Əsas Səhifə > Partiya, Güney Press > Müsavat Partiyasını kim parçalayıb?

Müsavat Partiyasını kim parçalayıb?


17-03-2023, 15:21
Müsavat Partiyasını kim parçalayıb?
Azərbaycan Demokratiya və Rifah Partiyasından istefa verən professor Adil Qeybulla belə bir bəyanat verib: "2014-cü ildə Müsavatın parçalanması böyük bir proje idi. Zatən bunun detalları açılsa yəqin ki, ləyaqəti olan heç kəs bu məsələyə biganə qalmaz”.
Xatırladım ki, Müsavat partiyasının divan üzvü olmuş Qubad bəy 2014-cü ilin sentyabrında partiyanın sədrliyinə keçirilən seçkilərdə iştirak edərək 228-ə qarşı 200 səs toplayaraq Arif Hacılıya uduzub. Müsavat Gənclər Təşkilatının sədri olan Tural Abbaslı bu seçkidə 19 səs qazanmışdı. Qubad İbadoğlu 2015-ci il fevralın 6-da Müsavat partiyasından xaric edilib. Tural Abbaslı isə 2016-cı ildə isə Müsavat Partiyasından istefa verib. Onların hər ikisi Müsavat Partiyasından öz tərəfdarları ilə birlikdə ayrılıb. Nəticədə partiya parçalanıb. Tural Abbaslı 2016-cı ildə yaradılmış Ağ Partiyanın sədridir...
Sayın Adil Qeybulla dediklərindən belə çıxır ki, Qubad İbadoğlu və Tural Abbaslı iqtidarın sifarişi ilə partiyanın parçalanmasına can atıb və buna da ən azı qismən nail olub. Nəzəri baxımdan o da mümkündür ki, bu projeni iqtidar yox, AXCP sifariş verib.
Ancaq nə Qubad İbadoğlu, nə də Tural Abbaslı AXCP-yə xüsusi məhəbbət sərgiləmir. Ona görə də bu ehtimal ağlabatan görünmür...
Əlbəttə, Müsavat kimi iqtidarın bir addımlığında olan partiyanı hansısa xarici qüvvə də parçalamaqda maraqlı ola bilərdi. Nəzəri baxımdan bu da mümkündür.
Sayın Adil bəy oxu atıb, yayı isə gizlədir. Və müxtəlif interpretasiyalara meydan verib.
Mən öz adımdan sayın Adil Qeybulladan xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirsin. Xüsusən mənim üçün maraqlıdır ki, Adil bəy bu projenin mövcudluğundan nə vaxt xəbər tutub...
Mən 1997-ci ildən Müsavat Partiyasının üzvü olmuşam. Yəqin ki, məni partiya sıralarından çoxdan çıxarıb atıblar. Mənim üçün bu, o qədər də önəmli deyil. Mən bütün varlığımla özümü müsavatçı bilirəm. Özümü Məmməd Əmin Rəsulzadə ideyalarının daşıyıcısı sayıram. Hesab edirəm ki, hər bir azərbaycanlı müsavatçı olmalıdır. Yoxdan bizə dövlət yaratmış kişilərin qoyduğu yolla getməlidir. Onu da deyim ki, mən Müsavat Partiyasının parçalanmasına qarşı olmuşam. O da sirr deyil ki, Müsavat Partiyası parçalandıqdan sonra “Ana Müxalifət” rolunu itirdi və bu statusa AXCP-e yiyələndi...
Ümid edirəm ki, sayın Aqil Qeybulla, eləcə də Qubad İbadoğlu və Tural Abbaslı “Müsavatın parçalanması böyük bir proje idimi” sualına cavab verəcəklər.

Elbəyi HƏSƏNLİ - DİA.AZ

Geri qayıt