Əsas Səhifə > Partiya, Güney Press > "Bizim kimi tanınan, təcrübəli təşkilatın layihəsi qəbul olunmur"

"Bizim kimi tanınan, təcrübəli təşkilatın layihəsi qəbul olunmur"


30-11-2022, 10:08
"Bizim kimi tanınan, təcrübəli təşkilatın layihəsi qəbul olunmur"
Qrantlarla bağlı vahid informasiya sisteminin yaradılmasına dair layihə qəbul edilib. “Qrant haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin dünən keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Təklif edilən dəyişikliyə əsasən, “Qrant haqqında” Azərbaycan Respublikası qanununda 3-cü maddənin yeni 2-2-ci hissəsində qrantların reyestrinin aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
DİA.AZ bildirir ki, qanun layihəsində təklif edilən dəyişikliklərin əsas məqsədinin qrantların alınmasında şəffaflığı təmin etmək, bu sahədə müasir tələblərə cavab verən sistem formalaşdırmaq, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sistemi yaratmaq, nəzərdə tutulan reyestrin eyni forma, metod və prinsiplər əsasında aparılmasını təmin etmək olduğu qeyd olunub. Dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib.

Azərbaycan Vətəndaş Cəmiyyətinə yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı “Şərq”ə açıqlamasında qeyd edib ki, qeyri-hökumət sektorunda uzun illər çalışmış şəxs kimi dəyişikliklərin formal deyil, əsaslı olmasını arzulayır:

- Bilirsiniz ki, uzun illər Milli QHT Forumu İdarə Heyətinin üzvü olmuşam. Forum QHT-yə Dövlət Dəstəyi Agentlik olanadək hər il 200-dən artıq qeyri-hökumət təşkilatına qrant ayrılırdı. Düzdür, layihələrin icrası üçün ayrılan məbləğlər böyük olmurdu, əksər hallarda təxminən 4-7 min manat civarında.

Lakin yenə də ortaya konkret layihələr qoyulurdu və görünən bir iş olurdu. Bu təşkilat yenilənəndən sonra isə qrant alan təşkilatların sayı azalıb, amma məbləğlər artıb. Ortaya konkret iş qoyanlar da azdır. Təmsil olunduğum AVCİYA 44 günlük müharibə, Zəfər günü, Şuşa haqqında kitab nəşrinə maliyyə ayrılması üçün müraciət etdi, müraciətimiz qəbul olunmadı.

Bununla belə biz Şuşa haqqında 4 kitabı öz maliyyə resurslarımız hesabına nəşr etdik. Lakin sonra öyrəndik ki, kitab nəşri ilə bağlı layihənin qalibi tanımadığımız bir təşkilat elan edilib.

Bizim kimi tanınan, böyük təcrübəyə malik təşkilatın layihəsi qəbul olunmur, bizə dəstək verilmir, amma tanınmayan, fəaliyyəti naməlum təşkilat qrant müsabiqəsinin qalibi elan edilir. Ona görə də hazırkı layihə müsabiqələrinin nəticələri məni qane etmir, Agentliyin işindən də narazıyam.

"Qanuna dəyişiklik nə vəd edir" soruşursunuz, məlumata baxıldıqda hər şey əladır, müsbətdir. Amma bu, fəaliyyətdə də özünü göstərəcəkmi, gələcəkdə görəcəyik. Əsas forma deyil, məzmun dəyişikliyidir.

Geri qayıt