Əsas Səhifə > Partiya, Güney Press > “Bu addım yalnız biabırçılıq olar”

“Bu addım yalnız biabırçılıq olar”


11-04-2023, 01:01
“Bu addım yalnız biabırçılıq olar”
“Qərbin Cənubi Qafqazda geostrateji siyasəti Rusiyanın region üzərində yürütdüyü imperial siyasəti ilə fərqlənmir”.

DİA.AZ bildirir ki, bu sözləri politoloq Zərdüşt Əlizadə Cebhe.info-ya açıqlamasında Cənubi Qafqazda Rusiya-Qərb rəqabətindən danışarkən bildirib. O qeyd edib ki, hər iki tərəf Azərbaycan və erməni xalqları arasında münaqişənin davam etdirilməsində maraqlıdır:

“Qərbin siyasi dairələri istəyirlər ki, Cənubi Qafqazda yalnız özləri fəaliyyət göstərsinlər və Rusiya bu regiondan çıxsın. Rusiya da Cənubi Qafqazı öz “bağçası” hesab edir və regiona Qərbin daxil olmasını istəmir. Həmin siyasətin mahiyyəti nədən ibarətdir? Həm Rusiya, həm də Qərbin siyasi mövqeyinə görə, Azərbaycan və Ermənistan arasında ziddiyyət, çaxnaşmalar davam etməlidir. Çünki bu, Rusiya və Qərbə prosesdə barışdırıcı funksiyasını yerinə yetirən vasitəçi kimi iştirak etməsinə şərait yaradır”.

Politoloqun fikrincə, Ermənistan ABŞ və Avropa İttifaqının xarici siyasətində mühüm yer tutur:

“Nəzərə alaq ki, Azərbaycan Rusiyadan az asılıdır. Ancaq Ermənistan siyasi, iqtisadi və hərbi cəhətdən tamamilə Rusiyadan asılıdır. Buna görə də Qərb Ermənistan üzərində çox fokslanıb. Əgər Ermənistan Moskvanın təsirindən qoparılarsa, Rusiyanın regionda təsiri azalmağa doğru gedəcək”.

Qərbin Azərbaycan və Ermənistan bağlı xarici siyasətində əsas mahiyyətə toxunan Z.Əlizadə vurğulayıb ki, ABŞ və Avropa İttifaqı Rusiya kimi Ermənistanın təcavüzkar siyasətini müdafiə edə bilməz: “Ermənistan hakimiyyəti çox istəyir ki, həm Rusiyanın təsirindən çıxsın, həm də Qərb regionda Rusiyanın indiyə qədər icra etdiyi vəzifəni üzərinə götürsün. Yəni Qərb ermənilərin təhlükəsizliyinin qorunması bəhanəsi altında Ermənistanın işğalçılıq siyasətini müdafiə etsin. Qərb isə bunu edə bilməz və edə bilməyəcək də. Çünki Qərb dövlətlərinin Cənubi Qafqazda qoşunları yoxdur. Həm də ona görə ki, Ermənistanın qonşu dövlətə qarşı işğalçılıq və təcavüzkar siyasətini dəstəkləmək beynəlxalq hüququi cəhətdən mümkün deyil. Qərbin bu istiqamətdə addım atması yalnız biabırçılıq olar”.

Z.Əlizadə qeyd edib ki, Ermənistan Azərbaycana yönəlik səfeh, əbləh və qeyri-qanuni siyasətindən əl çəkməlidir:

“Qarabağı Azərbaycandan qoparmaq, onu “müstəqil” dövlət kimi görmək, Azərbaycanın hər hansı ərazisi üzərində nəzarət hüququnu təbliğ etmək kimi boş xəyallar Ermənistanı uçuruma aparıb. Əgər İrəvan bu xəyallarından əl çəkərsə, Azərbaycan və Ermənistan səmimi və mehriban qonşu ola bilərlər. Yox, əgər Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəklərsə, ordumuz tərəfindən lazımi cavablarını alacaqlar. Düzdüz, bunun baş verdiyi təqdirdə, ermənilər beynəlxalq arenada şivən qoparmağa başlayacaqlar. Deyəcəklər ki, guya Azərbaycan ermənilərə qarşı “soyqırım” törədir, guya ermənilərin beynəlxalq hüquqla tanınmayan hüquqları tapdalanır. Əlbəttə ki, bu, Azərbaycan tərəfindən qəbul edilməyəcək”.

Sülh müqaviləsinin özlüyündə bir əlamət olduğunu deyən politoloq hesab edir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin bərabərhüquqlu şəkildə tənzimlənməsi ən önəmli məsələlərdən biridir:

“Ermənilər öz millətçi təfəkkürlərindən əl çəkməlidirlər. Anlamalıdırlar ki, Azərbaycan xalqı erməni xalqı ilə bərabər eyni hüquqlara malikdir. Bizim öz hüquqlarımız hər kəs tərəfindən tanınmalıdır. Əgər ermənilər öz xəstə xəyallarından imtina edərlərsə, hər iki dövlət arasında ziddiyyət üçün heç bir əsas qalmayacaq”.

Rusiyanın regionda sülhə və barışığa ən böyük əngəl olması ilə bağlı fikirlərə Z.Əlizadə bu cür münasibət bildirib:

“Rusiyanın hakim zümrəsi, yəni rüşvətxor, cinayətkar və öz xalqının hüquqlarını tapdalayan Putin hakimiyyəti üçün Cənubi Qafqazda sülhün və əmin-amanlığın olmaması məqbuldur. Əslində isə, Rusiya öz cənubunda iki xalqın bir-biri ilə mehriban yaşamasında maraqlı olmalıdır”.

Geri qayıt