Əsas Səhifə > Partiya, Güney Press > “NATO Cənubi Qafqazdakı indiki proseslərdə önəmli rol oynaya bilmir”

“NATO Cənubi Qafqazdakı indiki proseslərdə önəmli rol oynaya bilmir”


21-12-2022, 08:42
“NATO Cənubi Qafqazdakı indiki proseslərdə önəmli rol oynaya bilmir”
"NATO Bakı və İrəvan arasında etimadın gücləndirilməsində rol oynaya bilər". DİA.AZ xatırladır ki, bunu hərbi alyansın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib. Hərbi blokun rəsmisi vurğulayıb ki, NATO hər iki paytaxt arasında siyasi dialoq vasitəsilə etimadın gücləndirilməsində dəstəkləyici rol oynaya bilər: "Lakin bizim birbaşa müzakirələrdə konkret mexanizm və ya rəsmi rolumuz yoxdur. Onu da əlavə etmək istəyirəm ki, normallaşma prosesini irəli aparmağa yönəlmiş bütün diplomatik səyləri, Avropa İttifaqının təşəbbüslərini dəstəkləməyə davam edəcəyik”.

Hərbi alyans təmsilçisinin açıqlamasını "Şərq"ə şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, NATO dünyanın ən böyük hərbi təşkilatıdır və zaman-zaman ayrı-ayrı bölgələrdə baş verən proseslərə münasibət açıqlayırlar. Lakin ekspert vurğulayıb ki, hərbi blok Cənubi Qafqazdakı indiki proseslərdə önəmli rol oynaya bilmirlər:

"Onlar özləri də başa düşürlər ki, nəyisə müəyyənləşdirmək və nəyəsə təsir göstərmək gücündə deyillər. NATO torpaqlarımız işğaldan azad olunanadək daim ifadə edib ki, hərbi alyans bu problemin həllinə ciddi töhfə verə bilmir. Təşkilat bunu səlahiyyət çərçivəsindən kənarda olan bir məsələ kimi dəyərləndirib. Yəni hər zaman məsafəli olmağa çalışırdılar. Hazırda Cənubi Qafqazda çox ciddi proseslər gedir və NATO da çalışır ki, müəyyən fikirlərlə "biz də varıq" görüntüsünü versin. Nəzərə alaq ki, hərbi blokun İrəvan və Bakı ilə münasibətləri də eyni səviyyədə deyil. Rusiyanın Ermənistanda 102-ci hərbi bazası var və bu ölkə az qala bütövlükdə Moskvadan asılıdır. Ancaq NATO ilə Azərbaycan arasında sülh naminə əməkdaşlıq proqramı çərçivəsində müəyyən təmaslar qurulur, işlər görülür. Buna rəğmən, düşünmürəm ki, NATO tərəflər arasında kiminsə mövqeyini xüsusi müdafiə edir".
Ü.Cəfərov əlavə edib ki, hərbi alyans rəsmiləri ümumi sözlərlə məsələləri şərh edirlər və heç vaxt praktiki işə keçmirlər: "Biz bənzər ifadələri, sülh çağırışlarını çox eşitmişik. Yəqin ki, ilin sonu olduğuna görə yekun hesabatda dərc olunmaq üçün müəyyən açıqlamalar verirlər".

Geri qayıt