Əsas Səhifə > Partiya, Güney Press > "Paşinyan nəinki tənqid olunmadı, əksinə..."

"Paşinyan nəinki tənqid olunmadı, əksinə..."


21-02-2023, 08:25
"Paşinyan nəinki tənqid olunmadı, əksinə..."
Nikol Paşinyan Münxendə Ermənistanın demokratik və insan haqlarına hörmət edən bir ölkə olduğunu iddia edib.

O, fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışı zamanı guya ölkəsində demokratiyanın olduğunu və azad seçkilər keçirildiyini deyib. Halbuki, ölkədə siyasi durum göz qabağındadır.

Ermənistanda Paşinyanın az qala bütün müxaliflərinin barəsində cinayət işi açılıb. Üstəlik, Paşinyan revanşist və ya qeyri-revanşist ayırmadan heç kimin ona qarşı çıxmasına imkan vermir. Ermənistanda axtarışda və ev dustaqlığında olanların da sayı bilinmir. Əgər Paşinyanın iddia etdiyi demokratiya budursa, əksini düşünmək belə çətindir.

DİA.AZ-ın məlumaınta görə, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Cebhe.info-ya açıqlamasında bildirib ki, Qərb təsisatlarının riyakarlığını müşahidə etdiyimiz ən başlıca məsələlərdən biri Ermənistanda insan haqları və demokratiya ilə bağlı sitiuasiyadır:

“Qərb nədənsə xunta quraraq sülh və insanlıq əleyhinə cinayətlərin məcmusunu törətmiş, təməl haqları belə heç bir qanuni əsas olmadan məhdudlaşdırmış Köçəryan-Sarkisyan cinayətkar cütlüyünə göz yumduğu kimi, onları devirməklə hakimiyyətə gələn Paşinyanın da öz siyasi rəqiblərini, müxalif və müstəqil medianı təqib etməsini görməzdən gəlməyə başladı.

Amma yeni model avtoritar sistemə cavab olaraq Paşinyan nəinki tənqid olunmadı, əksinə Ermənistanın Baş naziri Sorosun bilavasitə himayəsi altında “Demokratiya sammiti”ndə iştirak etməyə dəvət olundu. Bildiyiniz kimi, hələ o zaman bu dəvət Ermənistanda ciddi narazılıqla qarşılanmış, erməni siyasi dairələr tərəfindən ölkədə demokratiyanın “D”si belə olmadığı halda Paşinyanın belə bir sammitə qatılmasını absurd addım kimi qiymətləndirilmişdi.

Bildiyiniz kimi, Prezident İlham Əliyev də Qərb mediasına müsahibələrində dəfələrlə insan haqları təşkilatlarının, beynəlxalq parlamentlər və siyasi güc mərkəzlərinin qarşısında Ermənistandakı vəziyyətlə bağlı məsələ qaldıraraq bu təşkilatları ikili standartlara son qoymağa çağırıb”.

Deputat bildirib ki, Ermənistanda oynanan demokratiya dramının əsl mahiyyəti aidiyyəti Qərb təsisatlarını maraqlandırmır:

“İlk növbədə ona görə ki, insan hüquq və azadlıqları faktiki olaraq qlobal müstəvidə Sorosun inhisarında olan məsələdir və çoxsaylı hüquq müdafiə təşkilatları məhz milyarderə bağlı strukturlar tərəfindən maliyyələşdirilir. İkincisi, insan haqları bu gün təəssüf ki, dəyər yox, təsir vasitəsi kimi qəbul edilir”.

Millət vəkili vurğulayıb ki, Ermənistan müstəqil iradə sahibi olmadığı və İrəvana təsir etmək üçün xüsusi vasitəyə ehtiyac duyulmadığı üçün bu ölkədə hüquq və azadlıqların durumu Qərb üçün maraqlı deyil:

“Əlbəttə, Paşinyan da Münxendə məhz bu ikili standartlara əsaslanaraq Ermənistanın demokratik və insan haqlarına hörmət edən bir ölkə olduğunu iddia edib. Erməni Baş nazir arxayındır ki, beynəlxalq insan haqları təsisatları bu məsələdə Ermənistandakı vəziyyəti görməyən, eşitməyən və dinməyən “üç meymunu” oynamaqda davam edəcək”.

Geri qayıt