Əsas Səhifə > Partiya, Güney Press > “Silahlı ermənilər Qarabağı tərk etmək məcburiyyətində qalacaq”

“Silahlı ermənilər Qarabağı tərk etmək məcburiyyətində qalacaq”


25-04-2023, 09:00
“Silahlı ermənilər Qarabağı tərk etmək məcburiyyətində qalacaq”
“Azərbaycan dövlət strukturlarının Gorus-Laçın yolunu nəzarətə götürməsi, burada nəzarət-buraxılış məntəqəsi yaratması çox əhəmiyyətli hadisədir, faktiki olaraq Azərbaycan dövləti bununla Qarabağa nəzarəti tam təmin edir. Əslində prezident Əliyevin Salyan rayonunda verdiyi bəyanatdan sonra, mən qeyri-adi bir hadisənin baş verəcəyinin gözləyirdim, amma bunun nəzarət-buraxılış məntəqəsinin yaradılması olacağını düşünmürdüm”.

Bunu professor Cümşüd Nuriyev aprelin 23-də Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsindən danışarkən deyib.

Professor qeyd edib ki, 44 günlük müharibədən sonra hər kəs belə bir məntəqənin qurulmasını vacib saysa da, bunu reallaşdırmaq çətin idi: “İndi Azərbaycan güclü dövlət olduğunu növbəti dəfə isbat edərək Azərbaycan-Ermənistan sərhədində, daha doğrusu, Ermənistanı Qarabağla birləşdirən yolda məntəqə qurub. Bunu alqışlamaq lazımdır”.

Nuriyev əlavə edib ki, Ermənistanla Xankəndi separatçıları arasında dövlət sərhədinin bərpa edilməsi və müvafiq nəzarət-buraxılış məntəqəsinin qurulması bir neçə istiqamətdə şərh oluna bilər:

“Birincisi, bu addımla Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçdi. Nəzarət-buraxılış məntəqəsinin qurulması ilə Ermənistanla Xankəndi separatçıları arasında xətt çəkildi. Mənim qənaətimcə, aylardır bu yolun üzərində aksiya keçirən bizim eko-fəalların etirazları davam etdirməsinə daha ehtiyac qalmır, hər halda onlar özləri qərar verəcəklər.

İkincisi, nəzarət-buraxılış məntəqəsinin qurulması ilə Ermənistandan Qarabağa ötürülən və Azərbaycan dövlətinə qarşı çevrilən silahların önü kəsilir. Bundan sonra ermənilərin Qarabağa silah-sursat keçirmək imkanları olmayacaq. Bu, olduqca vacib məsələdir.

Üçüncüsü, prezident İlham Əliyev açıq mesaj vermişdi ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin təhlükəsizliyi təmin ediləcək, hüquqları qorunacaq. Fikrimcə, ermənilər üçün bu mesaj indi daha çox əhəmiyyət kəsb edəcək. Eyni zamanda Ermənistandan Qarabağa silahlı şəxslərin gəlişinin qarşısını alınır.

Dördüncüsü, mənim ehtimalıma görə, indi Qarabağda olan silahlı ermənilərin mülki vətəndaş simasında ərazidən ayrılması və Ermənistana dönüşü prosesi başlayacaq. Bu günə qədər Qarabağdakı separatçıların “qidası” Ermənistan idi. Bu “qidanın” kəsilməsi ilə separatçılara böyük zərbə vuruldu”.

C. Nuriyevin fikrincə, bundan sonra azərbaycanlıların öz el-obasına qayıdışı başlayacaq: “Laçın əhalisi geri qayıdacaq, eləcə də digər rayonlarımızın sakinləri. Əlbəttə, bu prosesdə Xankəndi, Ağdərə, Xocavənd, Xocalıda yaşayan əhalimizidin də geri qayıtması gündəmə gələcək. Aydındır ki, bütün bunlar ermənilər üçün çox dəhşətli reallıq olacaq və onları dərindən düşünməyə sövq edəcək”.

Professor sonda əlavə edib ki, Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qurmasının siyasi, hüquqi, iqtisadi, diplomatik əhəmiyyəti var və bu, prezident İlham Əliyevin apardığı effektiv siyasət nəticəsində ortaya çıxmış reallıqdır.
Reyting.az

Geri qayıt