Əsas Səhifə > Partiya, Güney Press, Manşet > Müsavat və AXCP yenidən bir araya gələcək

Müsavat və AXCP yenidən bir araya gələcək


7-01-2014, 16:02
Müsavat və AXCP yenidən bir araya gələcək
DİA.AZ: - Məlum olduğu kimi, Müsavat Partiyası Milli Şuradan çıxması barədə bəyanat yayıb. Partiyadan daxil olan bəyanatda bildirilir ki, Müsavat Partiyası Milli Şuranın strukturları formalaşarkən heç bir iddia irəli sürməyərək, hətta siyasi qüvvələrin bu qurumda öz güclərinə adekvat olmayaraq təmsilçiliyinə razılıq verib, Milli Şuranın seçkilərdə vahid namizədlə iştirakı təmin edildikdən sonra, Müsavat Partiyası Məclisi tərəfindən prezidentliyə namizədliyi ilin əvvəlində irəli sürülmüş İsa Qəmbərin namizədliyindən imtina edib, Milli Şuradan asılı olmayan səbəblərdən Rüstəm İbrahimbəyovun seçkilərdə iştirak edə bilməyəcəyi aydın olduqdan sonra Milli Şurada təmsil olunan bir sıra siyasi qüvvələrin ciddi müqavimətinə və pozucu fəaliyyətinə baxmayaraq, tarix elmləri doktoru, professor Cəmil Həsənlinin prezidentliyə namizəd kimi irəli sürülməsi və dəstəklənməsi nəticəsində müxalifət qüvvələri seçkilərdə iştirak etmək imkanının təmin olunması Müsavat Partiyasının birmənalı və təkidli mövqeyi nəticəsində mümkün olub.

“Ziyalıların seçki prosesində iştirak faizi, kütləvi aksiyalarda iştirak edənlərin sayı və digər amillər göstərdi ki, sadəcə demokratik qüvvələrin bir araya gəlməsi və vahid namizədin müəyyənləşməsi cəmiyyətdə köklü siyasi dəyişikliklərə nail olmaq üçün yetərli deyil, bunun üçün yeni üsullar və metodlar, fərqli mübarizə taktikasının seçilməsi zəruridir.

Müsavat Partiyası bunu nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən real siyasi qüvvələrlə müttəfiqlik və əməkdaşlıq müqavilələri bağlamaq, onlarla birgə yeni siyasi şəraitə uyğun olaraq həm Milli Şura daxilində, həm Milli Şuradan kənarda funksional əməkdaşlığın səmərəli yollarını birgə müzakirə etmək təklifini irəli sürdü.

Müsavat Partiyasının bu xoşməramlı təklifinə bəzi siyasi qüvvələrin adekvat olmayan reaksiyası, müttəfiqlik münasibətlərinin qurulmasından imtina edilməsi, əksinə müttəfiqlik təklif etdiyimiz bəzi qüvvələr tərəfindən Müsavat Partiyasına qarşı böhtan və təhqir kampaniyasına start verilməsi partiya strukturlarında böyük təəssüf və narahatlıqla qarşılanıb.

Müsavat Partiyasının Divanı yuxarıda qeyd olunanları nəzərə alaraq, prezident seçkiləri ilində və prezident seçkiləri ilə əlaqədar yaradılan Milli Şuranın bundan sonrakı fəaliyyətində Müsavat Partiyası üzvlərinin iştirakını məqsədəuyğun saymır. Müsavat Partiyası Milli Şurada fəaliyyət göstərən qüvvələrə uğurlar arzulayır və onlarla həm ikitərəfli, həm çoxtərəfli funksional əməkdaşlığa hazır olduğunu bəyan edir”, - deyə bəyanatda bildirilir.

Onu da bildirək ki, əslində Müsavat Partiyasının belə bir qərarı verəcəyi gözlənilən idi. Yəni artıq MÜTTƏFİQLƏR arasında körpülər yetərincə yanmışdı. Və belə körpülərin üzərində nəinki hansısa seçki prosesinə, hətta hansısa əlamətdar günlə bağlı tədbirə belə tədarük görmək imkansız idi.

