Əsas Səhifə > Partiya, Güney Press > "Ruslar istəsələr də, etiraz etməyə də imkanları yoxdur..."

"Ruslar istəsələr də, etiraz etməyə də imkanları yoxdur..."


2-03-2023, 11:14
"Ruslar istəsələr də, etiraz etməyə də imkanları yoxdur..."
Azərbaycan Milli İstiqlal partiyasının lideri Etibar Məmmədov Moderator.az əməkdaşıyla qısa telefon söhbətində Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya son rəsmi səfəri zamanı Azərbaycanın Laçın yolunda keçid-nəzarət postu qurması haqdakı fikirlərinə münasibət bildirib. DİA.AZ həmin söhbəti təqdim edir:

-Etibar bəy, Rusiya baş diplomatı Sergey Lavrovun Bakıya iki günlük son rəsmi səfərindən sonra bölgədə nə dəyişdi?

-Bu səfərdən sonra bölgədə elə bir ciddi dəyişiklik olmayıb hələ. Lavrov da gəldi-getdi. Eşidə biləcəklərini eşitdi. Deyə biləcəklərini dedi... Ancaq ki, ümumən açıq şəkildə deməsə də, Laçın yolunun nəzarətə götürülməsinə faktiki etiraz etməyəcəklərini bildirib...

-Axı Rusiya xarici işlər nazirinin Bakıdakı çıxışından belə çıxdı ki, Rusiya ilə Azərbaycanın Laçın yolunda keçid-nəzarət postu qurulması məsələsi müzakirə olunmur. Sizcə, bundan sonra rəsmi Bakı bu istiqamətdə işlərini davam etdirə biləcəkmi?

- Azərbaycan faktiki olaraq Laçın yolunu nəzarətə götürmək istiqamətində işləri davam etdirir. Və demək olar ki, dövlətimiz, ordumuz qeyri-rəsmi olsa da, həmin yolu nəzarətində saxlayır. İndi proses onun rəsmiləşdirilməsinə getməlidir. Lavrov da çıxışında Laçın yolunda texniki vasitələrdən istifadə sözünü işlətdi. Və təbii ki, texniki vasitələr, yəni rentgen, skaner qurğuları istifadəyə veriləndən sonra onların istifadəsində Azərbaycan dövlət qurumlarının əməkdaşları da iştirak etməlidirlər... Əgər Moskva Laçın yolunda Azərbaycanın texniki nəzarətinə müsbət yanaşırsa, deməli, ümumən nəzarətə etirazları yoxdur. Yəni istəsələr də, hazırkı durumda artıq etiraz etməyə də imkanları yoxdur...

Geri qayıt