Əsas Səhifə > Partiya, Güney Press > "Bu, bir demokratiya testidir"

"Bu, bir demokratiya testidir"


9-05-2023, 07:04
"Bu, bir demokratiya testidir"
Geyim təqdimatdır - hər bir insan geyimi ilə özünü cəmiyyətə, auditoriyaya (və yaxud istədiyi şəxsə) təqdim edir, sevilməsi üçün fürsətlərdən biri hesab edir.

Hər kəs özünü və mahiyyətini ətrafa həm də geyimi ilə tanıdır, şəxsi barədə dolğun təsəvvürün formalaşması üçün paltar seçir.

İlk görüşə, toya, yasa, rəsmi qəbullara gedəndə də hamı ilk növbədə geyim seçir.

Bir sözlə, geyim həm də bizim ətrafı özümüzə cəlb etmək üçün formalardan biridir. Necə deyərlər, insanları geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar.

Biz bir az da şərqli olduğumuz üçün geyim nümunələrini çox mübahisələndiririk.
Hər kəsin geyiminə qarışırıq.

Avroviziyada bu il bizi təmsil edəcək Tural və Turanın sosial şəbəkədə yayılan şəkillərində də hamı onların geyimindən danışır.

Məncə, müzakirə edəcəyimiz nəsnə onların geyimləri deyil, səsləridir. Heç kim bu barədə danışmır...

Geyim isə onların həm də özlərinə diqqət çəkmələri üçün etdikləri seçimdir. Hamının seçiminə hörmət edək. Ələlxüsus, şəxsi olan şeylərə qarışmayaq.

Onların geyimi topluma, cəmiyyətə ziyan vurmur. Seçdikləri mahnını pis ifa etsələr, ya mahnı seçimləri düz olmazsa, bax, onda tənqid edin.

P.S. Geyim insanı həm də gözəlləşdirir. Hər kəs necə gözəl göründüyünü özü daha yaxşı müəyyən edir. Seçimlərə və gözəlliklərə sayğılı olaq.

P.P.S. Bu, bir demokratiya testidir. Biz həm də cəmiyyətimizi, onun əhvali-ruhiyyəsini, liberalizmi, azad cəmiyyətə münasibətini, yaşam tərzlərinə, fərqli mədəniyyətlərə dözümlülüyünü araşdırırıq.
Nəticələrdən asılı olaraq, siyasi mesajlarımızı və proqramlarımızı müəyyən edirik.

Rəy yazan, mövqe bildirən hər kəsə təşəkkürlər...

İqbal Ağazadə - Ümid Partiyasının sədri
DİA.AZ
Geri qayıt