Əsas Səhifə > Partiya, Güney Press > "Biz xaricdə təhsil alan gənclərin hamısından vətənpərvərlik gözləyə bilmərik"

"Biz xaricdə təhsil alan gənclərin hamısından vətənpərvərlik gözləyə bilmərik"


20-12-2022, 08:33
"Biz xaricdə təhsil alan gənclərin hamısından vətənpərvərlik gözləyə bilmərik"
"Bu mövcud problemdir. Azərbaycanda kifayət qədər istedadlı, savadlı , gələcək vəd edən, potensiallı gənclər var. Elmin bütün sahələri üzrə, istər müasir informasiya texnologiyaları, tibb, iqtisadiyyat və sair sahələr üzrə çox savadlı gənclər var ki, onlar əksər hallarda öz hesablarına xaricdəki universitetlərə daxil olurlar. Çox zaman da orada verdikləri imtahan hesabına təqaüd qazanırlar. Deməli onların savadı var ki, pulsuz təhsil alıb mütəxəssisə çevrilirlər. 4-5 il öz sahələri üzrə oxuyub peşəkar mütəxəssis olur və uğur qazanırlar. Niyə geri qayıtmırlar? Çünki geri qayıdanların taleyini görürlər".

DİA.AZ bildirir ki, bu sözləri Ağ Partiya sədri Tural Abbaslı deputat Vahid Əhmədovun "xaricdə təhsil alan gənclər ölkəmizə niyə qayıtmırlar" sualı ilə bağlı fikir bildirərkən deyib.

T. Abbaslı qeyd edib ki, geri qayıdanlara təklif olunan işlər texniki işlərdir və 500-600 manat civarında maaş təklif olunur: " Amma oxuduqları ölkələrdə hətta vətəndaş olmadıqları halda onlara təklif olunan iş imkanları buradakından ən az 3-4 dəfə daha sərfəlidir. Azərbaycan kimi sabaha ümidi olmayan , 500-600 manat var verən, heç bir yüksəlmə perspektivi görünməyən, inkişafa aparmayan bir iş üçün qayıtsınlar, yoxsa Avropada kifayət qədər yüksəlmək , inkişaf etmək imkanları olan və yüksək maaş aldıqları yerdəmi qalsınlar".

Partiya sədri vurğuladı ki, bu dövlətimizin ciddi boşluqlarından biridir və beyin axınıdır: "Elə geridə qalmış ölkələr məhz belə beyinləri itirdiklərinə görə, geridə qalırlar. Azərbaycan bu istiqamətdə addımlar atmalı, konkret işlər görməlidir. Yoxsa Azərbaycan gəncləri xarici dövlətlərdə oxuyacaq, o dövlətlərdə qalacaq və oranın inkişafına tövhə verəcəklər. Biz xaricdə təhsil alan gənclərin hamısından vətənpərvərlik gözləyə bilmərik. Sən orada 5-6 il kirayələrdə , məhrumiyyətlərlə oxu , özünü inkişaf etdir, sonra da qayıt hansısa yekəqarın məmur qohumunun şirkətində 500 manata işlə, ya dövlət qurumunda kompüter arxasında çalış. Azərbaycanda işə götürərkən rüşvət, qohumbazlıq bir kənara qoyulmalıdır ki, yüksək təhsilli kadrlar, xaricdə təhsil alanlar ölkəyə qayıtsınlar. Heç gənclər də valideynlərindən kənarda qalmaq istəməzlər. Ancaq əgər seçim burada qalıb məhv olmaqdırsa, elə ailələr özü də razı olur ki, qal orada. Təəssüf ki, bizim nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, nə Təhsil Nazirliyinin, nə Gənclər və İdman Nazirliyinin bu sahədə bir proqramı yoxdur".

Geri qayıt