Digər yandan, Müsavat partiyası funksionerlərinin və hətta başqan İsa Qəmbərin açıqlamalarından da partiyanın hansı qərarı verəcəyi anlaşılırdı. Yəni gözlənilirdi. Elə buna görə də hakimiyyət nümayəndələri belə hələ bir ay əvvəlindən «Müsavat Milli Şuradan gedəcək» deyərək əminliklə bəyanatlar verirdilər.

Bəlkə də buna görədir ki, keçmiş müttəfiqləri Müsavatı hakimiyyətlə separat danışıqlarda ittiham edirlər. Belə bir danışıq olubmu? Təbii ki, bunu kimsə sübutla ortaya qoya bilməz. Amma fakt faktlığında qalır və fakt ondan ibarətdir ki, Müsavat Milli Şuranı tərk etdi. İsa Qəmbər nəhayətdə bu qərarı verdi.

Xatırladaq ki, keçən ilin sonlarına yaxın «Azadlıq» radiosunun efirində qonaq olarkən İsa Qəmbər Milli Şuraya real münasibətini tam ortaya qoymuşdu və bildirdiklərindən də anlaşılırdı ki, Milli Şuradakı Müsavat təmsilçiliyi uzun sürməyəcək. Bunun ardından da Milli Şura var ikən İsa Qəmbər və onun heyəti ayrı-ayrı partiyalara əməkdaşlıq təklifləri etməyə başladı. Hər halda, bu zaman soruşula bilərdi ki, Milli Şura var ikən belə bir ayrıca görüşlərə nə ehtiyac var?

Bununla əslində Müsavat hansı niyyətdə olduğunu ortaya qoydu. Təbii ki, bəyanatda səbəb kimi göstərilən təhqirlər daha çox bəhanəyə bənzəyir. Çünki təhqirlər son günlərin işidir. Müsavat isə hələ 2-3 ay əvvəlindən Milli Şuranı tərk etmə yolunda irəliləyirdi.

Bundan əlavə, Müsavat başqanı İsa Qəmbər hələ prezident seçkiləri ərəfəsində belə partiyasının Milli Şuradakı mövqelərinin diskomfort olduğunu sezdirmişdi. Başqan hətta digər müxaliflərin yaxın buraxmadığı «Milli Şura Rusiyanın projesidir» ideyasını belə təkrarlamağa qədər getdi. Yəni belə bir şəraitdə Müsavatın hansı qərarı verəcəyi gözlənilirdi.

Bəs bundan sonra nə olacaq? Təbii ki, dünyanın sonu deyil. 2005-ci ilin parlament seçkilərindən sonra da müxalifət eyni qaydada söyüşərək ayrılmışdı. Təxminən bütün seçkilərdən sonra seçkilər ərəfəsində birləşən müxalifət parçalanıb. Bu faktdır. Yəni yeni birliklər olacaq.

Hələliksə Müsavata ənənəvi yandaş cırtdan partiyalarla vaxt öldürmək yolu görünür. AXCP isə ölmüş rüşeymdən başqa bir əhəmiyyət daşımayan Milli Şuranı və İctimai Palatanı yaşatmağa çalışacaq. Hətta növbəti seçkilərə qədər buna nail olmuş kimi davranacaq. Amma yekunu indidən bəllidir. Yenidən Müsavatın bir gözqamaşdırıcı təklifi ilə bu iki partiya birgə seçkilərə gedib, ayrılaraq təkrar yollarına davam edəcəklər.

Biz artıq buna öyrəşmişik. Amma bu o demək deyil ki, Azərbaycan cəmiyyəti bu Braziliya serialını sona qədər izləməlidir. Ssenaridə hadisələr təkrarlanırsa, üzücü olur, cənablar…

Geri qayıt