki maraqlarını təmin ediblər. İkinci turda isə ancaq prezident seçkiləri keçiriləcək. Deməli, bu partiyalar seçkilərdə maraqlı olmayacaq, çünki maraqlarını təmin ediblər.

İkincisi, bu seçkilərdə müxalifət namizədinin ətrafına müəyyən praqmatik şəxslər toplaşmışdı, amma indi onlar görürlər ki, müxalifətin qələbə şansı yoxdur, bu səbəbdən də Ərdoğana yaxınlaşmaq və ya müxalifət namizədinin yanında olmadığını nümayiş etdirməyə çalışacaqlar. Çünki onlar üçün ideoloji məsələ yox, maraqlar vacibdir.

Üçüncüsü, Kamal Kılıçdaroğlunun intellektual və maliyyə resursu yoxdur ki, ikinci turda seçki kampaniyası aparsın. Olan intellektual potensial və maliyyə birinci turda xərclənib. Odur ki, ikinci turdan imtina məsələsi də ortaya çıxa bilər”.

S. Cəlaloğlu qeyd edib ki, Ərdoğanın qələbəsi həm də Azərbaycanın maraqlarına uyğundur:

“Türkiyədəki seçkilərlə paralel olaraq Brüsseldə Azərbaycan və Ermənistan arasında danışıqlar getdi. Hesab edirəm ki, bu danışıqlar ciddi nəticələrə səbəb olmayacaq. Çünki beynəlxalq münasibətlər, cəbhədəki durum Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını mümkün saymır. Nəticədə danışıqlar üçün yeni formatlar ortaya atılır. Bu da Minsk qrupu kimi 30 il davam edə bilər. Odur ki, bu prosesdə Azərbaycan dostlarını itirməli deyil, yeni dostlar qazanmalı, beynəlxalq siyasətdə aparıcı fiqur və mərkəzlərlə işini dərinləşdirməlidir”.

ADP sədri sonda diqqətə çatdırıb ki, Türkiyə prezidenti Ərdoğan Qarabağ məsələsində Azərbayanın haqq işinə əvvəldən dəstək verib, bu məsələyə prinsipial yanaşıb. Bu baxımdan Ərdoğanın qələbəsi Azərbaycanın maraqları daxilindədir.

Geri qayıt